02 Dekabr 2021 00:29
740
İQTİSADİYYAT
A- A+

Azərbaycan özünün qlobal su problemini həll edir

 

Bu prosesdə işğaldan azad edilmiş su ehtiyatlarımızın rolu böyükdür

 

Azərbaycan dünyanın su ehtiyatları məhdud olan ölkələri sırasındadır. Onun su ilə təminatını ödəyən mənbələrin 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Yeraltı su mənbələrinin miqdarı isə 5,2 milyard kubmetrdir. Beləliklə, ölkə üzrə illik su çatışmazlığının səviyyəsi 4,5-5 milyard kubmetr səviyyəsində dəyişir.

Prezident İlham Əliyev ölkənin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi istiqamətində mühüm işlər gördü. Bu istiqamətdə icra olunan layihələrin sayəsində suya olan tələbatın ödənilməsində dönüş yarandı. Xüsusilə Şəmkirçay, Tovuzçay və Taxtakörpü su anbarlarının istismara verilməsi nəticəsində minlərlə hektar sahəyə suvarma suyu vermək mümkün oldu. Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının artmasında bu su anbarlarının rolu böyükdür. Bununla yanaşı, yeraltı sulardan da geniş şəkildə istifadə edilməsi üçün ölkənin bütün regionlarında subartezian quyuları qazılır. Bu da içməli və suvarma suyuna olan tələbatın müəyyən qədərini ödəyir. Beləliklə, icra olunan layihələr sayəsində ölkədə su çatışmazlığının səviyyəsi xeyli aşağı düşüb.

Azərbaycanda su çatışmazlığının bir səbəbi də bol sulu çayların, eləcə də Suqovuşan və Sərsəngçay su anbarlarının uzun müddət işğal olunmuş ərazilərdə qalmasıdır. Ermənilər suya tələbat olan zaman suyu kəsirdilər. Payız-qış aylarında su anbarlarından normadan artıq su buraxaraq daşqınların əmələ gəlməsinə rəvac verirdilər. Nəticədə bu bölgədə yerləşən əkin sahələrinə ciddi ziyan dəyirdi.

Qarabağ bölgəsinin su potensialından səmərəli istifadə etmək məqsədilə dövlət proqramı hazırlanıb. Proqramın icrası uzun illər ermənilər tərəfindən su “terror”una məruz qalan torpaqların suvarılmasının səmərəliyinin artırılması məqsədini daşıyır. Bunun üçün, ilk növbədə, bölgədəki mövcud meliorasiya və su təsərrüfatlarının bərpasını həyata keçirmək lazımdır. Odur ki, proqram çərçivəsində işğaldan azad edilən çayların üzərində 11 hidroqurğunun tikilməsi nəzərdə tutulub.

Hazırda işğaldan azad edilmiş ərazilərin su təminatının bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir. “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardımı Proqramı çərçivəsində Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu tərəfindən Füzuli rayonu Şükürbəyli kəndində içməli su təchizatının yaxşılaşdırılması üçün artezian quyusu qazılaraq transformator, “tap-stand”, 5 supaylama nöqtəsi və su çəni inşa edilib. Yeni istifadəyə verilən quyudan kəndin 1600 sakini yararlana biləcək. Bundan əlavə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılması, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsi üçün işlərə başlayıb. Artıq 28 min 249 hektar sahə subartezian quyuları, 7151 hektar sahə isə öz axını və nasos stansiyaları ilə suvarılır. Məlumat üçün bildirək ki, idarənin balansında 986 subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var. Bu imkanlar hesabına əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün istismarı dayanmış və suyu azalmış subartezian quyuları bərpa edilir, Prezidentin sərəncamlarına əsasən, yeni quyular qazılır. Təkcə 5 ildə rayonda 207 subartezian quyusu qazılıb istehlakçıların istifadəsinə verilib.

Rayondakı subartezian quyularının, nasosların və hidroqurğuların təmiri də diqqət mərkəzində saxlanılır, eyni zamanda kanallar ilboyu lildən təmizlənir. Məsələn, cari ilin ötən dövrü suvarma kanallarında 256 min kubmetr lildən təmizləmə işləri görülüb, 42 hidrotexniki qurğu, 480 nasos, 3 nasos stansiyasında təmir işləri aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində əkinlərin suvarma suyu ilə təminatında heç bir çətinlik yaranmayıb.

Ağdamın işğaldan azad edilən ərazilərində də su təsərrüfatı obyektlərinin bərpasına başlanılıb. Yeri gəlmişkən qeyd edək ki, rayonun işğaldan azad edilmiş ərazilərində 327 subartezian quyusu, Xaçınçay və Ağdamkənd su anbarları, 396 kilometr magistral kanallar, 427 hidrotexniki qurğu, həmçinin arxlar, kiçik su tutarları var. Artıq Xaçınçay su anbarı üzrə smeta-layihə işləri yekunlaşır. Su anbarının qarşısındakı 14 kilometr suvarma kanalı da minalardan təmizlənib. Üstəlik, bir subartezian quyusu bərpa edilib ki, onun da vasitəsilə 35 hektar ərazi suvarma suyu ilə təmin olunacaq.

Qarabağ bölgəsində su təminatı sahəsində xüsusi rolu olan Suqovuşan bəndində də təmir işlərinə başlanılıb. Birinci mərhələdə Suqovuşan bəndinin mexaniki avadanlıqları, suburaxıcı qurğuları, seqment qapıları, eləcə də 5,2 kilometr uzunluğunda magistral kanal təmir olunacaq. İkinci mərhələdə uzunluğu 22 kilometr olan Tərtərçay Sol Sahil, üçüncü mərhələdə isə uzunluğu 70 kilometr olan Tərtərçay Sağ Sahil kanalları təmir və bərpa ediləcək. Təmir işlərinin birinci mərhələsi bu ilin sonunadək başa çatdırılacaq. İkinci mərhələnin bu il başlanması və gələn il yekunlaşdırılması nəzərdə tutulur. Üçüncü mərhələ üzrə də işlər aparılır. Təmir-bərpa işləri nəticəsində ümumilikdə 96 min 200 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq.

Qeyd edək ki, 1976-cı ildə istismara verilmiş Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan sular hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam, Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulmuşdu. Lakin 30 il əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı işğal olunduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlərə səbəb olmuşdu. Suqovuşanın işğaldan azad edilməsi ərazidə ekoloji tarazlığın bərpası ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan ərazilərə suyun verilməsinə, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaratmışdır.

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Laçın rayonu işğaldan azad olunduqdan sonra içməli su təchizatı sistemlərinin operativ şəkildə bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə su mənbələri, magistral kəmərlər və anbarlarda zəruri işlər görülür.

Laçın rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mənbələrə baxış keçirilib və bulaqlardan yaşayış məntəqələrinə suyun verilməsi qərara alınıb. Su mənbələrindən götürülən analizlər müsbət nəticələr verib. Bulaqlardan obyektlərə ümumilikdə 13 kilometr uzunluğunda müxtəlif diametrli su xətləri çəkilib və ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Hazırda Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna xidmət göstərilir.

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Laçın rayonu ilə yanaşı, Şuşa və Kəlbəcər şəhərlərində, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video