16 Yanvar 2022 00:56
796
SİYASƏT

Azərbaycan dünyaya nümunə göstərən ölkədir

 

Prezident İlham Əliyev  yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bir daha bildirdi ki, ölkəmiz dünya miqyasında öz modelini ortaya qoyur

 

Tarix boyu xalqları çətin və böhranlı vəziyyətlərdən liderlərin siyasi iradəsi və uzaqgörənliyi xilas edib. Böyük çağırışlar zamanı hər bir liderin üzərinə düşən əsas vəzifə məhz xilaskarlıq missiyasıdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin  Müzəffər Ali Baş Komandanı İlham Əliyevin də “dünyanın taleyini həll edən” böyük dövlətlərin təzyiqlərinə qarşı mübarizliyi, yüksək intellekti, məntiqli diplomatiyası ilə sipər çəkməsi 44 günlük Vətən müharibəsində bir daha özünü təsdiqlədi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasətin düşmənə həm döyüş meydanında, həm də informasiya savaşında üstünlük qazanmağımıza şərait yaratması danılmaz həqiqətdir. Ermənistanın 27 sentyabr 2020-ci il tarixdən Azərbaycana qarşı genişmiqyaslı açıq hərbi əməliyyatlara başladığı vaxtdan dövlətimizin başçısının dünyanın ən məşhur televiziya kanallarına müsahibə verməsi səbəbsiz deyildi. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə geniş auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

2022-ci il yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə də bir daha ötən illərdə əldə edilən nailiyyətlərə və qarşıda duran əsas hədəflərə diqqət çəkildi.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başlayanda, eləcə də başa çatanda  Silahlı Qüvvələrin Ali Baş Komandanı hərbi hospitala yollandı və yaralıların yanında oldu. Bu gün də  dövlət başçısı onların yanındadır. Həm də yalnız onların yox, şəhid ailələrinin də. Bütün bunlar  isə müharibə əlillərinə, şəhid ailələrinə dövlət qayğısı və diqqət deməkdir.

Dövlət başçısı bu məsələ ilə bağlı sualı cavablandırarkən qeyd etdi ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Dünyada bir çox ölkələr müharibə şəraitində olub. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, doğrudan da, nümunəvidir: “Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bugünə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir...”

Müsahibədə maraq çəkən məsələlərdən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətinə Azərbaycan Prezidentinin münasibətidir. Bildiyimiz kimi, münaqişə dövründə ATƏT-in Minsk qrupu adlı bir qrup var idi. Təəssüf ki, bu qrup faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı. Buna görə də Azərbaycan məcbur olub öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum  4 qətnaməsini təmin etdi. Münaqişə həll olunduqdan sonra isə Minsk qrupunun bir neçə dəfə bəyanat verməsi, sadəcə, gülüş yox, həm də təəssüf doğurdu.

Azərbaycan Prezidenti hələ müharibə dövründə beynəlxalq KİV-in təmsilçilərinin bu tip suallarını cavablandırarkən fikrini dəfələrlə bəyan etmişdi. Bu dəfə də dövlət başçısı konkret olaraq bildirdi ki, Minsk qrupu 1992-ci ildə yaradılıb və bu il 30 illiyidir. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar. Çünki Azərbaycan onların yerinə bu məsələni həll edib, həm də cəmi 44 gün ərzində. Halbuki 30 ilə onlar bu məsələni ya həll etmək istəmədilər, ya da bacarmadılar: “...Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır... Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram...”

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransanın nəinki parlament nümayəndələrinin, prezidentliyə bir neçə namizədlərinin Ermənistana və Qarabağa qeyri-qanuni olaraq səfərləri, orada qızışdırıcı bəyanatlar vermələri də müsahibədə diqqətdən yayınmadı. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, həmin bəyanatları verənlərin özləri də başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Bəyanatların səbəbi məlumdur: növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaq. Prezidentliyə namizəd Pekresin Azərbaycan ərazisinə belə təxribat xarakterli səfəri, ilk növbədə, Makrona qarşıdır. Maraqlıdır ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən, özünü əldən-ayaqdan salan kimi dünya gündəmini zəbt etməsi ilə yadda qalmışdı.  Hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri, az qala, sual altına düşmüşdü: “...Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək...”

Müharibə, döyüşlər, qan-qada, itkilər sonda tərəflərin birinin qələbəsi ilə başa çatır. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanın təcavüzkar siyasətinə birmənalı şəkildə nida işarəsi qoydu: “Qarabağ Azərbaycandır!”

Əlbəttə, dünya da bildi ki, dövlətimiz və xalqımız son 2-3 ildir yalnız Ermənistanla ön cəbhədə döyüşməyib, eyni zamanda, bəşəriyyəti qəfil və amansız ölümlə hədələyən koronavirusa qarşı mübarizə aparılıb. Ermənistanla müharibə başa çatsa da, təəssüf ki, dünyanın bir parçası, regionun isə inkişafına görə liderliyi əldə saxlayan Azərbaycan görünməz bu düşmənlə -koronavirusla hələ də mübarizə aparır. İki il öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün vəziyyət tamamilə başqadır. Virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir. Lakin ölkəmizdə də artıq “Omikron”a yoluxma halları təsdiqlənib.

Bu da jurnalistləri maraqlandıran vacib məsələlərdən biri kimi müsahibədə diqqət mərkəzində saxlanıldı. Hələ pandemiyanın ölkəmizdə “ayaq açdığı” ilk günlərdən görülmüş  qabaqlayıcı profilaktik tədbirlər, yaradılan şərait öz səmərəliliyini göstərib. Azərbaycan MDB məkanında vaksinasiyaya start verən birinci ölkə olub. 2021-ci il yanvarın 18-də artıq vaksinləri əldə etdik. Türkiyə vasitəsilə “Sinovac” vaksinləri ölkəyə gətirildi və peyvəndləmə prosesinə start verildi. Ondan sonra Azərbaycan həm “Sinovac”, həm  də “Pfizer”lə birbaşa kontraktlar bağladı. Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika, ən gözəl xəstəxana COVID xəstələrinin sərəncamına verildi. Təkcə onu demək kifayətdir ki, hazırda  respublikamızda 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur: “...Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki doza alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm. Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur...”

Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan COVID pandemiyasına qədər Qoşulmama Hərəkatına üzv ölkələrə kömək edib. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə bir çox ölkələrə humanitar yardım göstərilib. Pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə, həm də maddi yardım göstərilib. Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü, eləcə də Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Çünki artıq çiynində Qarabağ problemi kimi ağır yük yoxdur. Yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri kimi tanınması üçün Azərbaycanın imkanları genişlənməkdədir.

Azərbaycan Prezidenti müsahibəsinə yekun vurarkən bir daha xatırlatdı ki, həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız buna zəmin yaradır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video