05 Iyul 2022 00:46
1182
SİYASƏT

Azərbaycanın baş tikinti meydanı

 

İlham Əliyev bir güllə atılmadan düşməndən geri aldığı Kəlbəcəri dünyanın ən möhtəşəm məkanlarından birinə çevirir

 

Yolumuz yenə zirvələrədir...

İllərlə həsrətini çəkdiyimiz bənzərsiz mənzərəsi, sərin yaylaqları, buz kimi bulaqları, başıqarlı dağları və hər zaman qonaqlı-qaralı olan Kəlbəcərə gedirik...

Hər tərəfi yamyaşıl örpəyə bürünən dağların ecazkar mənzərəsinə tamaşa edə-edə Hacıkənddən, Toğanadan keçib Azərbaycanın ən strateji nöqtələrindən sayılan Murovdağ silsiləsinə, 3260 metr hündürlükdəki məşhur Ömər aşırımına çatırıq. Bura sanki yerlə göyün birləşdiyi məkandır. Adama elə gəlir ki, əlini bir anlıq havaya qaldırsan buludlara toxunacaqsan. Əsrarəngiz mənzərəyə tamaşa etməkdən doymaq olmur və baxdıqca gözünü çəkmək istəmədiyin dumana bürünüb dalğalanan dağlar insanın qəlbini riqqətə gətirir. Aşırımın bəri üzü Göygölə, qarşıdakı dağlar isə Kəlbəcərə aiddir...

 

Dünyanın ən uzun tunellərindən biri

 

Bu bir həqiqətdir ki, hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Müharibədən ötən müddət ərzində bu iki iqtisadi rayonun müxtəlif ərazilərində müxtəlif infrastrukturlar yaradılıb və böyük qayıdışa start verilməsi üçün mühüm işlər görülüb və hazırda da proses sürətlə davam etməkdədir.

Amma etiraf etməliyik ki, görülən işlərin miqyasına, praktik çeşidliyinə görə Kəlbəcərdə həyata keçirilən tikinti-quruculuq işləri xüsusilə fərqlənir. Bu, xüsusən də yolların, tunellərin, körpülərin, elektrik enerjisi, su xətləri, Kiçik Su-Elektrik Stansiyaları, su anbarları, sanatoriya-kurort mərkəzlərindən tutmuş hərbi sahəyədək yeni tikilən infrastrukturlarda özünü göstərir. 

İlk olaraq bizləri işğaldan azad edilən ərazilərə aparan yollardan başlayaq. Çünki bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə  yolların yenidən qurulması, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir. Hazırda  dövlət büdcəsindən ayrılmış vəsait hesabına işğaldan azad edilmiş ərazilərimizdə 15 avtomobil yolunun tikinti işləri davam etdirilir. Həmin layihələrin və xüsusən də ən mühüm tunellərin tikildiyi ərazi məhz Kəlbəcər və Laçına gedən yolların üzərindədir.

Burada mühüm layihələrdən biri də Göygöllə Kəlbəcəri birləşdirən və uzunluğu 81 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu yoludur. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-4 hərəkət zolaqlı olmaqla, 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib.

Ötən il avqustun 16-da İlham Əliyevin təməlini qoyduğu bu tunelin inşası davam etdirilir. Artıq tuneldə gediş və gəliş istiqaməti üzrə 2,1 kilometr uzunluğunda qazma işləri aparılıb. Tunel müvəqqəti havalandırma sistemi ilə təmin edilib. Piyadalar və avtomobillər üçün nəzərdə tutulan iki ehtiyat keçidin tikintisi yekunlaşıb.

Hazırda yolboyu torpaq yatağının, həmçinin zəruri yerlərdə suötürücülərin tikintisi davam edir. İki hissədə mövcud kanalların köçürülməsi, bəzi ərazilərdə isə suötürücülərin inşası tamamlanıb. Yeni su kanalının tikintisi davam etdirilir.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Murovdağ tunelindən əlavə, daha üç tunelin inşası nəzərdə tutulur. Uzunluğu 542, eni 12 metr olan birinci və uzunluğu 607 metr olan ikinci tuneldə tikinti işlərinə başlanılıb. Artıq birinci tuneldə üst qatda qazma işləri icra olunaraq tuneldaxili hərəkət təmin edilib. İkinci tuneldə isə üst qatda qazma işləri tamamlanmaq üzrədir.

Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Bu yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

Kəlbəcər-Laçın avtomobil yolunun da inşası davam edir. Uzunluğu 72,8 kilometr olan bu yolun hərəkət hissəsinin eni 9-16 metrdir. Hazırda yolun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılır. Tunellərin ümumi uzunluğu 9450 metrdir.

Göründüyü kimi, Kəlbəcər və Laçına gedən yollarda 10-dan artıq tunel tikilir. Murovdağın altından çəkilən 12 kilometrlik tunel isə dünyada ən uzun tunellərdən biri sayılacaq. Bu yollar və tunellər tikilib hazır olduqda Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq.

Həm Şərqi Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan genişmiqyaslı işlər Azərbaycanın iqtisadi qüdrətinin, bu sahədəki təcrübəsinin göstəricisidir.

 

Çətin relyefdə rekord sayılacaq müddətdə tikilən elektrik stansiyaları

 

Yolboyu yanından ötdüyümüz müasir yüksəkgərginlikli elektrik xətləri isə Kəlbəcərə elektrik enerjisinin verilməsini, orada çalışan müəssisələrin enerji təminatının həll edildiyini göstərir.

Vətən müharibəsindən sonra İlham Əliyev işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilib. 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasının qısa müddətə inşası həyata keçirilən layihələrdən biridir. Ötən ilin avqustunda İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu yarımstansiyanın açılışı olub.

Həmçinin Kəlbəcərin Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunmuş yeni yarımstansiyada 80 meqavat gücündə transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. "Kəlbəcər" yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib.

Bu yüksəkliklərə elektrik xətlərinin çəkilməsi o qədər də asan məsələ deyil. Yəni dağların arası, zirvəsi ilə elektrik dirəklərinin basdırılması, xətlərin qoşulması yüksək mühəndislik bacarığının bəhrəsidir. Yəni yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ silsilələri yarılaraq icra edilib. Belə qısa vaxtda icra edilən və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünün, böyük potensialının göstəricisidir.

Bəlli olur ki, bu istiqamətə ilk elektrik xətti Daşkəsəndən çəkilib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ən çətin dağlıq, sıldırım relyefdə, qarlı, şaxtalı, tufanlı havada, yolsuzluq şəraitində, buzlu, sürüşkən ərazidə çəkilən 110 kV-luq ikidövrəli Daşkəsən-Kəlbəcər xətti və yarımstansiya üçün ağır texnika, avadanlıq da daxil olmaqla, bütün yük havanın necəliyinə baxmayaraq, Ağdərə və Murov yolundan daşınıb. 110 kV-luq xəttin 20 km məsafəsi məhz 3400 metrə qədər xüsusi buzlaşmış ərazidən keçir. Odur ki, 70 km uzunluqda xəttin 20 km məsafəsində daha iri qabaritli 220 kV-luq dayaqlardan istifadə edilib. İş fasiləsiz, növbəlilik prinsipi ilə aparılıb.

Cəmi altı ay ərzində inşa edilən "Kəlbəcər" yarımstansiyası məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulmaqla tam rəqəmsallaşdırılıb. Yarımstansiya və elektrik verilişi xəttinin tikintisinin çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, işlər rekord sayılacaq müddət ərzində yekunlaşdırılıb.

 

Kəlbəcərdə istismara verilən ilk istehsal mənbəyi

 

Hazırda Kəlbəcərdə 5 ədəd kiçik su-elektrik stansiyası yenidən qurulur. Barbar ermənilər rayonu təhvil verərkən bütün digər infrastrukturlar kimi su-elektrik stansiyalarını da sıradan çıxarıblar.

