22 Yanvar 2022 20:29
788
SİYASƏT
A- A+

Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsində Ermənistana verdiyi mesajlar ciddi xəbərdarlıqdır

Azərbaycanda sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq hərbi quruculuq məsələləri da planlı şəkildə davam etdirilir. Türkiyə, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan Komando birliklərinin sayı artırılır. Bu günədək bir neçə Komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növləridir. Komando qüvvələrinə qoşulan hərbçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər keçirirlər. Bu, onu deməyə əsas verir ki, Azərbaycanda yeni, müasir, hazırlıqlı ordu korpusları yaradılır. Diqqətçəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsinin bitməsindən dərhal sonra Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan ordularının müxtəlif istiqamətlərdə birgə hərbi təlimlərinin keçirilməsidir.

Ordu quruculuğu istiqamətində görülən işlərə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha toxunuldu. Dövlətimizin başçısının Ermənistanla münasibətlər yaxşılaşsa da, hərbi arsenalımızı gücləndirəcəyimizlə bağlı fikri bir neçə maraqlı məqamı özündə əks etdirir. Birincisi, Ermənistanın konstruktiv addımlar atmaması, imkan düşdükcə Azərbaycana qarşı təxribatlar törətməsini qeyd edə bilərik. Halbuki, onların ordusu və hərbi texnikası 44 günlük Vətən müharibəsi zamanı darmadağın edildi. Ermənistan ordusu hazırda da bizimlə müharibə aparmağa qadir deyil. Biz bunu ötən ilin may və noyabr aylarında Ermənistanın törətdiyi təxribatlar zamanı da gördük. Həmçinin bu ilin əvvəlində Ermənistanın oxşar revanşist addımlarının şahidi olduq. Lakin Ermənistan rəhbərliyinin yalvarışları və Rusiya sülhməramlılarının xahişi ilə Azərbaycan Ordusu atəşi dayandırdı. Aydın olur ki, öz mənfur xislətlərindən əl çəkməyən Ermənistan bu cür təxribatlara yenə də əl ata bilər. Qarşı tərəfin işğalçı, revanşist davranışlarına rəğmən, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh və normal qonşuluq əlaqələrinin başlana biləcəyini bəyan etdi. Bu fikirlər ölkəmizin sülhsevər dövlət olduğunu göstərir. Lakin dövlətimizin başçısı Ermənistan hakimiyyətinə, cəmiyyətinə ciddi xəbərdarlıq da etdi. Qonşu dövlətin Azərbaycanın sülh çağırışlarına cavab verməyəcəyi təqdirdə, bu təklifin uzun müddət masada qalmayacağını vurğuladı. Bu, çox ciddi məqamdır. Çünki itirən biz yox, Ermənistan olacağını deyən Prezident İlham Əliyev qarşı tərəfə mesaj göndərdi. Bu fikirlərə həm iqtisadi, həm də siyasi aspektdən yanaşmaq lazımdır. İqtisadi yön ondan ibarətdir ki, Ermənistan Azərbaycanın təklifini qəbul edərsə, bölgənin digər dövlətləri ilə geniş əməkdaşlıq edə bilər. Bu da 30 ilə yaxındır dalana salınan, iqtisadiyyatı müxtəlif ölkələrdən asılı olan bir dövlətin müəyyən qədər dirçəlməsinə səbəb ola bilər. Digər bir məqam geosiyasi cəhətləri özündə ehtiva edir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, eyni zamanda, biz də onların bizimdir dedikləri torpaqları qəbul etməyəcəyik. Buna tam haqqımız da var. Beynəlxalq hüququn aliliyini nəzərə alan ölkəmiz hələlik səbir nümayiş etdirir və qarşı tərəfə sülh təklif edir. Bundan sonra cərəyan edən proseslər artıq Ermənistanın məsuliyyətindən və necə davranacağından asılı olacaq. Əgər Ermənistan böyük güclərə və təşkilatlara güvənirsə, yanılır. Çünki dövlətimizin başçısı çıxışlarında vurğulayıb ki, bizi heç kim saxlaya bilməz və istədiyimizə nail olacağıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq yeni reallıqları dünyaya qəbul etdirməsi ölkəmizdə uğurlu xarici siyasətin aparıldığını göstərir.

