24 Iyun 2022 00:40
381
Mədəniyyət

Axundovlar

 

Nəinki Qarabağda, bütün Azərbaycanda tanınan, qədim və məşhur soylardan biri olan Axundovların ulu babası Molla Əli Kəbirli hesab edilir. O, Kəbirli elinin Seyidli obasında savadlı, nüfuzlu alim kimi ad-san qazanıb, mahalların dini işləri ilə məşğul olub. Qarabağ hakimləri İbrahimxəlil xan və Mehdiqulu xan Molla Əli Kəbirliyə hörmət, ehtiram göstəriblər. 1814-cü ildə adına verilmiş təliqədə Mehdiqulu xan onu "Ərəstun bilikli" olaraq nişan verib və yazıb: "Seyidli obasının başçısı Kosa yüzbaşıya, Ərəstun bilikli Axund Molla Əliyə obanı verirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də onun xidmətinə bağışlayıram".

Yalnız axund deyil, həm də həkim kimi tanınan Molla Əlinin Oruc ağa, Dərgahqulu bəy adlı oğulları olub. Axundovlar soyunun başqa bir nümayəndəsi - Mirzə Mehdi bəy dövrünün sayılıb-seçilən ziyalısı, savadlı həkimi idi. Bu soydan olan İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu isə şair idi. O, 1840-cı ildə Şuşa şəhərində dünyaya gəlib. Yazıb-oxumağı atasından öyrənib. Sonra mədrəsədə təhsil alıb. Şərq dillərini mənimsəyib. İsmayıl bəy qəza idarəsində çalışıb. Bir müddət şəhər bazarının darğası olan İsmayıl bəy "Daruğə" təxəllüsünü götürüb.

Erməni silahlıları yerli əhaliyə hücumlar edəndə onlara qarşı vuruşanlardan biri də İsmayıl bəy olub. Mir Möhsün Nəvvab bu barədə belə məlumat verir: "Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb, dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlman evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb orda saxladı".

İsmayıl bəy Daruğə "Məclisi-üns" ədəbi məclisinin üzvlərindən olub. "Daruğə" təxəllüsü ilə maraqlı şeirlər qələmə alıb. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" adlı əsərində bu barədə məlumat verib.

İsmayıl bəy 1891-ci ildə dünyasını dəyişib. Rəhilə xanım adlı qızı qalıb.

Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundovların tanınmış, qürur duyduğu övladlarından biri olub. O, 1861-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Şəhər realnı məktəbində və gimnaziyada oxuyub. 1893-cü ildə Fransanın Lill Akademiyasının qarışıq elmlər (fizika, kimya, biologiya) fakültəsinin aspiranturasına daxil olub. 1896-cı ildə aspiranturanı bitirdikdən sonra da təhsil almaqda davam edib. Lill Akademiyasının Tibb fakültəsində oxuyub. Tibb doktoru diplomu alıb. 1904-cü ildə isə Xarkov Universitetinin Tibb fakültəsində yoxlama imtahanından müvəffəqiyyətlə keçib. Bəhram bəyə "Lekar" təxəllüsü verilib.

Dövrünün siyasi təlatümlərindən gənc Bəhram Axundov da kənarda qalmayıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Məclisinin üzvü olub.

Hələ inqilabdan öncə Bakı tibb müəssisələrində həkim işləyən Bəhram bəy Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Şurasının, 1920-1925-ci illərdə Dövlət Sığorta İdarəsinin savadlı, tanınmış həkimi olub.

Bəhram bəy Axundov 1932-ci ildə Bakıda vəfat edib. Onun  Əli bəy adlı oglu olub.

Bu nəslin ən şöhrətli nümayəndələrindən biri dramaturq, nasir, maarif xadimi Süleyman Sani Rzaqulu bəy oğlu Axundovdur. Süleyman Sani 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində dünyaya gəlib. Ömrünün başlanğıcında həyat üzünə gülməyib. Uşaq ikən  atasını itirib. Dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Sonra Bakıda 3-cü rus-tatar məktəbinə müəllim təyin olunub. Ömrünün axırlarınadək müəllimliyini davam etdirməklə yanaşı, yazıçı, jurnalist kimi də fəaliyyət göstərib.

Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağırılmış Azərbaycan Müəllimlərinin I Qurultayının iştirakçılarından olub. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri işləyib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. 1932-ci ildə ədəbi və pedaqoji fəaliyyətinə görə "Əmək qəhrəmanı" adına layiq görülüb.

