14 Iyun 2022 01:01
741
İDMAN
A- A+

Bakıya maraqla gəldik, sevgi ilə ayrılırıq

 

Turistlər "Formula-1"in həyəcanını yaşamaqla yanaşı, paytaxtımızın füsunkarlığına da heyran qalıblar

 

Ötən həftə Bakı "Formula-1" Azərbaycan Qran-prisinə evsahibliyini uğurla başa vurdu. Həftəsonu şəhər sürətlə şütüyən yarış avtomobillərinin səsinə bürünmüşdü. Tədbirin təşkili ilə pandemiyadan sonra paytaxtda ilk dəfə belə rəngarənglik hiss edilirdi.

Mərkəzi küçələrdə gəzərkən hər 5 nəfərdən 3-nün fərqli millətdən olduğuna şahidlik etmək mümkün idi. Hətta yarışın keçirildiyi vaxtda onların bir çoxu ilə digər tarixi və görməli yerlərdə də rastlaşdıq. Bu isə onu sübut edirdi ki, yarış əsas gəliş səbəbi olsa da, şəhərə duyulan sevgi onları daha yaxından tanışlığa sövq edib.

Ümumiyyətlə, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi inkişaf cığırına öz toxumlarını səpir. Gələn turistlər ölkə haqqında müfəssəl məlumatlarla geri dönür, xoş ovqatla keçirdikləri günlərdən bəhs edirlər. Bu xoş təəssüratları  isə biz növbəti şəhər sorğumuzda onların dilindən daha ətraflı öyrəndik.

 

"Final gününü unutmayacağıq"

 

Vlad və Robert Lisov, Rusiya:

- "Formula-1"ə atamla iki gün üçün bilet almışıq. Ən həyəcanlı anları isə düşünürəm ki, final günündə yaşadıq, bu günü heç zaman unutmayacağıq. Atamı yarışa gəlmək üçün məcbur etsəm də, artıq dünəndən gəldiyi üçün çox məmnundur. Yarışa məndən daha yüksək coşqu ilə azarkeşlik edirdi. Mənim tutduğum komandaya dəstək olmalı olduğunu desəm də, o, özünə bu yarışda başqa komandadan olan sürücünü seçmişdi. Hətta mənimlə mərcə də girmişdi. Şəhər isə tək sözlə mükəmməldir. Bakı mənim sevimli şəhərlərim sırasında yer aldı.

 

"Məşhur pilotları gördüyüm üçün çox şanslıyam"

 

Saşa Sova, Kipr:

- Yarışa baxmaq ayrı zövqdür, qarajları gəzmək isə başqa bir təəssürat bağışlayır. Pit zolağında gəzinti zamanı məşhur pilotların avtomobilləri ilə tanış olduq. Burada olarkən özümü çox şanslı hiss edirdim. Çünki Çarls Lekrek, Daniel Riçardo və s. kimi "Formula-1"in məşhur simaları ilə ilk dəfə idi ki, üz-üzə gəlirdim. Onlarla xatirə şəklimin olacağı isə buraya gəlməzdən əvvəl heç ağlımın ucundan belə keçməmişdi. Bundan əlavə, bu gəzintidə qarajdakı əfsanəvi maşınları dünya seyr etməzdən əvvəl ilk biz görmüş olduq.

Bir sözlə, "Formula-1"in 3 günündə də burada oldum. Deyərdim ki, heç bir gün digərinə bənzəmirdi. Şəhər öz işığını da yarışa yansıtmışdı.

 

"Bakıya səfərim ikiqat sürprizli oldu"

 

Kristina Klinepeter, ABŞ:

- Uzun müddətdir ki, professional karate ilə məşğul oluram. Bakıya səfərim də elə bu səbəbdən idi. Məşqçim məni keçirilən məşq və yarışlarda iştirak etmək üçün Bakıya dəvət etmişdi. Mən də həyat yoldaşımla birlikdə gəldim. Burada olduğumuz vaxtda yoldaşım Con "Formula-1"ə bir gün öncədən bilet alaraq yarışa gedəcəyimizi dedi. Mən çox təəccübləndim. Çünki adətən yarışları TV-dən izləyirdim və Con "Formula"ya olan sevgimi bilirdi.

Səfərim ikiqat sürprizli oldu. Final gününün əsl adrenalin və həyəcanını yerində, səsdən titrəyən tribunalarda yaşadım. Çox sevincliyəm ki, doğru qərarı verərək buraya gəlmişəm və çoxdandır ki, arzusunda olduğum yarışı və pilotları canlı görə bildim.

 

"Dəstəklədiyim komanda qalib gəldi"

 

Martin Villems, Belçika:

- Bakıya ikinci gəlişimdir. İlk dəfə 7 il öncə işimlə əlaqədar gəlmişdim. Bu illər ərzində şəhəriniz çox dəyişilib. Ətrafda hər şey dəyişilsə də, insanlar elə eyni qalıb. Eyni səmimiyyət, eyni qonaqpərvərliklə qarşılaşdım. Burada olmaqdan çox xoşbəxtəm. Məni xoşbəxt edən əsas nüans isə "Formula-1"in mənimçün uğurlu keçməsidir. Dəstəklədiyim komanda da qalib oldu.

 

"Hər dəfə gələndə yeniliklər kəşf edirəm"

 

Dmitri Vlahos, Yunanıstan:

 - "Formula-1"in sadiq azarkeşlərindənəm. Demək olar ki, getmədiyim yarış yoxdur. Bakını çox sevirəm və bəyənirəm. Şərq və Qərb mədəniyyətini özündə birləşdirməklə insanı valeh edir. Hər dəfə gələndə özüm üçün yeni yerlər və dadlar kəşf edirəm. Azərbaycan qədim tarixə malik olduğu üçün hələ çox tarixi məkanlar görüb, müxtəlif yeməklər dadacağam. Yarışın hər üç gününə bilet almışdım. Bəyəndiyim komanda məğlub olsa da, əsla əhvalımı pozmuram, onların gələn il qalib gələcəyinə ümid edirəm.

