19 Avqust 2022 01:49
1579
SİYASƏT
A- A+

Azərbaycanda sənətə, sənətkara yüksək hörmət və ehtiram var

 

Ulu Öndərin ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir 

 

Ölkəsini inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq həm də dövlətin böyük sənətkarlarına göstərilən diqqətdən, qayğıdan və ehtiramdan qaynaqlanır. 
İstedadı və zəhməti ilə misilsiz işlər görənlər, yaradıcılığı ilə mənsub olduğu xalqının, eləcə də dünya mədəniyyətini, incəsənətini zənginləşdirənlərin ən böyük mükafatları unudulmazlıqlarıdır. Əbədiyyət ünvanında yer tutan qüdrətli sənətkarlar ölkəsinin, xalqının qüruruna çevrilirlər.

 

Heydər Əliyevin xalqımızın zəkasını, elmini, mədəniyyətini dünyaya nümayiş etdirənlərə qayğısı

 

Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Ölkəmizdə sənətə və sənətkara yüksək hörmət və ehtiram ənənəsi mövcuddur. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı göstərdi. Heydər Əliyevin hakimiyyətinin istər birinci, istərsə də ikinci dövrü Azərbaycan mədəniyyətinin tərəqqisi ilə yadda qaldı. 
Mədəniyyətin bütün sahələrində uğurlar qazanıldı. Neçə-neçə görkəmli bəstəkar, şair, yazıçı, heykəltəraş, rəssam, memar yetişdi. Onlara fəxri adlar verilməsi, Bakıda və digər bölgələrdə, hətta ölkəmizin hüdudlarından kənarda yubileylərinin keçirilməsi ənənəyə çevrildi. Heydər Əliyev hakimiyyətinin birinci dönəmində Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və digərləri yüksək fəxri adlara layiq görüldülər. 
O, yaşadığı dövrün siyasi durumundan, ab-havasından asılı olmayaraq, Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirdi. Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların daim qayğısına qaldı. Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırdı.
1993-cü ilin iyununda Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Onlarla sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Neçə-neçə unudulmuş mədəniyyət xadiminin yubiley tədbirləri dövlət səviyyəsində təşkil olundu. Heydər Əliyev mədəniyyət işçilərinə maddi və mənəvi yardım göstərməklə, dəstək verməklə kifayətlənmir, eyni zamanda yeni, gözəl, mükəmməl əsərlərin ərsəyə gəlməsinə şərait yaradırdı. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev hakimiyyətinin ikinci dövründə də görkəmli bəstəkarların, rəssamların, müğənnilərin, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə, layiq olduqları fəxri adları almalarına böyük əhəmiyyət verdi. O bildirirdi: "Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər".

 

Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində Prezident İlham Əliyevin misilsiz xidmətləri var

 

Bu gün, dövlətimizin müstəqillik yolunda inamla irəlilədiyi bir vaxtda cəmiyyətin inkişafı və daha da güclənməsi naminə insanların fərdi qabiliyyətinin, istedad və bacarıqlarının üzə çıxarılması həyati tələbata çevrilib. Bu istiqamətdə məqsədyönlü işlər görülür. Lakin bir əsas məqam da unudulmur ki, uğurların davamlı olması üçün möhkəm bünövrə labüddür. Azərbaycanda əksər sahələrdə əsrlər boyu əldə olunmuş nailiyyətlər var. Xalqımızın mədəniyyəti, incəsənəti möhkəm təməl üzərində qurulub. Bu gün ən əsas məsələlərdən biri bu bünövrənin qorunub saxlanılmasıdır. Bu mənada, Azərbaycanı dünyada tanıtmış şəxsiyyətlərə, onların dəyərli irsinə diqqət və ehtiram göstərilməsi böyük nümunədir.
Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva misilsiz xidmətlər göstərirlər. Kino, teatr, musiqi tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına qayğının təsdiqidir. Dövlət başçısının sərəncamları ilə  elm, mədəniyyət, incəsənət xadimlərinin yubiley tədbirlərinin keçirilməsi də bu diqqətin, hörmətin təzahürüdür. Bu günlərdə dünyaşöhrətli müğənni, Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi respublikamızda uzun illər formalaşmış ənənənin davamı oldu.
"Musiqinin dili birdir", - deyirlər. Odur ki, xalqın milli-mənəvi keyfiyyətlərini, bənzərsiz xüsusiyyətlərini dünyaya tanıtmaqda musiqinin rolu əvəsizdir. Heydər Əliyev çıxışlarının birində deyib: "Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz".

 

Azərbaycana  bağlı böyük sənətkar

 

80 illik yubileyi təntənə ilə qeyd edilən böyük sənətkar Müslüm Maqomayev də doğma vətəni Azərbaycanın adını, mədəniyyətini, musiqisini dünyada tanıdanlardan idi. Milyonlarla pərəstişkarı olan müğənni geniş salonlarda "Ey əziz anam, Azərbaycan", - deyirdi. Bakı şəhərinin ən gözəl yerlərindən birində, Dənizkənarı Milli Parkda ucaldılan möhtəşəm abidəsi dünyaşöhrətli müğənni Müslüm Maqomayevin xatirəsinə Azərbaycan xalqının sonsuz sevgisinin, Azərbaycan dövlətinin yüksək diqqətinin nümunəsi oldu.  Abidənin açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Mərasimdə çıxış edən dövlət başçısı Azərbaycan xalqının haqlı olaraq Müslüm Maqomayevlə fəxr etdiyini diqqətə çatdırdı: "Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik".
Sənətkarın öz doğma Vətəninə çox bağlı olan bir insan olduğunu xatırladan dövlət başçısı vurğuladı ki, Müslüm baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. Prezident tədbirdə dedi: "Atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq".
Dövlət başçısı Müslümün öz doğma torpağına bağlı olmasının yaradıcılığında da özünü göstərdiyini qeyd etdi; "Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı "Əlvida, Bakı" idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır".
Tədbirdə iştirak edən unudulmaz sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya isə çıxışında dedi: "Siz çox düzgün qeyd etdiniz ki, Müslümün əlçatmaz zirvə olmasını nəzərə alaraq, ondan özünü necə aparmağı, səhnədə necə hərəkət etməyi, dostlarla necə ünsiyyət saxlamağı öyrənmək olar. O, dostlarını heç vaxt unutmurdu, heç vaxt".

 

Müslümün günü

 

Həmin gün "Yaşıl Teatr" Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər.
Tanınmış musiqiçilər və müğənnilər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.
Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşdülər.
Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev dedi: "Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz "Mavi əbədiyyət" mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümün möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir". 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video