30 Noyabr 2021 00:54
809
Səhiyyə
A- A+

Azərbaycan “peyvənd millətçiliyi”nin əleyhinədir

 

Dünya əhalisi vaksinasiya ilə COVID-ə qarşı kütləvi immunitet qazanmayana qədər epidemioloji vəziyyət gərgin olaraq qalacaq

 

Epidemioloji vəziyyətin gərgin olaraq qalması dünyanın normala dönməsinin hələ də mümkün olmadığını göstərir. Ötən xeyli müddət ərzində koronavirus pandemiyası nəinki ram edilib, əksinə, gün keçdikcə daha da artaraq yoluxma sayını və arealını ağlasığmaz miqyasda böyüdüb.

Eyni zamanda mutasiyalara uğrayaraq yeni və daha təhlükəli variantları ilə insanlığı qorxu altında saxlamağa davam edir. Hazırda isə Afrikanın cənubunda aşkar edilən koronavirusun B.1.1.529 ştamı bütün ölkələr üçün yeni təhdidə çevrilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yunan hərfi “Omikron” ilə işarə etdiyi ştam barədə bildirir ki, koronavirusun bu növünün “çoxlu sayda mutasiyaları var, onlardan bəziləri narahatlıq doğurur. Bundan əlavə, ilkin sübutlar bu ştamla yoluxma riskinin “yüksək” olduğunu göstərir”.

Yeni ştama qarşı ehtiyat tədbiri olaraq bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Ümumdünya Tibb Assosiasiyasının sədri Frank Ulrix Montqomeri isə xarici mediaya müsahibəsində kütləvi vaksinasiyanın koronavirusun mutasiyalarının və çox yoluxucu, son dərəcə təhlükəli ştamlarının yaranmasının qarşısını almağın vacib olduğunu söyləyib: “Virusun mutasiyaya uğramasına imkan vermək olmaz, Afrikanın cənubunda aşkar edilən yeni variant isə bunun niyə bu qədər vacib olduğuna dair “yaxşı nümunədir”. Biz hələ də onun təhlükəli olduğu barədə heç nə bilmirik, lakin görünür ki, o, sürətlə yayılır. “Delta” kimi yoluxucu və “Ebola” kimi təhlükəli bir variantın peyda ola biləcəyi məni çox narahat edir. Nə qədər az infeksiyaya yol versək, bir o qədər yaxşıdır”.

İtaliyanın səhiyyə nazirinin COVID-19 pandemiyası üzrə müşaviri, Ali Sağlamlıq İnstitutunun keçmiş prezidenti Valter Rikkardin fikrincə, mövcud peyvəndlərin “Omikron” ştamından qorunmanı təmin edəcəyi ehtimalı yüksəkdir.

Müşavir qeyd edib ki, “Omikron” variantı narahatlıq doğuran kimi təsnif edilib, lakin hər hansı bir nəticə çıxarmaq hələ tezdir: “Bir neçə amil artıq məlumdur. İşin mənfi tərəfi odur ki, bu variant böyük yayılma potensialına malikdir. Cənubi Afrikada iki həftə ərzində 1 faizdən 30 faizə yüksəlib. Yoluxuculuq baxımından hətta “delta” versiyasını da üstələyir”.

Rikkardi əlavə edib ki, “Omikron”la bağlı eyni zamanda müsbət amillər də var: “Buna misal kimi, “Omikron”a yoluxma zamanı xəstəliyin nisbətən yüngül keçməsini və mövcud testlərdən istifadə etməklə onun aşkarlanmasının effektivliyini qeyd edə bilərik. Cənubi Afrika tibbi rəhbərliyindən bu xəstəliyin yüksək şiddətə səbəb olmadığı barədə hesabatlar aldıq. İsraildən yeni gələn digər müsbət xəbər isə hazırda mövcud olan testlər vasitəsilə ona diaqnoz qoymağın davam etməsidir”.

 

Ölkəmizdə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub

 

Azərbaycan koronavirusun üzə çıxdığı ilk gündən etibarən ona qarşı bütün sahələr üzrə effektiv mübarizə aparır. Respublikamız əhalinin kütləvi vaksinasiyasına başlayan ilk ölkələr sırasındadır. Azərbaycanda 2021-ci il yanvar ayının 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start verilən bu proses uğurla davam etdirilir. Artıq ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulub.

Ölkəmizdə COVID-19 infeksiyası əleyhinə “CoronoVac”, “AstraZeneca”, “Sputnik V” və “”Pfizer/Biontech” peyvəndlərindən istifadə edilir.

Azərbaycan dövləti koronavirusdan əziyyət çəkən əhaliyə daim sosial-iqtisadi sahədə də dəstək göstərir.  Belə ki, bu günə qədər respublikamızda COVID-19-dan əziyyət çəkən insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilib. 2022-ci ildə isə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaq.

 

Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə yardım edib

 

Bu reallıqdır ki, dünyada bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil.

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı çıxışında Prezident  İlham Əliyev bu məsələ ilə bağlı vurğuladı ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Həmçinin Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib.

 

Ehtiyatı əldən vermək olmaz

 

Tibb elmi də sübut edir ki, koronavirusun daha geniş yayılmasının qarşısının alınması, eləcə də təsirinin azaldılması istiqamətində aparılan mübarizədə vaksinasiyanın mühüm rolu var. Yalnız peyvənd sayəsində dünya əhalisi koronavirusa qarşı kütləvi immunitet qazandıqdan sonra COVID-19 bəlasından qurtula bilər.

Amma ÜST-ün baş direktoru Tedros Adanom Gebreyesus insanlarda COVID-19 peyvəndlərinin yanlış təhlükəsizlik hissi yaratmasından narahatlığını ifadə edib.

O söyləyib ki, bir çox ölkədə və icmalarda peyvəndlərin insanlarda yaratdığı yanlış təhlükəsizlik hissini görürük və bu, bizdə narahatıq doğurur. Peyvəndlər həyatı xilas edir, lakin yoluxmanın qarşısını tamamilə almır.

O, bütün dövlətləri koronavirusun yayılmasının qarşısını almaq üçün kompleks tədbirlər görməkdə davam etməyə çağırıb: “Tibbi maska taxmaq, sosial məsafə saxlamaq, əhalinin sıx olduğu yerlərdən uzaq durmaq tövsiyə olunur. Tədbirlər yalnız açıq havada və ya yaxşı havalandırılan yerlərdə keçirilməlidir. Bütün ölkələrdə insanlar peyvənd vurdurmaqla yanaşı, test olunmalı, eyni zamanda onların yeni müalicə variantlarına çıxışı olmalıdır”.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video