07 Sentyabr 2022 01:08
1471
SİYASƏT
A- A+

Azərbaycan Avrasiyada enerji təminatçısı rolunu daha da gücləndirir

 

İlham Əliyevin reallaşdırdığı qlobal layihələr ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırır

 

6 il öncə - 2016-cı il sentyabrın 1-də Azərbaycan tarixində mühüm hadisələrdən biri yaşanır. Bakı Dərin Özüllər Zavodunda ilk dəfə olaraq tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilən "Şahdəniz-2" layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilir.
Mərasimdə iştirak edən Prezident İlham Əliyev deyir: "Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər". 
Elə həmin il Nazirlər Kabinetinin son iclasında Prezident bir daha qeyd edir ki, artıq postneft dövründə yaşayırıq. Ancaq bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də ölkəmizə valyuta axını artacaq.
Dünyanı bürüyən qlobal pandemiya, iqtisadi böhran, müxtəlif ərazilərdəki münaqişələr fonunda Azərbaycan beynəlxalq miqyaslı layihələrini reallığa çevirir.  Hazırda dayanıqlı inkişafını təmin edən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynaması, İlham Əliyevin illər öncə uzaqgörənliklə söylədiyi fikirlərin reallaşdığını bir daha təsdiqləyir. 
İtaliyaya işgüzar səfəri zamanı Azərbaycan Prezidentinin "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən təşkil edilmiş beynəlxalq forumdakı çıxışı və bu ölkənin "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər bir daha Azərbaycanın hansı potensiala malik olduğunu dünyaya bəyan etdi.

 

Avrasiyanın enerji xəritəsini dəyişdirən ölkə

 

Bu gün həqiqətən də Azərbaycanın adı qaz ixrac edən dövlətlərin sırasında çəkilir və tərəfdaş ölkələrin sayı getdikcə artır. Bunun əsas səbəblərindən biri də Azərbaycanın özünün etibarlı tərəfdaş funksiyasını uğurla yerinə yetirməsidir. 
Əlbəttə ki, bu uğurlar o qədər də asan əldə edilməyib. Azərbaycan çətin dönəmlərdən keçsə də, müəyyən təzyiqlərə məruz qalsa da, sonunda istəyinə nail ola bilib. Bu, Ulu Öndər Heydər Əliyevin əzmkarlığı və İlham Əliyevin qətiyyəti sayəsində reallaşıb. İtaliyada beynəlxalq forumdakı çıxışında Prezident İlham Əliyev bu məsələlərə bir daha aydınlıq gətirərək Azərbaycanın enerji strategiyasının mərhələlərə bölündüyünü vurğulayıb.  Belə ki, 1994-cü ildə dövlət müstəqilliyinin bərpasından üç il sonra Ümummilli Lider Heydər Əliyev dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edir və bununla da Azərbaycan bir ilkə imza atır. Çox keçmir ki, ölkəmiz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilir. 
Azərbaycanın açıq dənizə çıxışı olmadığı üçün dünya bazarına olan yolun daha da genişləndirilməsi yalnız ixrac boru kəmərləri vasitəsilə reallaşa bilərdi. Beləliklə, Azərbaycan iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarına və digər dünya bazarlarına təchizatı şaxələndirməyə nail olur.

 

2,6 trilyon kubmetrə bərabər qaz ehtiyatı var

 

