27 Avqust 2022 01:49
1902
SİYASƏT
A- A+

Azərbaycan bayrağı  Laçın şəhərində də dalğalanır

 

30 ildən sonra Laçın şəhərində Azərbaycan bayrağı dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şəhəri tam nəzarətə götürməsi şəhidlərimizin ruhunu şad etməklə yanaşı, hər bir azərbaycanlının ürəyini dağa döndərdi. Azərbaycan əsgərinin ayaq səsləri düşmənin bağrını yardı.

Beləliklə, dünən işğaldan azad olunmuş daha bir ərazimizdə Azərbaycanın nəzarəti bərpa olundu. Əlbəttə ki, bunun böyük tarixi əhəmiyyəti var. Bu tarixi gerçəklik bir daha onu göstərdi ki, tezliklə o bayraq Xankəndidə, Xocalıda da dalğalanacaq.

 

Laçın necə işğal edilmişdi?!

Birinci Qarabağ müharibəsində Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. Hələ 1924-cü ildə "DQMV" yarandıqdan sonra Laçın rayon statusu almışdı.

1988-ci ildən sonra ermənilərin Laçınla bağlı gizli niyyətləri üzə çıxmağa başladı. O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetirmişdilər. Məhz buna görə də Laçın Rayon Polis Şöbəsinin nəzdində ilk Xüsusi təyinatlı milis bölüyü yaradılmışdır. Həmin bölük Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumlarından qorumağa cavabdeh idi.

O dövrdə ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlanır. 1990-1991-ci illərdə Xüsusi təyinatlı milis dəstəsi, Şuşa Milis Şöbəsi və Daxili qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutulur, münaqişə ocağına çevrilən kəndlər boşaldılır. Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alınır.

Lakin paytaxtda gedən hakimiyyət davası, hərc-mərclik, ölkə rəhbərliyinin Qarabağda baş verən proseslərə etinasız yanaşması nəticəsində vəziyyət dəyişir, rayonlarımız bir-birinin ardınca itirilməyə başlanır. 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra düşmənin silahlı qüvvələri Ermənistanla birbaşa əlaqə yaratmaq üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başlayırlar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi. Şuşanın işğalından sonra oranı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən Azərbaycan döyüşçülərinin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi, texnikanın sayı az idi. Artıq Laçın şəhəri Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən Qrad və toplarla vurulurdu.

 Həmin ərəfədə döyüşçülərimizin Ermənistanla sərhəddə təlim silahları və çoxu işləməyən 28 ZTR-lə dayanmasına baxmayaraq, orduda yaranan hərc-mərclik, vahid komandanlıq sisteminin olmaması ağır nəticəsini verir.

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başlayırlar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarırlar. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkilirdilər. Bütün bunlar isə Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə erməni işğalçılarının tapdağı altında qaldı.

 

"Laçın dəhlizi" -  "nəfəs borusu"

Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz sıra dağlarına məxsus olan Qarabağ dağ silsiləsinin suayrıcı ilə Qarabağ yaylası arasında yerləşir. Bu ərazinin böyük hissəsi düzənlik və yaylalardan ibarətdir. Diyarın təbii-coğrali mövqeyi olduqca əlverişlidir.

Qədim yurd yerimiz Laçının işğal edilməsi ermənilərin uzun illər ərzində qurduğu ən vacib planlardan biri olub. Çünki Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi.

"Laçın dəhlizi" - Gorus - Şuşa - Kəlbəcər - Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Ərazi etibarilə təbii resurslarla zənginliyi bu dəhlizin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını bu dəhlizdən götürdüyünü desək, heç də yanılmarıq.

Ümumiyyətlə, "Laçın dəhlizi" 1992-ci ilin mayında Azərbaycan ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan arasında açılan dəhlizdir. Rəsmi olaraq Laçın rayonunun bir hissəsi olan bu dəhliz 1994-cü ildə keçmiş Qarabağ müharibəsinin atəşkəs razılaşmasından sonra qondarma "Dağlıq Qarabağ Respublikası"nın nəzarəti altında idi. Bu dəhliz vasitəsilə terrorçu Ermənistan böyük miqdarda narkotik tranziti həyata keçirirdi. Yəni uzun illər boyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq, müharibənin ilk mərhələsində separatçılar arasında "nəfəs borusu" rolunu oynayırdı. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib.