Azərbaycan Prezidentindən Ermənistan tərəfinə verilən aydın mesajlar

 

Müharibədən keçən bir ildən çox müddət ərzində Prezident İlham Əliyev çıxışlarında mütəmadi olaraq Azərbaycanın Ermənistanla sülhə, normal qonşuluğa hazır olduğunu vurğulamaqla yanaşı, siyasi mesajları da diqqətdən qaçmır. Keçən ilin aprelində Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu vurğulayan dövlətimizin başçısının bu fikirləri Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində isə Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin fikirlərinin haradan qaynaqlandığını yaxşı anlayır. Belə ki, 2021-ci il yanvarın 11-də Azərbaycanın təzyiqi ilə imzalanan bəyanat, heç şübhəsiz, təsdiqini tapacaq. Amma görünən odur ki, qarşı tərəf yenə də destruktiv münasibət sərgilməklə məşğuldur və götürdüyü öhdəlikləri yerinə yetirmir, yaxud ləngidir. Ermənistanın bu cür addım atmasının bir neçə səbəbi ola bilər. Əvvəlcə, qeyd edək ki, Ermənistan böyük güclərə arxalanaraq regionda hansısa proseslərin gedişatından istifadə etmək, yəni, KTMT və ya ATƏT-ə üzv olan ölkələrin qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinə nail olmaq istəyir. Bu fikirləri dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də qabartdı. Bildirdi ki, Ermənistan regionda gedən prosesləri Azərbaycana qarşı çevirməyi planlaşdırır. Amma bu, heç zaman mümkün olmayıb və olmayacaq. Bunun ən bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Azərbaycanın apardığı çoxistiqamətli xarici siyasət nəticəsində Fransa istisna olmaqla, digər güclər neytrallığını qorudu. Əslində, Fransanın Ermənistanı dəstəkləməsi heç nəyi dəyişmədi. Ötən il dekabrın 15-də Brüsseldə Azərbaycan və Fransa prezidentlərinin görüşü baş tutdu. Görüş əsnasında Fransa Prezidenti bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyir. Əlbəttə, müəyyən qədər neytral fikirlər olsa da, Azərbaycan hər zaman bütün çağırışlara hazır olmalıdır.

Digər məqamı isə Ermənistanda dərinləşməkdə olan daxili qütbləşmə ilə əlaqələndirmək olar. Belə ki, Ermənistanda məğlubiyyəti qəbul edə bilməyən qüvvələr Azərbaycanla əlaqələrin normallaşmasını istəmirlər. Əgər bu, baş verərsə, onlar növbəti məğlubiyyəti yaşayacaqlarını zənn edirlər. Ermənistanda az da olsa revanşist meyilli qüvvələr qalmaqdadır. Əlbəttə, həmin qüvvələrin ümid yeri öz ordusu yox, güclü dövlətlərin müəyyən vədləridir. Prezident İlham Əliyev də müsahibə zamanı bildirdi ki, əgər ərazi bütövlüyümüzə qarşı hər hansı təhdid hiss etsək, Ermənistanın dərinliyində olsa da, həmin yeri məhv edəcəyik. Bu fikirlər isə Ermənistan ərazisində yerləşən hərbi bazanın onlara verdiyi psixoloji üstünlüyü də məhv etdi.

Azərbaycan və Ermənistan münasibətlərinin 6 ay sonrakı xarakteristikası

 

Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq hüququn aliliyini nəzərə alaraq imzaladığı Bəyanatlara tam olaraq əməl edir. Qarşı tərəfdən də eyni ritorikanı gözləyir. Təəssüf ki, Ermənistan hər zaman olduğu kimi, yenə də dəyişməyən siyasət xəttini davam etdirir. Münasibətlərin tənzimlənməsi istiqamətində görüşlər müharibədən keçən bir ildən çox müddətdə ərzində nəticəsiz görünür. Deməli, erməni xislətinin ikiüzlü, yalanla dolu siyasi istiqaməti dövlət sənədlərinə də öz təsirini göstərir. Ona görə də biz Ermənistan rəhbərliyinin heç bir sözünə, vədinə inanmamalıyıq. Əlbəttə, 30 ilə yaxın müddətdə işğalçı dövlətin simasız və sülhə aparmayan siyasət xəttini gözəl bilən Prezident İlham Əliyev bu səbəbdəndir ki, ordu quruculuğunu daha da gücləndirir. BMT tərəfindən qəbul edilmiş Ermənistanın Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxması barədə 4 qətnaməyə əməl etməyən işğalçı dövlət sülh müqaviləsi imzalansa da, buna ciddi yanaşmayacağını dövlətimizin başçısı da vurğuladı. Qeyd etdi ki, rəsmi İrəvan Azərbaycanın sülh və normal qonşuluq münasibətlərini qəbul etməsə, delimitasiyanın başlanmasını istəməsə, biz bu təklifi uzun müddət masada saxlayan deyilik. Həmçinin Ermənistan tez bir zamanda bizim ərazi bütövlüyümüzü tanımasa, Azərbaycan da öz dədə-baba torpaqları olan Zəngəzur, Göyçə, İrəvanın onlara məxsus olmaması istiqamətində fəaliyyət həyata keçirəcək. 44 günük Vətən müharibəsindən sonra Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin dediyi hər sözü reallaşdırdığını anlayıb. Qarşı tərəf onu da başa düşməlidir ki, əgər dövlətimizin başçısının dediyi kimi, Ermənistan öhdəliklərini yerinə yetirməsə, müstəqilliyi sual altına düşə bilər. Zaman o qədər də çox deyil. Bundan sonra baş verəcək hadisələrin bütün məsuliyyətini Ermənistan rəhbərliyi daşıyacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video