29 Iyun 2022 23:52
908
Səfərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Aşqabadda Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub

 

İyunun 29-da Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü olub.

Azərtac xəbər verir ki, Xəzər Sammiti çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən məmnunluğunu ifadə edən Prezident Vladimir Putin dövlətimizin başçısının Rusiyaya səfərini xatırlatdı, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinin önəmini bildirdi. Əlaqələrimizin genişləndiyini və hazırkı səviyyəsinin çox yaxşı olduğunu deyən Rusiya dövlətinin başçısı razılaşdırılan bütün məsələlərin icra edildiyini vurğuladı. Prezident Vladimir Putin qeyd etdi ki, ticarət dövriyyəsi artır. Bu artım keçən il 16 faizdən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5 faiz təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin inamlı artımı müşahidə olunur.

Siyasi əlaqələrimizə toxunan Prezident Vladimir Putin Rusiya xarici işlər nazirinin Bakıya səfərini xatırlatdı, Rusiya hökuməti sədrinin və Dövlət Duması sədrinin də Bakıya səfərlərinin planlaşdırıldığını qeyd etdi. Rusiya dövlətinin başçısı bildirdi ki, ən əsası isə 2024-cü ilə qədər Rusiya-Azərbaycan birgə əməkdaşlıq planının reallaşdırılmasıdır. Beləliklə, bütün sahələrdə inkişaf var.

Prezident Vladimir Putin qeyd etdi ki, regional təhlükəsizlik, o cümlədən Qarabağ məsələsinin nizamlanması barədə də Azərbaycan dövlətinin başçısı ilə müzakirə aparılıb və bu görüş də həmin mövzunun nəzərdən keçirilməsi üçün imkan yaradır.

Nahar vaxtı qeyri-rəsmi təmas zamanı Prezident İlham Əliyevin ifadə etdiyi fikirləri xatırladan Rusiya dövlətinin başçısı Sammitin işgüzar keçdiyini, regional əməkdaşlığın inkişafına dair maraqlı təkliflərin irəli sürüldüyünü dedi. Dövlətimizin başçısı ilə görüşün faydalı olduğunu bildirən Prezident Vladimir Putin aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin inkişafına əlavə təkan verəcəyini qeyd etdi.

x x x

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etdi və bildirdi ki, Prezident Vladimir Putin ilə keçirilən görüşlər həmişə əlaqələrimiz üçün çox önəmli olub. Dövlətimizin başçısı bu görüşün də ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Prezidenti ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı bu görüşün regional məsələlərin müzakirəsi üçün də yaxşı imkanlar yaratdığını dedi.

Prezident İlham Əliyev əlaqələrimizin inkişafı baxımından bu yaxınlarda Rusiya xarici işlər nazirinin Azərbaycana səfərinin önəmini qeyd etdi və ikitərəfli münasibətlərimizin ölkələrimiz və xalqlarımız naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.

x x x

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video