 18 may 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan Laçın rayonu 28 il sonra, 2020-ci il Vətən müharibəsindəki zəfərimizlə düşməndən azad edildi. Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də bir güllə atılmadan Laçın rayonu geri qaytarıldı. Sadəcə olaraq Laçın şəhəri, rayonun Zabux və Sus kəndləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olduğu ərazilərimizə düşdüyü üçün orada qeyri-qanuni məskunlaşmış ermənilər torpaqlarımızdan çıxmamışdılar. Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Laçın şəhərindən yan keçən avtomobil yolu inşa etməli və bundan sonra sülhməramlılar "Laçın dəhlizi"nə alternativ olan həmin yolda yerləşməli idilər. Azərbaycan üzərinə düşən bu öhdəliyi qısa zamanda reallaşdıraraq həmin yolu inşa etdi və Rusiya sülhməramlılarının dəhlizdəki müvəqqəti fəaliyyəti başa çatdı. Buna görə də Laçın şəhəri, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilərin çıxarılması zərurəti yarandı.

 

İlham Əliyevin humanistliyi qarşılığında əsl erməni xisləti yenə özünü göstərdi

Azərbaycanın yeni inşa etdiyi Laçın şəhərindən yan keçən avtomobil yolu Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir.

Zabux çayının sahilində salınan eyniadlı kənd isə Rusiya sülhməramlılarının artıq nəzarət etmədiyi "Laçın dəhlizi"ndə yerləşir. Ermənilər kəndi "Aqavno" adlandırmışdılar. Bu kənddə 300-ə yaxın erməni qeyri-qanuni yaşayıb. Onlar vaxtilə İrəvan hakimiyyəti tərəfindən Livan, Suriya və İraqdan Azərbaycan ərazilərinə köçürülüblər.

Beləliklə, torpaqlarımızda qeyri-qanuni məskunlaşan ermənilərin ərazilərimizdən tam çıxarılması 30 il çəkdi. Bu müddət ərzində təbii sərvətlərimizi yağmalayan ermənilər azərbaycanlıların dədə-baba yurdlarındakı tarixi izləri belə silməyə cəhd etdilər. Amma niyyətləri başlarında çatladı. Əsl erməni xislətlərini isə əraziləri tərk edərkən bir daha nümayiş etdirdilər.

Öncə onu deyək ki, Qalib Komandan kimi İlham Əliyev yenə də humanizm prinsiplərinə sadiq qalaraq ermənilərə ərazilərimizi tərk etmələri üçün avqustun 5-dək vaxt vermişdi. Lakin onlar bu vaxtın avqustun 25-dək uzadılmasını xahiş etdilər və Azərbaycan Prezidenti yenə də humanizm ənənəsinə sadiq qaldı. Bu müddətdən istifadə edən mənfurlar müxtəlif bəyanatlar səsləndirməklə ərazilərimizdən çıxmamağa çalışırdılar. Hətta Ermənistandakı keçmiş hərbi xunta rejiminin bir neçə tör-töküntüsü də gəlib həmin şəxslərə "dəstək" verirdi.

Sözü imzası qədər keçərli olan İlham Əliyev avqustun 12-də həmin şəxslərə və rəsmi İrəvana növbəti sərt xəbərdarlığını ünvanladı: "Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar, Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır. Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq".

Bu fikirləri ilə İlham Əliyev yenə də qətiyyətli mövqeyini bildirdi və təbii ki, verilən vaxtda məsələ həll olunmalı idi. Əks təqdirdə ermənilər İlham Əliyevin etdiyi xəbərdarlıqlara əməl etməməyin nəticəsinin necə olduğunu yaxşı bilirdilər.

30 ildən sonra ermənilər torpaqlarımızdan rədd olub getdilər. Amma getmədən öncə yenə də xislətlərini nümayiş etdirdilər. Yaşadıqları mənzillərə od vurub yandırdılar. Elə zənn etdilər ki, azərbaycanlılar 30 ildən sonra qayıdıb onların donuz saxladıqları daxmalarda qalacaqlar. Düşünmədilər ki, dədə-baba yurdlarımızdakı qədim evlərimizin daşını-divarını sökməklə özlərinə tikdikləri murdar evlər bizə lazım deyil, bu, onların başlarına dəysin. Onların tör-töküntüsü, hansısa əşyası bizim nəyimizə lazımdır?!

