19 Aprel 2023 14:48
1329
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib YENİLƏNİB

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirdi və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğuladı. Dövlətimizin başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd etdi, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirdi.

Hazırda Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi prosesinin uğurla həyata keçirildiyini bildirən Prezident İlham Əliyev bu baxımdan texnologiyalar sahəsində, o cümlədən yaşıl enerji, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları ilə bağlı təcrübə mübadiləsinin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasında yaradılmış şərait barədə məlumat verdi, İsrail şirkətlərinin burada da fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu dedi. Həmçinin SOCAR-ın İsraildə karbohidrogen resurslarının istismarında iştirakı imkanlarına baxılmasının da önəmi vurğulandı.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə etdi, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğuladı. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirdi.

Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə toxunaraq, ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu bildirdi.

Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulandı. Həmçinin su resurslarının idarə olunması və dəniz suyunun şirinləşdirilməsi, səhralaşma prosesinin qarşısının alınması, səhra və yarımsəhra şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi sahələrində İsrailin təcrübəsinin Azərbaycan üçün maraqlı olduğu qeyd edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video