25 Yanvar 2022 13:29
956
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbində ITACA Təlim və Tədqiqat Mərkəzi açılıb

 

Bakı Ali Neft Məktəbində (BANM) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ITACA Təlim və Tədqiqat Mərkəzinin açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə, Bakı Dövlət Universitetinin rektorunun müşaviri Əli Nağıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev çıxış ediblər.

Tədbirə onlayn qoşulan layihə koordinatoru professor Luca di Palma ITACA layihəsi barədə məlumat verib. O bildirib ki, açılışı keçirilən mərkəz ITACA layihəsinin əsas məqsədidir. “İlkin versiyasının hazırlanmasından indiyədək layihə Avropa İttifaqı və Azərbaycan ali təhsil müəssisələri arasında innovasiyalar və faydalı təcrübələrin mübadiləsi üzrə əməkdaşlıq, həmçinin Azərbaycanın bütün təhsil sistemi üçün vacib bir mərhələ kimi qiymətləndirilib”, - deyə professor Luca di Palma qeyd edib.

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov deyib ki, ITACA layihəsi Azərbaycanın Avropa İttifaqı ilə həyata keçirdiyi ən mühüm təhsil layihələrindən biridir.

Rektor ən qabaqcıl texnologiyalar ilə təmin edilmiş bu mərkəzin ITACA layihəsi çərçivəsində Azərbaycanda neft və qaz hasilatı nəticəsində mənfi təsirlərə məruz qalan torpaq və suyun təmizlənməsi, tullantıların idarə olunması məqsədilə yaradıldığını bildirib. Mərkəzdə tərəfdaş universitetlərin gənc magistr və doktorantlarının tədqiqatlar aparacağı barədə məlumat verən rektor diqqətə çatdırıb ki, mərkəzin avadanlıqlarının maliyyə dəyəri 300 min avro məbləğindədir. E.Qasımov dünyadakı ekoloji problemlər fonunda bu cür laboratoriyaların yaradılmasının vacibliyini vurğulayıb. “ITACA Təlim və Tədqiqat Mərkəzi ölkəmizin aktiv fəaliyyət göstərən laboratoriyalarından biri olacaq. Mərkəzdə Avropa təhsil sisteminə əsaslanmış innovativ tədris metodologiyası və müasir tədris proqramı ilə bu istiqamətdə fəaliyyət göstərəcək gənc mütəxəssislərin hazırlanması da nəzərdə tutulub. Laboratoriya 4 istiqamətdə fəaliyyət göstərəcək. Birinci istiqamət “Ətraf mühitin xarakterizə edilməsi və təhsil laboratoriyası” istiqamətidir ki, burada Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri tədqiqat aparacaqlar. “Karbohidrogenlər və ağır metallarla çirklənmiş torpağın təmizlənməsi” istiqamətində Bakı Mühəndislik Universitetinin mütəxəssisləri çalışacaqlar. “Neft və qaz hasilatı ilə çıxarılan suyun təmizlənməsi istiqaməti”ndə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mütəxəssisləri fəaliyyət göstərəcəklər. Bakı Ali Neft Məktəbinin fəaliyyət istiqaməti “Dəniz suyu və torpaqda neftin deqradasiyası” üzrə nəzərdə tutulub”, - deyə rektor bildirib.

Təlim və Tədqiqat Mərkəzinin əhəmiyyətini vurğulayan nazir Muxtar Babayev mərkəzin Azərbaycanda ekoloji təmizlənmə prosesində iştirak edən şirkətlər üçün biznes layihəsi olaraq da xidmət göstərməsini təklif edib. “Laboratoriyada tədqiqatların aparılması çox vacibdir. İnanıram ki, laboratoriya dövlətə, xalqa böyük fayda gətirəcək, həm ali məktəblər, həm biznes qurumları üçün səmərəli olacaq. Nazirlik olaraq layihənin inkişafı üçün lazımi dəstək göstərməyə hazırıq”, - deyə M.Babayev qeyd edib.

Çıxış edən tərəfdaşlar ITACA Təlim və Tədqiqat Mərkəzinin ali məktəblər və sənaye üçün əhəmiyyətli olduğunu, elmi tədqiqatlara böyük fayda gətirəcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, ITACA Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+ KA2” ali təhsildə potensialın qurulması proqramı çərçivəsində idarə olunan layihədir. BANM layihənin tərəfdaşlarından biri, həmçinin ITACA Təlim və Tədqiqat Mərkəzinin ev sahibidir.

ITACA layihəsi İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu və konsorsium üzvləri Danimarkanın Aalborg Universiteti, İspaniyanın Granada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın “Argus Umweltbiotechnologie GmbH” şirkəti, Azərbaycandan Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, “Azecolab” və “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu ilə birgə idarə olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video