18 Dekabr 2021 00:34
982
Təhsil
A- A+

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd edilib

 

Dekabrın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri, elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yubiley mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamında ADPU-nun zəngin və məhsuldar inkişaf yoluna xüsusi qiymət verildiyini diqqətə çatdırıb. Son illər ərzində ali təhsil müəssisəsində görülən işlərdən və aparılan islahatlardan, əldə olunan nəticələrdən danışıb.

Rektor bildirib ki, müstəqillik dönəmində ADPU-nun yubileyləri keçirilib. Amma ilk dəfədir ki, yubiley tədbirini təcavüzkar Ermənistanı diz çökdürmüş qalib dövlətin vətəndaşları kimi, torpaqları işğaldan azad olunmuş qalib xalqın nümayəndələri kimi böyük sevinc və iftixarla qeyd edirik. Bu sevinci, bu qüruru bizə yaşadan Müzəffər Ali Baş Komandanımız və rəşadətli ordumuz olub. Fəxr edirik ki, misli görünməmiş Zəfərin qazanılmasına universitetimizin tələbə və məzunları da töhfə veriblər. Yetirmələrimizdən təqribən 200 nəfəri ön cəbhədə vuruşub, onlarca məzunumuz qazi olub, 12 nəfər şəhidlik zirvəsinə yüksəlib.

1921-ci ildə cəmi 6 tələbə və 8 müəllimlə Ali Pedaqoji Kişi İnstitutu adı altında fəaliyyətə başlayan universitetimiz bu gün 18600 nəfərdən çox tələbəsi, 1684 nəfərlik professor-müəllim və inzibati-texniki heyəti ilə ölkənin ikinci  böyük ali təhsil ocağına çevrilib. Son 100 ildə ADPU-nu 160 mindən çox tələbə bitirib ki, onlar da istər təhsil, istərsə də digər sahələrdə Azərbaycanın ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

Son illər cəmiyyət həyatının bütün sahələrində aparılan köklü və sistemli islahatlar təhsil sahəsində də özünü göstərib. İslahatlar, ilk növbədə, təhsilin bütün pillələrində məzmun və bazanın yenilənməsinə, yüksək intellektli, geniş dünyagörüşlü, yaradıcı təfəkkürlü, praktik səriştəli və vətənpərvər ruhlu gənclərin yetişdirilməsinə yönəlib. Sadalanan istiqamətlərin hər birində nisbətən qısa zaman kəsiyində nəzərəçarpacaq dəyişikliklər baş verib, danılması mümkün olmayan uğurlar qazanılıb.

İcrası bu il başa çatan strateji inkişaf planımıza uyğun olaraq, məzmunun yenilənməsi, tədris və imtahan prosesinin maksimum şəffaflaşdırılması, yeni nəsil təhsil proqramlarının hazırlanması, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq  əsas hədəflərimizdən olub.

Son illər Azərbaycan Dövlət Pedaqoji Universitetində bir neçə yeni layihənin icrasına başlanılıb. Bunlardan birincisi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramıdır. Hazırda 50 gəncin magistratura təhsili aldığı bu proqram üzrə cari tədris ilinin sonunda ilk məzun buraxılışı olacaq, növbəti ildən isə qəbul planını 25 nəfərdən 40 nəfərədək artırmaq nəzərdə tutulur. Razılıq hissilə deyə bilərəm ki, proqram bizə dünyaca məşhur Corc Vaşinqton Universitetinin təhsil elmləri sahəsindəki zəngin təcrübəsindən faydalanmaq üçün geniş imkanlar yaradır.

Məzmunun yenilənməsi və müəllimlərin bacarıqlarının artırılması sahəsində Təhsil Nazirliyinin dəstəyi ilə “Tvinninq” layihəsi çərçivəsində 4 ixtisas pilot olaraq akkreditasiyadan keçirilib. Təhsil İnstitutu ilə birgə 3 ixtisasın məzmunu yenilənib. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə inklüziv təhsil layihəsi çərçivəsində müəllimlər üçün təlimlər təşkil olunub, müvafiq dərslik xarici dildən tərcümə və çap edilib. 2020-ci ildən etibarən bütün ixtisaslar üzrə “İnklüziv təhsil” fənni tədris planına daxil edilib. Təhsil Nazirliyi və Təhsil İnstitutunun köməyi ilə müəllimlərimiz STEAM təlimi alıb, müvafiq STEAM laboratoriyaları yaradılıb və STEAM dərsləri 8 ixtisas üzrə tədris planına salınıb. ABŞ səfirliyi və Azərbaycan Müəllim İnkişaf Mərkəzi ilə birlikdə ingilis dili müəllimləri üçün TKT təlimləri keçirilib, müəllimlərin işə qəbulunda seçki mexanizminin real tətbiqi sayəsində yeni təfəkkürlü gənc müəllimlər universitetə daha geniş şəkildə cəlb edilib və sair tədbirlər yerinə yetirilib. Hazırda ADPU-da 22 ixtisas üzrə Azərbaycan bölməsi ilə yanaşı, son illər ixtisas sayı 3-dən 10-a çatdırılan rus bölməsi də fəaliyyət göstərir. Eyni zamanda cari tədris ilində bakalavr səviyyəsində ibtidai sinif və riyaziyyat müəllimliyi ixtisasları üzrə ingilis bölməsi açılıb. 

