21 May 2022 00:58
875
İQTİSADİYYAT
A- A+

Bakı yüksək texnologiyalar mərkəzinə çevrilir

 

"Teknofest Azərbaycan" festivalına sayılı günlər qalır

 

Respublikamız növbəti mötəbər beynəlxalq tədbirə hazırlaşır. Mayın 26-29-da Bakıda Türkiyənin ən böyük texnologiya festivalı olan "Teknofest" əsasında "Teknofest Azərbaycan" festivalı keçiriləcək. Festival "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində təşkil olunacaq.

 

Aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyatın təbliğinə xidmət edən təşəbbüs

 

"Teknofest" "Türkiyə Texnologiya Komandası" və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən keçirilir. Beynəlxalq brendə çevrilən "Teknofest"in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye və rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Azərbaycan ilk dəfə 2021-ci ildə "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər.

Bu il isə "Teknofest" festivalı ilk dəfə olaraq Türkiyədən kənarda - Azərbaycanda keçiriləcək. Tədbirin Bakıda təşkil olunması Azərbaycanla Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

 

Yarışlar 10 müsabiqə üzrə keçiriləcək

 

Bakının evsahibliyi edəcəyi "Teknofest Azərbaycan" mühüm tədbirlərlə zəngin olacaq. Festivalda yarışlar "Robotexnika", "Yaşıl texnologiyalar (GreenTech)", "Aqrar texnologiyalar (AgriTech)", "Pilotsuz uçuş aparatları (PUA)", "Həvəskar peyk modelləşdirilməsi", "Sosialyönümlü texnologiyalar", "Smart Qarabağ" Hakatonu, "Rlaner", "Baku Skills", "Rocket League" oyunu üzrə Avropa kuboku daxil olmaqla, 10 müsabiqə üzrə keçiriləcək.

"Robotexnika" müsabiqəsi insana gündəlik həyatda faydalı olan və ya istehsalatda işinin müəyyən bir hissəsini yerinə yetirən, hətta əyləncəyə çevrilə bilən robotların dizaynını hədəfləyir.

"Yaşıl Texnologiyalar (GreenTech)" müsabiqəsi bərpaolunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların təşviqi, cari texnologiyaların təkmilləşdirilməsi, təbii sərvətlərdən ehtiyatlı istifadə və gələcək nəsillərə ötürülməsini təmin edən, həmçinin sıfır tullantı hədəfinin həyata keçirilməsini asanlaşdıracaq texnologiyalar üzrə mövzuları əhatə edir.

"Aqrar texnologiyalar (AgriTech)" müsabiqəsi "Əşyaların interneti" və süni intellekt kimi texnoloji həllərin tətbiqi ilə meyvəçilik, tərəvəzçilik və heyvandarlıq sahələrində məhsuldarlığın artırılmasına, eləcə də su resurslarından səmərəli istifadəyə yönəlmiş layihələr arasında keçirilir.

"Pilotsuz uçuş aparatları (PUA)" müsabiqəsinin şərtlərinə əsasən, komandalar tərəfindən uçuş aparatı dizayn edilir. Müsabiqədə komandalara özlərinin dizayn etdikləri PUA-ları nümayiş etdirmək şansı verilir.

"Həvəskar peyk modelləşdirilməsi" üzrə müsabiqə kosmik sahəyə marağın artırılması və bu sahədə fundamental bilik və bacarıqları formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Bu müsabiqədə qarşıya qoyulan tapşırıqlar elektronika, mexanika, proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri və təcrübi biliklərin tətbiqinə və inkişafına şərait yaradır.

"Sosialyönümlü texnologiyalar" müsabiqəsi fərdlərin öz sosial məsuliyyət məlumatlılığı ilə texnoloji bilik və təcrübələrini inteqrasiya edərək cəmiyyət üçün faydalı layihələr ərsəyə gətirmələrinə dəstək olmaq məqsədini daşıyır. İnsan həyatına təsir edən bütün sahələrdə innovasiya və texnoloji inkişafla tətbiq olunacaq layihələrin hədəfində faydalılıq, cəmiyyətə töhfə vermək dayanır.

"Smart Qarabağ" Hakatonu ilə Qarabağın dirçəliş proqramında yaxından iştirak etmək istəyən və "ağıllı şəhər" konsepsiyasına dair innovativ layihələri olan tələbələr, startaplar və sahibkarlar üçün unikal təqdimat imkanı yaradılır. Hakaton təhsil, kənd təsərrüfatı, nəqliyyat, ev təsərrüfatı, enerji sərfiyyatı, su sərfiyyatı, ətraf mühit və təhlükəsizlik sahələrini əhatə edir.

"Planer" müsabiqəsi gənclərin təyyarə modeli hazırlamasına və təyyarə konstruktoru qabiliyyətinin inkişafına yönəldilib.

"Baku Skills" müsabiqəsi iştirakçıların 3D çap texnologiyasından istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Müsabiqədə iştirakçıların 3D printerlərdən istifadə etməklə yaratdığı layihələrdə onların təsəvvür qabiliyyəti və dizaynlarını realizə bacarıqları yoxlanılır.

"Rocket League" oyunu isə populyar videooyunlar üzrə gənclər arasında keçirilən çempionatdır.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulur.

 

Festival gənclərin yüksək texnologiyalara marağının artmasına təkan verəcək

 

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin "Türk Ulduzları" və "Solo Türk" aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. nümayişlər daxildir.

"Teknofest Azərbaycan" tarixdə təkcə texnoloji yeniliklərin nümayişi deyil, eyni zamanda Azərbaycanın öz gücünü dünyaya yeni formada təqdim etdirməsi fürsəti kimi qalacaq. Tədbir respublikamızın inkişaf modelinin mühüm məqamlarının tanıdılması üçün böyük fürsət yaradacaq.

Bunlarla yanaşı, festival gənclərimizin yüksək texnologiyalara  marağının artmasına təkan verəcək. "Teknofest" həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video