Süleyman Sani Axundov 1921-ci ildən 1930-cu ilədək Bakı Sovetinin üzvü, Bakı İcraiyyə Komitəsinə namizəd, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. "İkinci il" adlı dərs kitabını yazıb.

Bəs o, "Sani" təxəllüsünü hardan götürmüşdür? Tədqiqatçı-jurnalist Vasif Quliyev bu barədə bildirir: "Süleyman Sani Axundov deyirdi: "Bakıda Süleyman adında ikinci bir müəllim də olmuşdur. Lakin onun familiyası Əbdürrəhmanbəyov idi. O, ali ibtidai məktəbdə tarix müəllimi vəzifəsində işləyirdi və özü də Tiflisdə Müəllimlər İnstitutunu bitirmişdi. Təhsildə məndən yuxarı olduğu üçün onu birinci, özümü ikinci (Sani) adlandırmalı oldum".

Süleyman Saninin ilk bədii əsəri dövrün bir sıra nöqsanlarını, eləcə də tamahkarlığı, xəsisliyi, qadın hüquqsuzluğunu tənqid edən "Tamahkar" komediyasıdır. Həmin əsəri 1899-cu ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara" əsərinin təsiri ilə qələmə alıb. 1907-ci ildə yazdığı "Dibdat bəy", "Türk birliyi" adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzunu gətirib. "Laçın yuvası", "Qaranlıqdan işığa", "Şahsənəm və Gülpəri", "Səadət zəhmətdədir", "Molla Nəsrəddin Bakıda", "Eşq və intiqam" və başqa pyeslərin müəllifidir.

O, ilk hekayələrini - "Qonaqlıq", "Kövkəbi-hürriyyət" və "Yuxu"nu 1905-ci ildə qələmə alıb. Sonrakı illərdə yazdığı "Tutuquşu", "Qan bulağı", "Ümid çırağı", "Cəhalət qurbanı", "Nə üçün", "Təbrik", "Sona xala", "Namus", "Mister Qreyin köpəyi", "Son ümid", "İki dost, iki düşmən", "Gənc maşinistka və qoca yazıçı" hekayələrində də yazıçı aktual məsələlərə toxunub.

Süleyman Sani Axundovun XX əsr Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında və inkişafında xidmətləri misilsizdir. 1912-1914-cü illərdə "Qorxulu nağıllar" başlığı altında yazdığı "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin", "Qaraca qız", "Əşrəf" əsərləri ilə Azərbaycan uşaq ədəbiyyatına yeni forma, məzmun, üslub gətirib.

O, altmış üç yaşında, 1939-cu il martın 29-da dünyadan köçüb.

Bu nəslin digər bir nümayəndəsi Rüstəm bəy Rzaqulu bəy oğlu Axundov müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu, hüquqşünas olub. 1874-cü il iyunun 16-da Şuşa şəhərində dünyaya gəlib. Şəhər realnı məktəbində oxuyub. 1882-1886-cı illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirib. 1886-1894-cü illərdə Tiflisdə gimnaziyada oxuyub. 1895-1897-ci illərdə Baxçasarayda Zincirli kənd mədrəsəsində müəlllim kimi fəaliyyət göstərib.

Təhsilə böyük marağı və sevgisi olan Rüstəm bəy 1900-1905-ci illərdə Xarkov Universitetinin Hüquq fakültəsində oxuyub. O, Bakı şəhərinə gəlib. 1905-1907-ci illərdə Bakı dairə məhkəməsi katibliyinin köməkçisi, 1907-1910-cu illərdə Bakı dövlət palatasında maliyyə müfəttişinin köməkçisi, 1910-1913-cü illərdə Simferopolda məhkəmə dairəsində notarius köməkçisi, 1913-1916-cı illərdə isə yenə məhkəmədə, 1916-1918-ci illərdə Simferopolda məhkəmə dairəsində notarius köməkçisi vəzifəsində çalışıb. 1918-1920-ci illərdə Simferopolda "Zemski uprava"nın üzvü olub. 1920-ci il avqustun 20-də Ağdam şəhərinə xalq hakimi vəzifəsinə təyin olunub. 1923-cü ildə həmkarlar ittifaqının üzvü seçilib. Sonrakı illərdə Ağdamda xalq məhkəməsi hakimi, 1930-cu ildən sonra isə Ağdam şəhər xalq məhkəməsində notarius şöbəsinin müdiri işləyib.

Rüstəm bəy Axundov 1937-ci il martın 2-də Tərtər şəhərində vəfat edib.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video