Dünya İlham Əliyevin cəmi ilyarıma Qarabağda, Şərqi Zəngəzurda yaratdığı xariqələrdən danışır, Azərbaycanın öz gücünə qurduğu modern "ağıllı kənd", "ağıllı şəhər" layihəsini nümunə göstərir. Terrorçunun, uşaq qatillərinin, işğalçının bir əşyasını belə görmək istəmirik. İstədiyimiz yalnız erməni ünsürlərinin torpaqlarımızdan kökünün kəsilməsidir.

 

Qalib Komandan qətiyyətinin təcəssümü, vaxtında verilən qərarların icrası

Bu gün artıq Laçın şəhərində Azərbaycan bayrağı dalğalanır və bundan sonra da əsrlər boyu öz torpaqlarımızda bərq vuracaq. Laçından çıxmaları üçün cəmi 10 saat vaxt verilən və bu torpaqları gözüyaşlı tərk etmək məcburiyyətində qalan soydaşlarımız indi sevinc gözyaşları ilə geri dönüş gününü səbirsizliklə gözləyirlər. Artıq Prezidentin tapşırığı ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin nümayəndələri ilə görüşlər keçirilib və onlar dədə-baba yurdlarına dönmək üçün hazır olduqlarını vurğulayıblar.

Tezliklə Laçın şəhərində həyat yenidən qaynayacaq, İlham Əliyev ermənilərin yandırdıqları mənzillərin yerində düşmənə gözdağı verən möhtəşəm şəhər salacaq. Heydər Əliyev Fondu erməni barbarlarının izini itirmək istədikləri tarixi-mədəni və dini abidələrimizi yenidən bərpa edib, xalqın ixtiyarına verəcək. 

Dünən Laçın şəhərinin tam boşaldılması və ordumuzun şəxsi heyətinin əraziyə yerləşdirilməsi ilə bağlı paylaşım edən Ali Baş Komandan bu münasibətlə xalqa təbrik ünvanlayıb: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"

Bu, bir daha İlham Əliyev qətiyyətinin təcəssümü oldu. Bu, eyni zamanda Azərbaycanın üçtərəfli Bəyanatda əksini tapan öhdəliklərini vaxtından tez icra etməsinin real təsdiqi oldu. Belə ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi üçün Azərbaycana 3 il vaxt verilmişdi. Amma İlham Əliyev bu yolu cəmi ilyarıma çəkdirdi. Yəni Azərbaycan istəsəydi, bu yolu 3 ilə də inşa edə bilərdi. Amma İlham Əliyevin uzaqgörənliyi, verdiyi qərarların icrası onu göstərir ki, Azərbaycan Prezidenti nəyi nə zaman, hansı vaxtda reallaşdırmağı çox gözəl bilir.

 

Azərbaycan Ordusunun Laçın şəhərinə girişi Xankəndidə təşviş yaratdı

Onu da əlavə edək ki, Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən bir sıra strateji əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqların icrası davam etdirilir.

Müdafiə Nazirliyindən qəzetimizə verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 62 kilometrdən çox yeni təminat yolları çəkilib. Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə həyata keçirilən zəruri tədbirlər yüksək peşəkarlıqla yerinə yetirilir.

Dünən Azərbaycan Ordusunun Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması barədə xəbərə əvvəlcə susqunluq nümayiş etdirən Ermənistan mətbuatı cəmi 2 saat dözə bildi. Aparıcı erməni KİV nəhayət istəməsələr belə ordumuzun Laçın şəhərindən yayılan görüntülərini və korpus komandiri, general-mayor Kənan Seyidovun Ali Baş Komandana məruzəsini dərc etməyə məcbur olublar. Azərbaycanın dövlət bayrağının Laçın şəhərində dalğalanması barədə xəbər Xankəndidə yaşayan mülki ermənilər arasında təşvişə səbəb olub. Xankəndidəki separatçıların "İnformasiya mərkəzi" dərhal sakinləri sakitləşməyə, həyəcanlanmamağa çağırıb.

Göründüyü kimi, artıq Azərbaycan Ordusunun Laçın şəhərindəki ayaq səsləri bütün Qarabağda, Şərqi Zəngəzurda eşidilir və düşmənin bağrı yarılır. Tezliklə Zəngəzur dəhlizinin açılması da zəfərimizin davamı olaraq tarixə yazılacaq.

 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video