30 Sentyabr 2022 19:53
472
PARLAMENT
A- A+

Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

 

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

AZƏRTAC bəyanatı təqdim edir: “Azərbaycanın əzəli tarixi torpaqlarını qəsb etməyi şovinist milli ideologiyasının əsas hədəflərindən birinə çevirmiş erməni faşizminin ağır məğlubiyyəti ilə nəticələnən Vətən müharibəsinin başlanmasının iki ili tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasını təmin etmiş, son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri və etnik təmizləmələr silsiləsinə son qoymuş, tarixi düşmənə qarşı çoxəsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmışdır. Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açmışdır.

Azərbaycan dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların aktlarının icrasını öz gücü ilə təmin etmişdir. Vətən müharibəsi nəticəsində yaranan yeni reallıq Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda təsbit olunmuşdur.

Ermənistan üçün faktiki kapitulyasiya aktı olan bu beynəlxalq sənədlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Müharibədən sonrakı dövrdə bu öhdəliklərin bir qismi yerinə yetirilsə də, erməni silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməsi və yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı öhdəliklər Ermənistanın təqsiri ucbatından indiyədək yerinə yetirilməmişdir.

Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi postmünaqişə dövrünün reallıqlarını, bölgədə uzunmüddətli və dayanıqlı sülh və sabitlik yaradılması zərurətini nəzərə alaraq, Ermənistan Respublikası ilə münasibətlərin normallaşması və sülh sazişinin hazırlanması üçün 5 təməl prinsip təklif etmişdir. Ermənistan tərəfi bu prinsipləri sözdə qəbul etsə də, aparılan danışıqlarda əldə edilən razılaşmaları pozmaq üçün müxtəlif əməllərə əl atmışdır.

Bu il sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri dövlət sərhədinin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək Azərbaycanın Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy və Zəngilan rayonları istiqamətində geniş miqyaslı silahlı təxribat törətmişlər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində bu təxribatın qarşısı qətiyyətlə alınmış, Ermənistan silahlı qüvvələrinə növbəti ağır zərbə endirilmişdir. Aydın məsələdir ki, Ermənistanın revanşizm niyyətindən irəli gələn bu hərəkəti iki dövlət arasında sivil münasibətlər qurulması üçün göstərilən səyləri pozmağa, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə maneçilik törətməyə yönəlmişdir.

Ermənistanın törətdiyi təxribat barəsində bəzi yüksək səviyyəli xarici dövlət rəsmilərinin obyektivlikdən uzaq, qərəzli, hətta təhrikedici fikirlər səsləndirməsi təəssüf doğurur. Belə açıqlamaların erməni təbliğatının təsiri altında və ya siyasi dividentlər əldə etmək niyyəti ilə verildiyinə şübhə yoxdur.

Bu gün Azərbaycanın 30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarında yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Artıq onların bir hissəsinin yurd həsrətinə son qoyulmuşdur.

Təəssüf ki, Ermənistan tərəfinin işğal dövründə və müharibədən sonra Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə tank və piyada əleyhinə minalar bərpa və quruculuq işlərinin sürətlə aparılmasına imkan vermir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 200 nəfərdən çox mülki şəxs və hərbçi minaların partlaması nəticəsində həlak olmuş və ya yaralanmışlar.

Lakin heç kəsin şübhəsi olmasın ki, törədilən bütün maneələrə baxmayaraq, Azərbaycan xalqı ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanmışdır, şəhidlərinin həyatı bahasına işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına, yerlə bir edilmiş şəhər və kəndlərin tam bərpasına nail olacaq, Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəkdir.

Azərbaycan Respublikasının Milli Məclisi ümid etdiyini bildirir ki, Ermənistan Respublikası öz məsuliyyətini dərk edərək, XXI əsrə yaraşmayan davranış və hərəkətlərdən əl çəkəcək, Azərbaycanla sivil dövlətlərarası münasibətlər qurulması, bölgə xalqlarının əmin-amanlığa qovuşdurulması üçün yaranmış tarixi imkanı bir daha nəzərdən keçirəcəkdir. Azərbaycan Respublikası Cənubi Qafqazın münaqişə və müharibələrdən azad olan, bütün xalqların nümayəndələrinin qarşılıqlı iş birliyi şəraitində dinamik inkişaf edən bir məkana çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməyə hazırdır.

(Bəyanat Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il 30 sentyabr tarixli iclasında qəbul edilmişdir.)”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video