09 Dekabr 2021 00:34
873
SİYASƏT
A- A+

Azərbaycan beynəlxalq ədalət mühakiməsinin qalibidir

 

Ermənistan üzərində zəfər qlobal hüquq müstəvisində də davam edir

 

İkinci Qarabağ savaşında qalib gələrək torpaqlarını işğaldan azad edən Azərbaycan müharibənin başa çatmasından ötən müddətdə beynəlxalq hüquqi müstəvidə də Ermənistanı dalana dirəyib. Söhbət illər boyu işğal siyasəti yürüdən bu ölkənin törətdiyi cinayət əməllərinə görə beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmasından gedir.

 

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin etdi

 

Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistan tərəfindən azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar toplanılıb və sənədləşdirilib. Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulub. Azərbaycanın şəhərləri tamamilə Yer üzündən silinib. Üçtərəfli Bəyanatın imzalanmasından sonra isə Ermənistan vaxtilə işğal etdiyi ərazilərimizə minalar basdırmaqla bir daha insanlıq əleyhinə cinayətə yol verib, habelə minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməklə beynəlxalq konvensiyaları pozmağa davam edib.

Bütün bunlardan irəli gələrək  və BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyasını rəhbər tutaraq bu ilin sentyabrında Azərbaycan Ermənistan tərəfindən xalqımıza qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Ermənistan hər zaman milli və etnik mənşəyinə görə azərbaycanlılara qarşı silsilə ayrı-seçkilik hərəkətləri həyata keçirib. Müharibədən sonra da Ermənistan bu fəaliyyətini davam etdirməkdədir. Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanla bağlı qaldırdığı iddiada bütün bu  məsələlər ətaflı yer alıb. İddiada qeyd edilib ki, Ermənistan birbaşa və dolayı yollarla etnik təmizləmə siyasətini həyata keçirir, irqçi təbliğat apararaq azərbaycanlılara qarşı nifrəti və etnik zorakılığı qızışdırır və bu həmçinin hökumətin ən yüksək səviyyələrində aparılır. İddiada 2020-ci ilin 44 günlük müharibəsinə toxunularaq bildirilir ki, Ermənistan bu dövrdə bir daha azərbaycanlıları etnik nifrətdən qaynaqlanan qəddar rəftar üçün hədəf alıb. Bu ölkənin Azərbaycan əleyhinə ayrı-seçkilik siyasəti və hərəkətləri insan hüquqlarının və azərbaycanlıların fundamental haqlarının pozulmasına səbəb olub ki, bu da “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq konvensiyanın müvafiq maddələrinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan məhkəmədən Ermənistanı konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb olunmasını və bununla dövlətimizə və xalqımıza vurduğu ziyanı ödəməsini xahiş edib.

Beləliklə, bu il  dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.

Xatırladaq ki, bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan məhkəmə dinləmələrindən sonra verilib.

 

Ermənistanın vəsatətləri rədd edildi

 

Məhkəmə həmçinin Azərbaycan tərəfindən  saxlanılan erməniəsilli şəxslərin dərhal azadlığa buraxılmasına dair Ermənistan tərəfindən qaldırılan  vəsatəti rədd edib. Məsələ ilə bağlı bu şəxslər tərəfindən Azərbaycanın suveren ərazisində hərbi və digər cinayətlərin törədilməsini sübut edən dəlillər, Azərbaycanın öz cinayət və cinayət prosessual qanunvericiliyi əsasında bu şəxsləri məsuliyyətə cəlb etmə hüququnun olduğu, onların etnik erməni olduqlarına deyil, törədilmiş konkret cinayətlərə görə məsuliyyətə cəlb edildiyini sübut edən faktlar məhkəməyə təqdim edilib. Habelə məhkəmə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistan tərəfindən qaldırılan vəsatəti də rədd edib.

Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir. Belə ki, erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dinc əhaliyə qarşı törətdikləri təxribatçı əməllərlə bağlı başlanmış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və institusional tədbirlər həyata keçirilir.

Erməni vandalizmi nəticəsində talan edilmiş, dağıdılmış yaşayış məntəqələrinə, tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğlərinin müəyyən edilməklə beynəlxalq məhkəmələrə müraciət olunması istiqamətində müvafiq işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə vaxtilə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində də tədbirlər görülür.

Vətən müharibəsindən sonra Azərbaycan ədalət mühakiməsinin də qalibidir. Ermənistan üzərində zəfər beynəlxalq hüquq müstəvisində də davam edir. Respublikamız bundan sonra da beynəlxalq hüquq çərçivəsində bütün hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməkdə israrlıdır.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video