 

"Sanki şəhərdən şəhərə səyahət etmişik"

 

Demir Cantaş, Türkiyə:

- Azərbaycana dostlarımla gəlmişəm. Yarış və onunla bağlı bütün tədbirlər yüksək səviyyədə təşkil olunub. Bu, hər addımda, hər baxışda hiss edilir. Burada özümüzü qətiyyən yad hiss etmirik. Sanki ölkədən ölkəyə deyil, şəhərdən şəhərə səyahət etmişik. Doğma, qardaş olduğumuzu hər addımımızda bizə hiss etdirirlər.

Başıma maraqlı bir hadisə də gəldi. Gəldiyim ilk gün fotoaparatımı Türkiyədə unutduğumu gördüm, çox heyfsiləndim. Bunu eşidən qaldığımız hotelin administratoru dərhal öz fotoaparatını gətirdi. Keçirdiyim hissləri sizə izah edə bilmərəm. Göstərilən bu diqqət məni çox duyğulandırdı. Yaxşı ki, varsınız.

 

"Səfərdən çox razı qaldıq"

 

Dina Haugen, Norveç:

- "Formula-1" yarışını izləməyə valideynlərimlə gəlmişəm. Yarışın final günü gəldiyimiz üçün çox yeri görə bilməmişəm. Hələ üç gün buradayıq. Uzun bir siyahı hazırlamışam. Yarış artıq bitdiyi üçün gəzməyə vaxt ayıra bilərik. Sabah səhər ilk olaraq Qız qalasına və onun yaxınlığındakı muzeylərə getməyi planlaşdırırıq. Səfərimizdən çox razı qaldıq, buradan xoş təəssüratlarla ayrılacağıq. Hər şey yüksək səviyyədə təşkil edilmişdi.

Diqqət etdiyim və çox önəm verdiyim digər bir məqam isə təhlükəsizlik tədbirlərinə xüsusi nəzarət yetirilməsi idi. Elə bu baxımdan da özümü çox rahat hiss etdim.

 

"Bakıya səfərim ilk olsa da, sonuncu olmayacaq"

 

Oleq Zubçov, Rusiya:

- Biz beş dost Bakıya gəlmişik. Uzun illər bundan öncə elə "Formula-1"də tanış olmuşuq. O gün bu gündür hər il "F-1" çərçivəsində ən azı üç ölkəyə getməyə çalışırıq. Builki yarışları Monako və Azərbaycanda seyr etdik. Hər iki ölkədən məmnun qalsaq da, Azərbaycan gözəlliyi və ecazkarlığı ilə bizi bir başqa heyran etdi.

Mən "Red Bull" komandasının pilotu Serxio Peresə azarkeşlik edirəm. Onun bu gün qaliblər arasında olması məni çox sevindirdi. Bakıya ilk dəfədir gəlirəm, əminliklə deyə bilərəm ki, sonuncu olmayacaq. Yeməklərinizi xüsusilə bəyəndim. Plov favoritimdir.

 

"Növbəti illərdə qadınların da yarışda iştirakına ümid edirəm"

 

Molina Alonso, İspaniya:

- "Formula-1"in sadiq azarkeşlərindənəm. Çoxları bunu eşidəndə təəccüblənir. Nəyə görəsə qadının yarış maşınlarına marağı, sürət və adrenalin sevgisi insanlara qəribə gəlir. Mənə isə "F-1"də nə üçün hələ də qadın sürücülərin olmaması maraqlıdır. Ümid edirəm ki, qarşıdakı illərdə trekdə həmcinslərimin performasına tamaşa edəcəyik.

Bakıya ilk dəfə gəlsəm də, çox bəyəndim. Hətta dünən vaxt tapıb rəfiqələrimlə Bilgəh çimərliyinə də getdim. Günəş, qum, dəniz bizi məftun etdi. Şirniyyatlarınızı çox sevdim. İspaniyaya qayıdarkən mütləq valideynlərim üçün onlardan da pay aparacam.

 

"Diqqətimi ilk dəfə şəhərin milli memarlıq üslubu cəlb etdi"

 

Robert James, İngiltərə:

- Adətən, səyahətləri atamla birlikdə edirik. Budəfəki səfərimizi Azərbaycana etdik. Hər ikimiz ilk dəfədir ölkənizə gəlirik. Təyyarədən endiyim andan Bakıya valeh oldum. İxtisasca memar olduğum üçün diqqətimi ilk dəfə şəhərin milli memarlıq üslubu cəlb etdi. "Formula-1" yarışlarından iki gün əvvəl gəldiyimiz üçün gəzməyə, muzeylərlə, qədim və yeni tikililərlə tanış olmağa yetərincə vaxtımız vardı. Ən bəyəndiyim isə Alov qüllələri oldu. Onun daxili və xarici dizaynı arasındakı həmahəngliyini, inşasının mürəkkəb quruluşunu çox bəyəndim. Bakıya maraqla gəldik, sevgi ilə ayrılırıq.

Turistlərin səmimi və şən simalarından hər şey aydın idi. Bakı onlara istiqanlılıqla qucaq açmış, onlar da şəhərimizdən məxsusi bir sevgi ilə ayrılırdılar. Növbəti dəfə Azərbaycan böyük bir beynəlxalq tədbirin təşkilatçılığını etdi və hər kəsi məmnuniyyətlə qəbul edib yola saldı.

 

Ülkər XASPOLADOVA,

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video