02 Dekabr 2021 00:28
654
İQTİSADİYYAT
A- A+

Azərbaycanın islahat modeli nümunəvi innovativ təcrübə kimi qəbul olunmuşdur

 

Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar konseptual işlək model kimi dəfələrlə qlobal miqyasda müsbət qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Aparılan islahatların dayanıqlılığının və davamlılığının bariz nümunəsi olaraq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycanda dizayn edilən və gerçəkləşdirilən “İqtisadi İslahatların İdarəedilməsi Modeli”ni qlobal miqyasda nümunəvi innovativ təcrübə olaraq rəsmi platformasında göstərmişdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) bu mövzuya həsr edilmiş konfrans keçirilmişdir.

Qeyd edək ki, OECD demokratiya və bazar münasibətli iqtisadiyyat prinsiplərini qəbul edən inkişaf etmiş ölkələri özündə birləşdirən nüfuzlu beynəlxalq təşkilatdır. 1961-ci ildə yaradılan bu qurumun 36 üzvü var. OECD-yə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir, təşkilatın özü isə rəsmi BMT müşahidəçisidir. Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyi ilə maliyyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan dərin və kompleks iqtisadi islahatlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qlobal miqyasda təsdiq olunmuş və Azərbaycan dünyanın ən islahatçı ölkələrindən biri kimi qəbul edilmişdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Azərbaycandakı “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin nümunəvi innovativ təcrübə kimi rəsmən qəbul olunması hamımıza qürur bəxş edən vacib amildir.

İİTKM-nin ekspertləri belə hesab edirlər ki, qurumun Azərbaycan iqtisadi modelinə verdiyi yüksək qiymət ölkəmizin beynəlxalq imicini daha da yaxşılaşdıracaq, investor inamını artıracaq, beynəlxalq və regional miqyaslı layihələrin həyata keçirilməsində mövqelərimizi nəzərəçarpacaq dərəcədə gücləndirəcək. V.Qasımlı deyir: “Bu həm də postkonflikt quruculuğu və regional inkişafda Azərbaycanın aparıcı roluna əlavə bir stimuldur”.

İİTKM-nin Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri Ayaz Müseyibova görə, “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin innovasiya təbiəti kimi çeviklik, məsuliyyətlilik, inklüzivlik, proqnozlaşdırma və qlobal istifadəni özündə birləşdirən xüsusiyyətləri nümunəvi təcrübə olaraq müsbət qarşılanmışdır. OECD-nin müvafiq platformasında ən yaxşı innovativ layihələr yayımlanır və burada əsas üstünlük Böyük Britaniya, Kanada və ABŞ kimi ölkələrə məxsusdur. Bu baxımdan iqtisadi islahatların ən nüfuzlu təşkilatlardan biri olan OECD tərəfindən innovativ təcrübə kimi qəbul edilməsi ölkəmizin günbəgün yüksələn nüfuzunun daha da artmasına xidmət edəcəkdir.

 “İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin OECD-yə nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi üçün 2019-cu ildən müvafiq qurum ilə danışıqlar və müzakirələr aparılmış, bunun nəticəsi olaraq model OECD-nin “Dövlət Xidmətlərində İnnovasiyaların Observatoriyası” platformasında nümunəvi innovativ təcrübə kimi rəsmi olaraq yayımlanmışdır. OECD-nin rəsmi platformasında yayımlanan məlumatlarda modelin vətəndaş və biznes mərkəzli dövlət xidmətlərinin layihələndirilməsi və çatdırılması, islahatların aparılmasında əldə olunan nailiyyətlər təqdim edilmişdir. Model haqqında məlumatlar portalda ətraflı və strukturlaşdırılmış formada verilmişdir. Əlavə olaraq, model haqqında ümumi məlumatlar göstərilmiş və nümunəvi innovativ təcrübə kimi “azranking.az” portalında 19 işçi qrupu arasında kommunikasiyanın mərkəzləşdirilməsi məqsədi ilə “Rəqəmsal Kommunikasiya Platforması”nın yaradıldığı və digər vacib məlumatlar göstərilmişdir.

“İqtisadi İslahatların İdarəedilməsi Modeli”nin kommunikasiya platforması kimi ictimaiyyətdən asanlıqla rəy və ideya qəbul etməyə açıq olması, islahatlarla bağlı qərarların qəbulu üçün analitik informasiya dəstəyi aparılmasını asanlaşdırmaq məqsədilə bençmarkinq alətinin mövcudluğu, institusional çərçivə əsasında qurumlar arasında idarəetmə qabiliyyətinin artırılması, əməkdaşlıq və vahid kommunikasiya mənbələrindən istifadə imkanları kimi innovativ özəlliklər barəsində ətraflı məlumatlar qeyd edilmişdir.

Müvafiq model çərçivəsindəki proseslərin implementasiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası tərəfindən birgə həyata keçirilmişdir.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video