21 Sentyabr 2022 00:49
1153
SİYASƏT
A- A+

Azərbaycanın mövqeyi qəti və dəyişməzdir

 

Vətən müharibəsinin yaratdığı reallıqlara qarşı çıxmaq cəhdləri nəticə etibarilə Ermənistanı sürətlə məhvə sürükləyir

 

BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.  Fikir ayrılıqlarının diplomatiya yolu ilə həllinin davamlı sülhə aparan yol olduğunu bildirən Antoni Blinken Birləşmiş Ştatların bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazır olduğunu qeyd edib. 

 

Vaşinqtonun faydasız addımları

 

Təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına xidmət edən, problemlərin danışıqlar yolu ilə həllinə yol açan istənilən obyektiv və ədalətli təklif təqdirəlayiqdir. Bu baxımdan ABŞ Dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüş də ilk baxışdan sülhün əldə olunmasına yönəlmiş təşəbbüs təəssüratı yaradır. 
Xüsusən bu görüşün bir neçə gün əvvəl dövlət sərhədində Ermənistanın təxribatları ilə əlaqədar baş vermiş hərbi toqquşmadan sonraya təsadüf etməsi Vaşinqtonun ziddiyyətlərin danışıqlar masası ətrafında yoluna qoyulmasına tərəfdar olduğu görüntüsünü  ortaya qoyur.
Proseslərin sonrakı gedişatı ABŞ-ın bu məsələdə nə qədər səmimi olduğunu göstərəcək. Lakin tarixi təcrübə, eləcə də Vətən müharibəsindən sonrakı proseslər və son günlərdə baş verənlər Azərbaycan cəmiyyətində ABŞ-la bağlı konkret rəy formalaşdırıb. Bu da ondan ibarətdir ki, Vaşinqton artıq həllini tapmış Dağlıq Qarabağ məsələsində ədalətli olmayıb.
Hələ Vətən müharibəsinə qədər ABŞ rəhbərliyinin artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu mövqe problemi həll etməkdən çox uzaq olub. ABŞ rəsmiləri problemin danışıqlar yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini bildiriblər. 44 günlük müharibədən sonra ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədri kimi də ABŞ-ın fəaliyyəti bu mövqeyə əsaslanıb. Lakin Azərbaycanın beynəlxalq konvensiya və sənədlərlə təsbit edilmiş hüquqları məlum olsa da, bütün beynəlxalq təşkilatlar və dövlətlər Qarabağı Azərbaycan ərazisi kimi tanısa da, ABŞ istər Minsk qrupunun həmsədri, istərsə də qlobal siyasi proseslərdə güclü mövqeyi olan bir dövlət kimi problemin ədalətli yolla həll olunmasına heç vaxt dəstək verməyib. Vaşinqton daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra edilməsində heç vaxt qətiyyət göstərməyib. 
Azərbaycan ərazilərinin uzun illər işğal altında qalmasının əsas səbəbi də məhz bu idi və təsadüfi deyil ki,  bütün bunlar ABŞ-ın ikili standartlardan çıxış edən dövlət təəssüratını formalaşdırıb.

 

Ömrünü başa vurmuş Minsk qrupunu canlandırmaq cəhdi əbəsdir

 

ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın edə bilmədiklərini İkinci Qarabağ müharibəsində Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib, Dağlıq Qarabağla probleminə son qoyub. 30 ilə yaxın müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk qrupunun fəaliyyətinə də bundan sonra ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra bu missiya faktiki olaraq dayanıb. 
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına gəldikdə, danışıqlar ötən ilin dekabrından "Brüssel formatı" çərçivəsində davam edib. Və bu formatda aparılan danışıqlar, müzakirə olunan məsələlər iki dövlət arasında sülhün təmin edilməsi, regionda kommunikasiyaların yaradılması və üçtərəfli bəyannamələrlə Ermənistanın üzərinə götürdüyü digər öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Yəni bu danışıqlarda artıq "Dağlıq Qarabağ" müzakirə olunmur, bu ifadə, ümumiyyətlə, işlədilmir, Minsk qrupunun adı çəkilmir. Görünən odur ki, müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar Avropa İttifaqı tərəfindən də qəbul edilir.
ABŞ bu danışıqlara dəstək verdiyini gizlətməyib. Məsələn, bu il aprelin 5-də Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.
Bununla belə, ABŞ-ın zaman-zaman Minsk qrupunun fəaliyyətini canlandırmağa cəhd etməsi qəbuledilməzdir və heç bir halda regionda sülhün əldə olunmasına xidmət etmir. Tarixin arxivinə göndərilmiş Minsk qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub. Bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən bununla bağlı bildirilib: "Faktiki olaraq fəaliyyət göstərməyən Minsk qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir".
Əlbəttə ki, bu kimi reallıqlara cavab verməyən addımlar ABŞ-ın Vətən müharibəsinə qədər ortaya qoyduğu fəaliyyətin analogiyasını təşkil edir, Vaşinqtonun qeyri-səmimi mövqeyindən xəbər verir. 

