28 Sentyabr 2022 22:23
583
CƏMİYYƏT
A- A+

Azərbaycan mediası tarixində yeni səhifə açılır

 

Reyestrin yaradılması jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsini təmin edəcək

 

Prezident İlham Əliyevin fərmanı ilə "Media Reyestrinin aparılması Qaydaları" təsdiq edilib. Bu fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılması kimi xarakterizə edilir.

Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdiriləcək. Bu, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması deməkdir.

Fərmanla reyestrin təhlükəsizliyinin təmin edilməsi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə Medianın İnkişafı Agentliyinə həvalə olunub. Qaydalara əsasən, reyestrə daxil edilmək üçün müraciət etmiş şəxslərin, o cümlədən jurnalistlərin reyestrə daxil edilməsindən imtina edildikdə, bu barədə agentlik tərəfindən əsaslandırılmış qərar qəbul olunur və 5 iş günü müddətində elektron qaydada onlara göndərilir.

Qeyd edək ki, media subyektləri mütləq şəkildə reyestrə daxil edilsə də, jurnalistlərin qeydiyyatı könüllülük prinsipi əsasında olacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə isə 3 il müddətinə vəsiqə veriləcək. Jurnalist vəsiqəsi medianın sağlamlaşdırılması baxımından vacib addım kimi qiymətləndirilir. Eyni zamanda Media Reyestrinə daxil edilmiş jurnalistlər müxtəlif güzəşt və imtiyazlardan yararlana biləcəklər. Media Reyestrinin əhəmiyyətindən söz açan redaktorlar da bu fərmanla jurnalistikada, mətbuatımızda yeni səhifənin açıldığını deyirlər.

 

Media Reyestri mətbuatın gözləntilərini doğruldacaq

 

"Trend" İnformasiya Agentliyinin baş direktor müavini, Əməkdar jurnalist Sahil Kərimli qəzetimizə açıqlamasında qeyd edib ki, Azərbaycan mətbuatı son illər yeni inkişaf mərhələsinə qədəm qoyub.

Sahil Kərimlinin sözlərinə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın media sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, mətbuatımız müasirləşir, peşəkarlaşır və dünyaya inteqrasiya edir. Son dövrlərdə bu sahədə ciddi islahatlar aparılır, media mühitinin sağlamlaşdırılması istiqamətində mühüm addımlar atılır. Medianın İnkişafı Agentliyinin yaradılması, həmçinin yeni "Media haqqında" qanunun hazırlanması və qəbul edilməsi olduqca təqdirəlayiq haldır. Bu qanun mütərəqqi sənəddir və Azərbaycan mətbuatının gələcək inkişafı üçün yol xəritəsidir.

Jurnalistin sözlərinə görə, yeni qanunda media qurumlarının inkişafı, jurnalistlərin peşəkarlığının artırılması, bu sahənin saflaşması və digər önəmli məqamlar nəzərə alınıb: "Qanunda nəzərdə tutulmuş Media Reyestrinin yaradılması isə daha böyük önəm kəsb edir, mətbuatda yaranmış özbaşınalıq, neqativ və xoşagəlməz halların aradan qaldırılmasına yönəlib. Yeri gəlmişkən, bu günlərdə dövlət başçısı "Media Reyestrinin aparılması Qaydaları"nı təsdiqlədi.  Qaydalara görə, Media Reyestrində media subyektləri, onların redaksiyaları və jurnalistlərə dair elektron hökumət portalında mövcud olan məlumatlar inteqrasiya, digər məlumatlar isə istifadəçi tərəfindən daxil edilməklə sistemləşdirilir". 

