22 May 2022 00:47
725
İQTİSADİYYAT
A- A+

Azərbaycanda təbii qaz hasilatı artıb

 

Mavi yanacağın yarıdan çoxunu "Şahdəniz" yatağı verib

 

"Şahdəniz"dən hasilat davam edir və yataqdan çıxarılan mavi yanacaq istehlakçılara vaxtında çatdırılır. Cari ilin birinci rübü ərzində də Azərbaycan ("Azərkontrakt" ASC), Gürcüstan (GOGC), Türkiyə (BOTAŞ) bazarları, çoxsaylı obyektlər üçün BTC şirkəti və Avropadakı istehlakçılar ahəngdar şəkildə "Şahdəniz" qazı alıblar.

Bu barədə birinci rübə aid hesabatında bp şirkəti məlumat verib. Bildirilib ki, ilin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilib. "Şahdəniz"in mövcud qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir. 

"Şahdəniz-2" layihəsi çərçivəsində ilin ortalarında yatağın qərb-cənub cinahından hasilata başlanması planlaşdırılır. Bu məqsədlə aparılan tikinti işləri qrafikə uyğun irəliləyir. Məxsusi olaraq "Şahdəniz"də işləmək üçün inşa edilmiş "Xankəndi" sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma tədbirlərini təhlükəsiz şəkildə başa çatdırıb. Sualtı xətlərin bağlanması üçün görülən dalğıc işlərinin bu ilin ikinci rübündə yekunlaşması nəzərdə tutulur. İlk dərinsulu cinahdan - şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.

"İstiqlal" və "Maersk Explorer" qurğuları "Şahdəniz-2"dən hasilatın davamı və sonrakı tədrici artımı üçün artıq ümumilikdə 21 quyu qazıb, bunlardan 19-nu tamamlayıblar. Yatağın şimal cinahında beş, qərb cinahında dörd, şərq-cənub cinahında dörd, qərb-cənub cinahında dörd, şərq-şimal cinahında iki quyuda işlər tam yekunlaşıb. Qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.

Xatırladaq ki, "Şahdəniz"də iştirak payları belədir: bp (operator - 29,99 faiz), LUKOYL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NİKO (10 faiz), "Cənub qaz dəhlizi" (6,67 faiz). "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətinin səhmdarları da bu şirkətlərdir. Onların iştirak payları da "Şahdəniz"də olduğu kimidir.

CQBK 2006-cı ilin sonlarında istismara verilib və həmin vaxtdan Azərbaycana, Gürcüstana, az sonra isə Türkiyəyə də qaz çatdırmağa başlayıb. Bu boru xətti Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərinin ölkəmizdən və Gürcüstandan keçən hissəsini təşkil edir. Gürcüstan-Türkiyə sərhədində birləşdirildiyi 280 kilometrlik borularla marşrut Ərzurumadək uzadılıb və kəmər ümumilikdə BTƏ adlanır.

"Cənub qaz dəhlizi" çəkilərkən CQBK genişləndirilmişdir, yəni Hacıqabul rayonu ərazisindən başlayaraq ona paralel xətt tikilmiş, marşrut boyu bir sıra yerlərdə əlavə qurgular inşa edilmişdir. Genişləndirilmiş CQBK kommersiya qaz həcmlərini 2018-ci ilin iyun ayından Türkiyəyə, 2020-ci ilin dekabr ayından isə Avropaya çatdırır. Belə ki, CQBK qazı TANAP-a (Trans-Anadolu Qaz Boru Kəməri) ötürür. TANAP-dan da qazı öz növbəsində TAP (Trans-Adriatik Qaz Boru Kəməri) qəbul edir.

CQBK-nın ixrac üçün gündəlik orta ötürücülük gücü 56,2 milyon kubmetrdir.

Qeyd edək ki, cari ilin 4 ayı ərzində ölkəmizdə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu məlumatı isə Energetika Nazirliyi verib. Həmin həcmin 4,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli" yataqlarından alınan səmt qazıdır. 2,6 milyard kubmetr qaz SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üzrə hasil olunub. Mavi yanacağın 8,5 milyard kubmetri isə "Şahdəniz"dən alınıb.

Ölkəmizdə ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video