12 Avqust 2022 01:32
267
İQTİSADİYYAT

Bakıətrafı kənd və qəsəbələr də paytaxtımızın imicinə layiq görkəm alır 

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu il avqustun 8-də Bakının Qaradağ rayonundakı Qızıldaş, Qobustan, Lökbatan və Sahil qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün nəzərdə tutulan 5,3 milyon manat vəsaitin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması barədə sərəncam imzalamışdır.
  Mahiyyət etibarı ilə bu, dövlət başçısının, demək olar ki, ayda bir neçə dəfə imzaladığı sərəncamlarından biridir. Amma Prezidentin rəsmi səhifəsində dərc olunan bu sərəncamları geri vərəqlədikcə onların paytaxtın bütün rayonlarını əhatə etdiyini və bir qayda olaraq, şəhərin mərkəzi ilə Bakıətrafı yaşayış məntəqələri arasında bir vəhdət, harmonik inkişaf yaratmağa səmtləndiyini görürük. 
Cari il iyul ayının 28-də Prezident  eyni məzmunlu sərəncamı ilə paytaxtın Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması üçün  3 milyon, iyunun 27-də isə  Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə  7,5 miyon manat vəsait ayırmışdır. Bu vəsait hesabına həm yuxarıda adları çəkilən rayonların müxtəlif yaşayış məntəqələrində, həm də Sabunçu rayonunun Bakıxanov, Kürdəxanı, Maştağa, Ramana və Sabunçu qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işləri davam etdiriləcək. 
Hamımız onun şahidiyik ki, Bakı unikal və nadir memarlıq abidələri ilə zənginləşərək dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, milyonlarla insanın qəlbini sevindirmişdir. Bu dəbdəbəli möhtəşəm memarlıq abidələri ölkənin paytaxtında ucaldıqca dövlət başçısı eyni qayğıkeşlik və məhəbbətlə şəhərin həm daxili yollarının, həm də Bakıətrafı yaşayış məntəqələrinin simasını da dəyişməkdədir. İndi ölkənin baş şəhərini milyonlarla əcnəbi necə sevirsə, necə dünyanın ən uzaq nöqtəsindən uçub bura gəlirsə, eləcə də tədricən öz simasını dəyişən şəhərətrafı kənd və qəsəbələr daha çox insanın diqqətini özünə çəkir. Yeni turist marşrutları paytaxtın mərkəzindən Abşeron yarımadasının qədim yaşayış məskənlərinə sarı yol açır. 
Artıq əsrlərdir ki, Abşeron yarımadasında 32 kənd paytaxtı üzük qaşı kimi əhatəyə alıb və onun həyatında mühüm rol oynayır. "Bakı kəndləri" ifadəsi adətən XIX əsrin sonlarında Abşeron yarımadasında gedən sənayeləşməyə qədərki yaşayış məntəqələrinə işarə etsə də, əslində, paytaxtın sözügedən ənənəvi kəndlərinin sayı həmişə 32-dən çox olub. Hələ Bakıda neft fəvvarə vurmamışdan xeyli əvvəl -  1813-cü ildə onu əhatə edən kəndlərin sayı 37 olmuşdu. Çar Rusiyasının 1850-ci ilin dövlət sənədlərində isə bu rəqəm 40-a çatmışdı. Sonralar onların üzərinə Göradil, Ləş, Şüvəlan və Pirəküşkül kəndləri də əlavə olunmuşdur. Artıq 2018-ci il statistikasında Bakı şəhəri inzibati ərazisi daxilində 59 qəsəbənin olduğu göstərilir. Ümumiyyətlə, Bakıətrafı kəndlərin qədim, maraqlı və zəngin tarixinin, unikal memarlıq abidələrinin qorunub saxlanılması, yolların bərpa edilməsi bütünlükdə Abşeron yarımadasının tarixini bərpa edir, ona möhtəşəm bir gözəllik bəxş edir. 
 Bu ona görə belədir ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Bakının və onun ətraf kəndlərinin abadlaşmasını, yol infrastrukurunun yenilənməsini və memarlıq abidələrinin bərpasını qarşıya məqsəd kimi qoymuşdur. Dövlət başçısı İlham Əliyev təkcə Bakının, onun kənd və qəsəbələrinin simasını dəyişməmişdir. Prezident apardığı islahatlarla, Azərbaycan Ordusu ilə birlikdə düşmən üzərində qazandığı möhtəşəm qələbə ilə ölkədə hər bir insanın şüurunu da  dəyişmişdir. Biz artıq 30 illik işğalın mənəvi əzablarından sarsılan xalq deyilik. Düşmənlərimizin və bütün dünyanın təsəvvür etdiyindən daha qüdrətli və daha möhtəşəm xalqıq. Dövlət başçısının istənilən sahədə həyata keçirdiyi islahatlar, nəhəng quruculuq işləri  bir tərəfdən sırf iqtisadi islahatlara köklənsə də, digər tərəfdən dövlətçilik ənənələrinin güclənməsinə, milli mənəvi dəyərlərin və milli özünüdərkin yeni məzmunda qavranılmasına xidmət edir. 
Təxminən 10 il əvvəl tələbəlik dostum, "İzvestiya" qəzetinin keçmiş baş redaktoru Vitali Abramov Rusiyanın məşhur jurnalistlərinin nüməyəndə heyətinin tərkibində Prezident İlham Əliyevlə görüşə gəlmişdi. Onunla işlərini başa vurduqdan sonra axşam tərəfi görüşdük, gecə yarısınadək şəhəri gəzdik, dənizkənarı bulvarı dolaşdıq, hətta şəhərdən kənara baş çəkdik. Qəribə bir söz dedi: "Mən dünyanı çox gəzmişəm, sizdən neftlə daha zəngin olan ölkələr görmüşəm. Amma orada neft pulları hiss olunmur. Sizin ölkədə hayana getsən orada neft pulları görünür. Ucaltdığınız abidələr, binalar, saldığınız yollar sabah sizin imicinizə, nüfuzunuza işləyəcək". 
Aradan 10 ildən artıq vaxt keçib. Zaman bizim xeyrimizə işləyir. Biz fərqli və əsrarəngiz bir ölkənin vətəndaşlarıyıq. Paytaxtımıza gəldikdə, onun gələcəyi ilə bağlı Prezident hələ 2019-cu ildə belə demişdi: "...şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu ilk növbədə vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq".

 

Bahadur İMANQULİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video