Prezidentin söylədiyi kimi, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Ölkəmizin təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən, hazırda Azərbaycanın 2,6 trilyon kubmetrə bərabər qaz ehtiyatı var. 
Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarının etibarlı təchizatçısıdır. Lakin dövlətin mövcud potensialı və qaz infrastrukturuna sərmayə yatırmaq planları nəzərə alınaraq ölkənin böyük qaz təchizatı boru kəmərinin - "Cənub qaz dəhlizi"nin inşasına başlanılır. Bu, üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəməri. 
2020-ci il dekabrın 31-də TAP istifadəyə verilən, Azərbaycandan İtaliya sahillərinə qədər uzanan 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür.
İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan bu il həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırır. Ümumi ixrac isə 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Xatırladaq ki, bu ilin iyulunda Azərbaycana səfər edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə İlham Əliyevin imzaladığı Anlaşma Memorondumu da Azərbaycanın iqtisadi gücünün göstəricisi hesab olunmalıdır. Bu sənədə əsasən Azərbaycan Avropa ölkələrinə ixrac etdiyi qazın həcmini 2027-ci ilədək 10 milyarddan 20 milyard kubmetrə çatdıracaq. 
Göründüyü kimi, Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Sözü imzası qədər keçərli olan İlham Əliyev avropalıları əmin etdi ki, bu, mütləq reallaşacaq. Amma bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə yatırımı lazımdır. Çünki "Cənub qaz dəhlizi"nin müxtəlif seqmentlərinin imkanları fərqlidir.  
İlham Əliyev bu məsələ ilə bağlı investorlara da çağırış edərək dedi ki, bu proses əlavə maliyyə vəsaiti tələb edir. Azərbaycan bir ölkə və investor olaraq buna hazırdır. Lakin bu məsələdə komandanın digər üzvlərinin də iştirakı zəruridir.

 

Yeni İpək yolu Xəzər üzərindən keçə bilər

 

İlham Əliyevin qətiyyətli və müstəqil siyasi kursu Azərbaycanı ən yüksək tribunalarda tanıtdırmaqda davam edir. Prezidentin İtaliyaya səfəri də bu baxımdan xüsusi diqqət çəkir. İtaliyaya səfər çərçivəsində strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan İtaliya ilə Azərbaycan arasında yeni səhifə açdı. 
Azərbaycan Prezidenti dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə, yeni geopolitik durumun real mənzərəsini yaratdı, yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident bildirdi ki, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, "yaşıl enerji" də daxildir. 
İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsi də beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı. Prezident müsahibəsində bir daha Azərbaycanın iqtisadi imkanlarını dəyərləndirərək dünya ictimaiyyətinin, xüsusən də böyük investor şirkətlərin diqqətini ölkəmizə yönəltdi. 
Prezident - "Yeni İpək yolunun Xəzər üzərindən keçməsi və zəruri infrastruktur olduğu halda ölkəniz kommersiya mərkəzinə çevrilə bilər. Bu haqda nə vaxtsa düşünə bilərdiniz?" - sualına cavabında vurğuladı ki, Azərbaycan bunun üzərində illər öncə çalışmağa başlayıb. Bunun üçün Xəzər dənizində ən böyük ticarət limanı inşa edilib. Bu gün o, tam gücü ilə çalışır və artıq onun genişləndirilməsi zərurəti də yaranıb. Çünki kran 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Bundan başqa, Azərbaycan özü gəmiqayırma zavodu inşa edib və hazırda Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmiləri inşa etmək iqtidarındadır. Azərbaycanın inşa etdiyi dəmir və avtomobil yolları ilə Çin və Mərkəzi Asiya ölkələrindən gələn yüklər Avropanın şimalına qədər gedib çıxır. Bu ixrac əməliyyatları hər il getdikcə artmaqdadır. 
Bütün bunlar sübut edir ki, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan regional nəqliyyat mərkəzinə çevrilir - təkcə şərqdən cənuba və geriyə deyil, həmçinin şimaldan cənuba yol açır. "Cənub-Şimal nəqliyyat dəhlizi" Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən ruslar Avropa məntəqələrinə yük daşıya bilmirlər. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedicidir. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar. "Biz iki dəhliz üzərində yerləşirik - Cənub-Şimal və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz "Cənub-Şimal nəqliyyat dəhlizi"nin "Şərq-Qərb dəhlizi" qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir", - deyə Prezident bildirib.
Azərbaycan Avrasiyada əsas enerji təminatçısı rolunu daha da genişləndirir. İlham Əliyevin reallaşdırdığı qlobalmiqyaslı layihələr bu gün Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlər qazandırmaqdadır. Cənubi Qafqazın lider dövləti bununla da regionda əsas söz sahibi olduğunu təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video