Sahil Kərimli deyir ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək. Daha bir məqam isə ondan ibarətdir ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə jurnalist vəsiqəsinin təqdim olunması media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək.  Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə də tam müstəqil olacaqlar. Bu reyestr, həmçinin media subyektlərinin və bu sahədə işləyən şəxslərin fəaliyyətinin, eyni zamanda yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına şərait yaradacaq. Bundan başqa, reyestr medianın inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılmasına imkan verəcək. Media Reyestrində qeydə alınmış jurnalistlərin daha bir üstünlüyü isə onların hüquqlarının təmin olunması ilə bağlıdır. Belə ki, media subyektləri və jurnalistlərin hüquqlarının daha yüksək səviyyədə müdafiəsi təmin ediləcək.

O vurğulayır ki, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan da yararlana biləcəklər: "Media sahəsində plagiatlıq, müəlliflik hüquqlarının kobud şəkildə pozulması və bu kimi xoşagəlməz hallara da rast gəlinir. Bu sahədə də köklü dəyişikliyə ehtiyac var. Media Reyestrinin yaradılması ilə keyfiyyətli xəbər istehsalının təmin edilməsi, müəlliflik hüquqlarının qorunması mümkün olacaq".

Jurnalistlərin akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçiriləcəyini qeyd edən Sahil Kərimli bildirir ki, Azərbaycanın media sektorunda yeni, tamamilə sağlam mühit formalaşır və müasir inkişaf mərhələsinə çıxan mətbuatımız gözləntiləri doğruldacaq.

 

Jurnalistikada köklü dəyişikliklər...

 

Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının redaktoru Hacıbəy Heydərli qəzetimizə açıqlamasında deyib ki, hər sahədə olduğu kimi, media sahəsində də islahatlar aparılır və cəmiyyətimizin mediadan çox böyük gözləntiləri var. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyinin yaradılması, onun həyata keçirdiyi uğurlu layihələr, Mətbuat Şurasının yeni İdarə Heyətinin formalaşması da bu islahatların tərkib hissəsidir. Jurnalist düşünür ki, "Media Reyestrinin aparılması Qaydaları" haqqında fərman peşəkar jurnalistika ilə məşğul olan şəxslərin fəaliyyətlərini daha şəffaf qurmalarına yeni imkanlar yaradacaq. Bu fərman Azərbaycan mediasının tarixində yeni səhifənin açılmasıdır.

H.Heydərli deyir ki, Media Reyestri Azərbaycan jurnalistikasında köklü dəyişikliklərə səbəb olacaq, jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatlar vahid bazada toplanacaq və bundan ən çox fayda görən cəmiyyət olacaq: "Jurnalist fəaliyyəti ilə məşğul olan şəxslər haqqında məlumatların vahid bazada toplanması, həm də  jurnalistlərin akkreditasiya prosedurunu asanlaşdıracaq, onların qeyri-peşəkarlardan fərqlənməsinə gətirib çıxaracaq. Eyni zamanda ölkəmizdə həqiqi jurnalistika ilə məşğul olanların sayı bəlli olacaq".

O bildirir ki, bu proseslər nəticəsində Azərbaycan mediasına olan inam bərpa ediləcək, jurnalistika yeni mərhələyə qədəm qoyacaq. Bundan əlavə, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr təqdim olunacaq, bu da media mühitinin sağlamlaşdırılması baxımından çox müsbət və vacib addımdır.

Bu işdə ən çox peşəkar media qurumlarını və jurnalistlərin fəal olmasının vacibliyini vurğulayan H.Heydərli deyir ki, bu, məhz jurnalistikamızın saflaşmasına, şəffaflaşmasına gətirib çıxaracaq. Redaktor sonda bildirir ki, reyestrə daxil edilmiş media subyektləri və jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcək, eyni zamanda onların cəmiyyətdə nüfuzunun yüksəlməsinə və ictimaiyyət tərəfindən daha ciddi qəbul edilməsinə gətirib çıxaracaq.

Ekspertlərin səsləndirdikləri fikirlərə əsaslanaraq deyə bilərik ki, Media Reyestri Azərbaycan mətbuatının inkişafı üçün yeni mərhələnin başlanmasının əsasını təşkil edəcək.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video