04 Oktyabr 2022 01:02
530
İQTİSADİYYAT
A- A+

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına və Radio Tənzimləmə Komitəsinə üzv seçilib

 

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) sentyabrın 26-dan oktyabrın 14-dək Rumıniyanın Buxarest şəhərində növbəti Səlahiyyətli Konfransı keçirilir.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 4 ildən bir keçirilən Səlahiyyətli Konfransı zamanı təşkilatın Baş katibi, Baş katibin müavini, büro direktorları, o cümlədən BTİ-nin Radio Tənzimləmə Komitəsinə və təşkilatın idarəedici orqanı olan Şuraya üzvlər seçilir. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən seçkilərdə Azərbaycanın 2023-2026-cı illər üzrə BTİ Şurasının üzvlüyünə, habelə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Sahibə Abdullayevanın təşkilatın Radio Tənzimləmə Komitəsinin üzvlüyünə namizədlikləri irəli sürülmüşdü. 
Oktyabrın 3-də Azərbaycan yenidən BTİ-nin Şurasına 154 ölkənin səsi ilə üzv seçilib. Ölkəmizin ardıcıl olaraq üçüncü dəfə şuraya seçilməsi böyük nailiyyətdir. Xatırladaq ki, 2018-ci ildə ölkəmiz şuraya 119 səslə seçilmişdi.
Həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinə seçkilərdə ölkəmizin namizədi Sahibə Abdullayeva da 114 ölkənin səsini qazanaraq Şərqi Avropa və Şimali Asiya regionunda ən çox səslə Radio Tənzimləmə Komitəsinə yenidən seçilmiş Azərbaycan təmsilçisi olub. Radiorabitə Komitəsinə üzv seçilən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Abdullayeva radiorabitə sahəsində ixtisaslı mühəndisdir. 
1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda şuranın üzvü seçilib və bu illər ərzində şuranın fəaliyyətində fəal iştirak edir.
Xatırladaq ki, sentyabrın 27-də Səlahiyyətli Konfransda Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verib.
Konfrans davam etdiyi günlərdə Azərbaycan nümayəndə heyəti dünyanın bir çox ölkələrindən olan nümayəndələrlə sıx əlaqələrin qurulması, yeni əməkdaşlıq sahələrinin müəyyən olunması, ölkəmizin seçiləcəyi təqdirdə təşkilatın işinə verəcəyi töhfələr barədə təbliğat və təşviqat işləri aparıb.
Cari il ərzində müvafiq regional təşkilatların iclaslarında (Regional Rabitə Birliyi (RCC), Telekommunikasiya və Poçt Administrasiyalarının Avropa Konfransı (CEPT), Asiya və Sakit Okean regionu üzrə Telekom Birliyi (APT), Amerika Regional Telekommunikasiya Komissiyası (CITEL), Afrika Telekommunikasiya Birliyi (ATU) mütəmadi iştirak edilib və ölkəmizin seçki təşviqatı aparılıb.
Həmçinin BTİ-nin Ümumdünya Telekommunikasiya Standartlaşdırma Assambleyasında, şura iclaslarında, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində, Dünya İnkişaf Konfransında aktiv iştirak olunub.
Ölkəmizin bu konfransda yüksək nəticələr əldə etməsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyinin mühüm rolu olub. Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını bir daha nümayiş etdirir, həmçinin respublikamızın telekommunikasiya sahəsində həyata keçirdiyi genişmiqyaslı işlərin davamlı və uğurlu olacağına zəmin yaradır.
Şuranın üzvü qismində ölkəmizin təşkilatın idarəetməsində birbaşa iştirakı ölkə maraqlarının, eləcə də sahəvi fəaliyyətlərə dəstəyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə qanunsuz radio-TV yayımının və tezliklərdən istifadənin qarşısının alınması və mövzunun mütəmadi olaraq BTİ-nin gündəliyində saxlanması baxımından ölkəmizin BTİ-nin hər iki qurumunda təmsilçiliyi xüsusi əhəmiyyət kəsb edir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video