Ali məktəbin əsas reytinq göstəricilərindən birincisi yetirmələrinin əmək bazarında yer tapmasıdır. Bu baxımdan son illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarının müəllimlərin işə qəbulu (MİQ) və magistraturaya qəbul imtahanlarında göstərdikləri nəticələri qənaətbəxş saymaq olar.

Ötən tədris ilində ADPU-dan bakalavr səviyyəsində 2119 nəfər məzun olub. Məzunlarımızın 873-ü magistraturaya imtahan verib, onlardan 353-ü yetərincə bal toplayaraq qəbul olunub. Bu il ADPU məzunlarının MİQ imtahanlarındakı nəticələri də uğurlu olub. Belə ki, magistraturaya qəbul olanlar və hərbi xidmətə yollananlar istisna olmaqla, universiteti bitirmiş 2119 bakalavrdan 1306-sı həmin imtahanlarda iştirak edib, onlardan 1089 nəfəri 30-dan yuxarı bal toplayıb. Qəbul olanlardan 530 nəfər 40-60, 184 nəfər isə 50-60 bal yığaraq yüksək nəticə göstərib. Cəmi bir neçə il əvvəllə müqayisədə bu göstərici bəzi ixtisaslar üzrə 4-5, bəzilərində isə 7-8 dəfə yaxşılaşma deməkdir.

Yubiley başa vurduğumuz 100 ilə və xüsusən də cari vəziyyətə baxaraq nəticə çıxarmaqla yanaşı, həm də gələcək üçün ciddi planlar qurmaq vəzifəsini qarşıya qoyur. Sözsüz ki, ADPU-nun mövcud vəziyyətində də müasir pedaqogikanın və təhsil elmlərinin ortaya çıxardığı ciddi tələblər, dəyişilməsi, müasirləşməsi tələb olunan kifayət qədər işlər var. Elm, təhsil və texnologiyaların misli görünməmiş sürətlə inkişaf etdiyi XXI əsrdə milli-mənəvi dəyərlərə bağlı, Vətənə və dövlətə sadiq, yaradıcı təfəkkürlü və müasir dünyagörüşlü, dərin savadlı və praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər və fəal vətəndaşlar yetişdirmək əsas hədəflərimizdəndir. Biz çalışırıq ki, yetirmələrimiz elmi-texnoloji nailiyyətləri dərindən mənimsəsinlər, lakin hazır məhsula aludə olmasınlar, onun yalnız istehlakçısı deyil, həm də istehsalçısı olmağa səy göstərsinlər. Hazırda qarşıda duran mühüm vəzifələrdən biri universitetimizin 2030-cu ilədək Strateji inkişaf planını müasir dövrün tələbləri nəzərə alınmaqla hazırlamaqdan və icra etməkdən ibarətdir. İnanıram ki, dövlətimizin dəstəyi ilə ADPU öz mövcudluğunun ikinci yüzilliyinə daha inamla və qlobal çağırışlara daha hazırlıqlı şəkildə daxil olacaq.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, Pedaqoji Universitetin ölkədə istər təhsil, istərsə də elmin inkişafında müstəsna rolu  olub. Universitetin məzunları həm təhsil, həm də çalışdıqları digər sahələrdə ölkənin ümumi inkişafına, sosial-iqtisadi və mədəni tərəqqisinə kifayət qədər sanballı töhfələr veriblər.

Nazir universitetin əldə etdiyi uğurlardan, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU-nun ABŞ-ın Corc Vaşinqton Universiteti ilə uğurla davam edən ikili diplom proqramının əhəmiyyətindən danışıb. Həmçinin ADPU-ya tələbə qəbulunun, eləcə də universitetin məzunlarının müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin yüksək olduğunu bildirib.

Emin Əmrullayev deyib: “Son illər istər müəllimlərin işə qəbulu müsabiqəsi, istərsə də müəllimlik ixtisasına qəbulda statistik rəqəmlər artıb. MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən təxminən 55-56 min nəfərə çatıb, yəni bu rəqəm 3 dəfə artıb. Bu da daha artıq rəqabətqabiliyyətli və keyfiyyətli müəllim seçmək imkanı yaradıb. Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəlliminə XX əsr müəllimində olan bacarıqlarla yanaşı, əlavə bacarıqlar da tələb olunur, artıq yeni bacarıq tələbləri də var”.

Nazir vurğulayıb ki, ali məktəbin məzunlarının bir qismi fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə davam etdirəcək. Bu, yeni nəslin hazırlanması baxımından vacib və ümidverici məqamdır.

Daha sonra çıxış edən ADPU-nun gənc müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Səbinə Əlizadə, universitetin IV kurs tələbəsi İsmayıl Nəsirov ADPU-nun təhsil sahəsindəki rolundan söz açıb, professor-müəllim heyətini təbrik edərək uğurlar arzulayıblar.

Mərasimdə ADPU-nun 100 illiyinə həsr edilmiş film nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video