 

Nensi Pelosinin təxribatı ABŞ-ın nüfuzunu bir daha zədələdi

 

ABŞ-ın bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində təşəbbüslərinin səmimiliyini şübhə altına salan başqa bir məqam ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bir neçə gün əvvəl Ermənistana səfəri zamanı verdiyi açıqlamadır.
Məlum olduğu kimi, Nensi Pelosinin bir müddət əvvəl Tayvan regionuna səfəri qızışdırıcı məqsəd daşımaqla, regionda vəziyyəti xeyli gərginləşdirmişdi. Rəsmi Pekin N.Pelosinin ABŞ Nümayəndələr Palatasının rəhbəri olduğunu əsas götürərək, onun Tayvana səfərini böyük siyasi təxribat kimi xarakterizə etmişdi.
Beləliklə, Tayvan regionuna provokativ səfər edən N.Pelosi bu dəfə eyni missiya ilə Ermənistana səfər etdi. Əslində bu, sıradan bir səfər kimi nəzərdən də keçirilə bilərdi, əgər N.Pelosi bölgədəki vəziyyəti təhrif edən açıqlama ilə çıxış etməsəydi. Onun tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamlar qəbuledilməzdir. 
Azərbaycan bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında qətiyyən maraqlı deyil. Bu baxımdan Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etmək tamamilə əsassızdır və cəfəngiyyatdan başqa bir şey deyil. Eyni zamanda Ermənistan hələ də Qazaxın yeddi kəndini işğal altında saxlayır və Azərbaycanı ittiham edən N.Pelosinin bu kimi faktları görməzdən gəlməsi və Azərbaycanı ittiham etməsi ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflətdi.

 

Azərbaycan maraqlarını qətiyyətlə təmin edir

 

ABŞ və eləcə də Fransa münasibətlərin normallaşdırılmasının qarşısını alan bu cür təxribatçı addımlar atmaqdansa, Brüssel gündəliyini dəstəkləsələr daha səmimi olarlar, regionda sülhün təmini üçün töhfə verə bilərlər. Amma görünən odur ki, Vətən müharibəsinə qədər öz mövqeləri ilə əslində Ermənistanın işğal siyasətinə dəstək verən bu dövlətlər indi Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə, uğur qazanmasına imkan vermirlər. Avqustun 31-də Brüsseldə keçirilən görüşdən sonra Ermənistanın sülh gündəliyindən imtina etməsi və təxribatlara əl atması bunu təsdiq edir. Bu siyasi mərkəzlər bir tərəfdən Minsk qrupunu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız və mənasız ümidlər verirlər. Bu fonda onların Şarl Mişelin və Avropa İttifaqının fəaliyyətinə geosiyasi qısqanclıqla yanaşdıqları da aydın görünür.
İstər N.Pelosinin açıqlamasından, istər  fəaliyyətini dayandırmış Minsk qrupunun canlandırılması cəhdlərindən, istərsə də Fransanın BMT TŞ-də sərhəd toqquşmasını gündəliyə gətirməsindən sonra Azərbaycan ABŞ və Fransaya etibar edə bilməz.  Azərbaycan öz maraqlarını qətiyyətlə təmin edir və edəcək. Müxtəlif provokasiyalarla alternativ gündəlik yaratmaq cəhdləri isə nəticə etibarilə Ermənistanı sürətlə məhvə sürükləyir. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video