08 Yanvar 2023 01:29
1440
SİYASƏT
A- A+

Azərbaycan 2023-cü ilə böyük uğurlarla qədəm qoydu

 

İlham Əliyevin xarici siyasət konsepsiyası dövlətimizin milli maraqlarını layiqincə təmin edir

 

2022-ci il Azərbaycanın tarixinə  növbəti uğurlu dövr kimi həkk olundu. Vətən müharibəsinin bitməsindən qısa dövr ötməsinə, habelə pandemiyanın hələ də davam etməsinə baxmayaraq, ötən il respublikamızda iqtisadi və sosial sferada mühüm nailiyyətlər əldə edildi. İqtisadiyyatda təxminən 5 faiz, qeyri-neft sektorunda 9 faizdən çox artım qeydə alındı.

 

Qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib

 

Prezident İlham Əliyev 2021-ci ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində demişdi: "Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm".

2022-ci ilin mənzərəsi göstərir ki, dövlət başçısının dediyi kimi, ötən il ölkəmiz üçün uğurlu dövr olub. Bu dövrdə qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, respublikamız özünün strateji məqsədlərinə doğru inamla addımlayıb.

Öncə onu qeyd edək ki, 2020-ci ilin 44 günlük Vətən savaşında qazanılan qələbə, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması ötən il respublikamızda gedən bütün proseslərə əhəmiyyətli dərəcədə təsir göstərdi. Ən əsası, bu zəfər cəmiyyətimizdə yüksək ovqatın yaranmasına yol açan amil kimi özünü göstərdi. Vətən savaşında qazanılan zəfər ötən il Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi ilə davam etdi. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, Zəngilanın Ağalı kəndinin sakinləri öz yurdlarına qayıtdılar. Bu cür nəhəng infrastruktur layihələrinin qısa müddətdə yerinə yetirilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin növbəti təcəssümü kimi tarixə düşdü.

Prezident İlham Əliyev ötən il regionlara 30 dəfə səfər edib və bunların 21-i işğaldan azad edilmiş torpaqlara olub. Bu fakt bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını il ərzində dövlət başçısı xüsusi diqqət mərkəzində saxlayıb.

 

İlham ƏLİYEV: "Tarixi Qələbəmizi siyasi müstəvidə  daha da möhkəmləndirdik"

 

2022-ci ilin Azərbaycan üçün ən mühüm uğur göstəricilərindən biri ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirməsi, öz milli maraqlarını layiqincə təmin etməsidir. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin də maraqlarının müdafiəsinə diqqət yetirmişdir.

Qlobal miqyasda Azərbaycanın il ərzində ən böyük uğurlarından biri isə Vətən müharibəsindəki zəfərimizin  beynəlxalq miqyasda tam qəbul olunmasıdır. Bu məsələ ilə bağlı ötən ilin mənzərəsi göstərir ki, dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallıqları tam bölüşür. "İki il əvvəl döyüş meydanında qazandığımız tarixi Qələbəmizi siyasi müstəvidə daha da möhkəmləndirdik. Bu ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı" deyən Prezident İlham Əliyev  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Ümumiyyətlə, il ərzində Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı aparılan danışıqlar Azərbaycanın qətiyyətli mövqeyi ilə müşayiət olundu. Ermənistanın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıması da bunu təsdiq edir. 2022-ci il ərzində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi Fərrux və "Qisas" əməliyyatları, o cümlədən sentyabr ayında baş verən döyüşlər göstərdi ki, Ermənistanın və Rusiya sülhməramlılarının müvəqqəti olduqları torpaqlarımızda qalan separatçıların ölkəmizə qarşı istənilən təxribatının qarşısı qətiyyətlə alınacaq. Bu döyüşlərdən sonra Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana təzyiq edilməsi ilə bağlı cəhdləri də fiaskoya uğradı. Hətta Ermənistanın təmsil olunduğu hərbi və siyasi təşkilatlar belə Azərbaycanın haqlı mövqeyi qarşısında İrəvanın avantüralarına getmədilər.  Bu hərbi əməliyyatların hər biri həm də Azərbaycan Ordusunun yüksək döyüş əzmindən xəbər verdi.

 

Fransanın riyakarlığı bumeranq effekti verərək özünə dəydi

 

2022-ci il ərzində də Fransa riyakarcasına Ermənistanın  müdafiəsi ilə məşğul oldu. Hətta bu məqsədlə Fransa senatında və milli assammbleyasında Azərbaycana qarşı sənədlər qəbul etdi. Azərbaycana təzyiq edə bilməyən Fransa bu yolla "kiçik bacısına" dəstək göstərdiyini sübut etməyə çalışdı. Amma elə Ermənistanın özündə belə Fransanın bu qərarları istehza ilə qarşılandı. Çünki ermənilər də başa düşürdülər ki, bu sənədlərin heç bir əhəmiyyəti yoxdur və Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil.

İlin sonunda isə Fransanın BMT Təhlükəsizlik Şurasındakı fiaskosu Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi oldu. Azərbaycanlı fəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiya ilə əlaqədar olaraq Fransanın ölkəmizə qarşı etmək istədiyi riyakarlıq bumeranq effekti verərək özünə dəydi. Fransa prezidentinin və bu ölkənin siyasi dairələrinin rüsvayçılığı olan bu hadisə bir daha onu göstərdi ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət konsepsiyası Azərbaycanın milli maraqlarını layiqincə təmin edir.

2022-ci il Azərbaycan üçün mühüm hadisələrlə yadda qaldı. Həm daxili siyasətdə, həm xarici siyasətdə yeni uğurlar əldə olundu. Prezident İlham Əliyev hər bir məsələdə ölkəmizin mənafelərini qətiyyətlə qorudu. Bütün bunlar onu göstərir ki, 2023-cü ildə qarşıda duran vəzifələr tam yerinə yetiriləcək, Azərbaycan beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirəcək.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video