Müharibədən dərhal sonra tikintisinə başlanılan "Kəlbəcər-1" kiçik su-elektrik stansiyası artıq fəaliyyətə başlayıb. İyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər və Laçına səfəri zamanı İlham Əliyev istehsal mənbəyinin açılışını edib. Bu elektrik stansiyası işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk istehsal mənbəyidir.

Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək "Kəlbəcər-1" KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu diametri 1,8 metr olan metal borularla əvəz edilib. Burada 110/6 kilovoltluq yarımstansiya tikilib.

"Kəlbəcər-1" KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması əlçatan olan yeni stansiyanı Kəlbəcərlə yanaşı, Bakıdan, Baş İdarəetmə Mərkəzindən də nəzarət və idarə etmək mümkündü.

Məsafədən idarə olunan KSES-lər demək olar ki, personalsız işlədilir. Çünki stansiyaların idarəetmə sistemi tam avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, nəticə etibarı ilə enerjisistemdə ilk dəfə süni intellekt tətbiq olunmaqla, personalsız idarəetmə yaradılıb. Bu isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə səbəb olur.                      

Hazırda Kəlbəcərdə "AzərEnerji" tərəfindən ümumi gücü 27 meqavat olan 5 kiçik su-elektrik stansiyası tikilir. Bunlar 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq",  3,4 meqavat gücündə "Meydan" kiçik su elektrik stansiyalarıdır.

Kiçik su-elektrik stansiyalarında ümumilikdə 9 hidroaqreqat fəaliyyət göstərəcək. Bunun üçün ağır tonnajlı texnika, avadanlıqlar, mal-materialın daşınması təmin edilib və bu iş davam etdirilir. O cümlədən suyu hidroaqreqata ötürən derivasiya boruları quraşdırılır, stansiyaların enerjisistemə inteqrasiyası üçün 110 və 35 kV-luq xətlər çəkilir. İşlərin böyük hissəsinin görüldüyü bu 5 stansiya rəqəmsal qaydada mərkəzi SCADA Dispetçer İdarəetmə Sisteminə inteqrasiya ediləcək. Açılıb-qoşulma, intellektual tənzimləmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyaların idarəedilməsi Kəlbəcərdən olduğu kimi, Bakıdan da həyata keçiriləcək.

Kəlbəcərdə 5 yerdə yeni tikilən elektrik stansiyalarında il ərzində ümumilikdə 100 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz enerji istehsal olunacaq. Bu isə 50 milyon kubmetr təbii qaza və təbii qazın ölkədaxili satış qiymətləri nəzərə alınmaqla, 8,3 milyon manat maliyyə vəsaitinə qənaət deməkdir.

İstər hazırda 5 yerdə tikilən, istərsə də istismara verilən "Kəlbəcər-1" KSES-lərin istismarı üçün əlavə işçi qüvvəsinə ehtiyac qalmayacaq və 110 kV-luq "Kəlbəcər" yarımstansiyasının iş başında olan personalı həm də qaydalaşdırılmış şəkildə yeni kiçik su-elektrik stansiyaların işinə də nəzarət edəcək. Nəticədə Kəlbəcərdəki 7 enerji obyektində onlarca insanın işini cəmi 8 energetik görəcək və bununla da külli miqdarda vəsaitə qənaət olunacaq.

 

Rəqəmsal İdarəetmə Mərkəzi, Laçının elektriklə təminatı

 

Kəlbəcər rayonu ərazisində xüsusi dövlət əhəmiyyətli obyektlərin və hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Prezidentin Kəlbəcərə səfəri zamanı Rəqəmsal İdarəetmə Mərkəzinin təməlinin qoyulması da bu prosesin tərkib hissəsidir.

Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün ötən il istismara verilən "Kəlbəcər" yarımstansiyasından Laçın rayonunun Qorçu kəndinə 42 km məsafədə ikidövrəli olmaqla, 110 kilovoltluq yüksək gərginlikli ötürmə xətti çəkilir.

Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və xüsusilə yolsuzluq şəraitində çəkilən ötürmə xəttinin trassası üzrə hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılır.

110 kilovoltluq xəttin üzərindəki ildırım ötürücü funksiyalı 24 damarlı fiber optik kabellə internet xətti çəkilir ki, bu da enerjisistemin idarəetməsində siqnalların etibarlı şəkildə ötürülməsini təmin edəcək. 

Paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilir. Sistem əhəmiyyətli "Qorçu" yarımstansiyasında idarəetmə mərkəzi, açıq və qapalı paylayıcı qurğular yaradılır. Yarımstansiyanın ərazisində personal üçün yataqxana binası tikilir, onlar üçün lazımi şərait yaradılır. Qeyd edək ki, yarımstansiyanın ərazisinin seçilməsi, binasının memarlıq üslubu Əlaqələndirmə Qərargahının Şəhərsalma Məsələləri üzrə İşçi qrupu ilə, o cümlədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb. Yarımstansiyanın yaxınlığında hava limanı tikilir və Qorçu kəndi mərkəz olmaqla, burada 7 kəndi birləşdirən yaşayış massivinin tikintisi planlaşdırılır.

Yeni yarımstansiya Laçında tikiləcək hava limanını, rayon ərazisindəki hərbi hissələri, gələcəkdə bölgədə tikiləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

 

Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub

 

Kəlbəcərin ecazkarlığı, özünəməxsusluğu dağlarından axan minerallı, isti, kükürdlü, turşsulu bulaqlarında da özünü göstərir. Hansı yüksəkliyin yanından keçirsənsə, orada mütləq bulaq qaynadığının şahidi olursan. İlin bu isti yayında da əlini bulaqların suyunun altında bir neçə dəqiqə saxlamaq kifayətdir ki, barmaqların donsun. Su o qədər soyuq olur ki, onu yalnız qurtum-qurtum qəbul etmək mümkün olur.

Bulaq suları ilə yanaşı, rayonun daimi içməli su təchizatı məsələsi də həll olunub. Prezidentin tapşırıqlarına uyğun olaraq "Azərsu" ASC işğaldan azad edilmiş ərazilərdə su təchizatı sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işləri davam etdirərək Kəlbəcər rayonunda da təxirəsalınmaz tədbirlər görüb. Belə ki, şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımi işlər görülür.

Kəlbəcərdə içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zivel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub. "Azərsu" ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissələrində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa  işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib. Suyun daimi olması üçün 25 tonluq çən, 16 və 50 kubmetrlik 2 anbar yaradılıb. Su bu sistemlərdən paylayıcıya daxil olduqdan sonra müxtəlif istiqamətlər üzrə paylanılır. 

 

Yaylaqlaraaparılan300 mindənçoxheyvan, köçürülməsiplanlaşdırılan20 mindənçoxarı ailəsi

 

İllər sonra Kəlbəcər yaylaqları da yenidən əziz qonaqlarını təntənə ilə qarşılayır. Artıq qoyunçuluq, maldarlıq və arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarına köçürülüb. 30-dan çox rayonun təsərrüfatı mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib.

Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcər yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdi. Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib. Hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.

2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb. Bu ilin aprel ayının 29-da təlimləri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Ümumilikdə isə bu il təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.

İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə işğaldan azad edilən torpaqlarımızdakı misli görünməmiş tikinti-quruculuq işləri onu deməyə əsas verir ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ən ecazkar məkanlarından birinə çevriləcək.

Kəlbəcər isə tam ayrı bir cənnətməkan olacaq. Başıqarlı ulu dağları, zümrüd meşələri, büllur bulaqları, ucsuz-bucaqsız çəmənləri, yamyaşıl yaylaqları, cəlbedici bənzərsiz gözəlliyi ilə hər kəsi valeh edəcək. Necə ki, bir günlük səfərimizdə bizə bəxş etdiyi unudulmaz xatirə, həyatımızın ən yaddaqalan anlarını yaşatdığı kimi...

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Bakı-Kəlbəcər-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video