01 Dekabr 2021 00:28
1067
İQTİSADİYYAT
A- A+

Astara narıncı rəngə boyanıb

 

Sitrus bağlarının bar fəslidir

 

Astarada sitrus meyvələrinın qızğın yığım dövrüdür. Fermerlər, torpaq mülkiyyətçiləri aylardan bəri zəhmətlə yetişdirdikləri limon, naringi, portağal, feyxoa, kinkan, kivi məhsullarını bağlardan yığıb-yığışdırmaqla məşğuldurlar.

Kimi satdığını satır, qalanını doğma və əzizlərinə pay göndərir, kimi də meyvələri taxta yeşiklərə yığıb saxlayır ki, üzümüzə gələn Yeni il, Novruz bayramlarında bazara çıxarıb daha sərfəli qiymətə satsın. Bəzi bağlarda meyvələrin çox hissəsi artıq dərilib, bəzilərində isə yığım indi başlanır.

Astarada ən çox sitrus bağları olan Kijəbə qəsəbəsinə gedirik. Qəsəbə Lənkəran-Astara rayonlarını birləşdirən köhnə şose yolunun sağ tərəfində, silsilə  dağların ətəyində yerləşir. Dağları bürüyən meşə ağaclarının bir çoxunun yarpaqları payızın gəlişi ilə rəngini dəyişmişdir. Belə ağaclardan biri, hətta birincisi dəmirağacdır. Eşitdiyimizə görə, bu onunla əlaqədardır ki, ağacın həm gövdəsinin, həm də yarpaqlarının tərkibində dəmir olduğu üçün payızda düşən yağışın, dağlara çökən dumanın təsirindən yarpaqları pas atır və onlar sarı-qırmızımtıl rəngə boyanır.

Magistral yoldan dönüb qərb istiqamətində dağlara tərəf gedən yolla irəliləyirik. Yol yoldaşım Müzəffər Mirzəyev mobil telefonu ilə kiməsə zəng edir:

- Abas, hardasınız? Biz artıq Kijəbə qəsəbəsindəyik. Aydındır, sizi başa düşdüm. - Telefonu qapadır, indi də mənə müraciətlə, - Abas Ağayevlə danışırdım, - deyir, - qabaqcıl fermerlərdəndir. Ali təhsilli aqronomdur. Əlindən gələn köməyi heç kəsdən əsirgəmir. Mülkiyyətçilər məsləhət almaq üçün həmişə ona müraciət edirlər. Bir az irəlidədir. Qardaşı oğlunun bağında meyvə yığılır, o da ordadır.

Dağların, yamacların ətəyi ilə qıvrıla-qıvrıla uzanan yolla bir neçə dəqiqə də gedirik. Yolun kənarında bir nəfər görünür. Bələdçim:

- Abas dediyim budur, - deyib idarə etdiyi maşını onun yanında saxlayır.

Düşüb görüşürük. Şose yolunun kənarındakı bağın dəmir məhəccərdən olan qapısını açıb bizi içəri - bağa dəvət edir. Ətrafa göz gəzdiririk. Əsrarəngiz mənzərədir. Ətrafdakı naringi, limon, feyxoa bağları, aşağıda payız yağışlarından sonra otların dərəni yaşıllığa bürüməsi, ondan yuxarı ərazidə isə ağ, qırmızı zanbaqlara oxşayan qırmızı kərpicdən tikilmiş kənd evləri bu yerlərin nə qədər gözəl təbiətə malik olduğunu göstərir. Bunlar hər bir insanı valeh edən mənzərələrdir. Yaxın gələcəkdə, koronavirus pandemiyası çəkilib getdikdən sonra bura turistlərin məskəninə çevrilə bilər.

Meyvə yığanların yanına çatırıq. Qızlar əllərindəki qayçı ilə meyvələri ehtiyatla dərərək vedrələrə yığırlar. Budaqlardan sallanan narıncı rəngli naringi  göz oxşayır, adama zövq verir. Abasdan bağın kimin olduğunu soruşuruq.

- Qardaşımındır. Özünü yaxşı hiss etmədiyi üçün bir az öncə evə getdi. Ad onun olsa da, bağı becərən, hər bir əzab-əziyyətinə dözən gördüyünüz bu cavan oğludur. Adı Adildir, - deyir.

Adil Ağayevlə söhbətdən məlum olur ki, yaşadığı evin yaxınlığında naringi bağı saldığı 80 sot ərazi meşə fondu torpağıdır. Keçən il buradan 7 ton məhsul götürüb. Qazancı pis olmayıb. Çəkdiyi zəhmətin əvəzində bu il də o qədər məhsul gözləyir.

Qızların dərib vedrələrə doldurduqları məhsulu cavan oğlanlar aşağı hissədəki maşın yoluna daşıyıb gətirirlər. Burada isə onlar meyvələri zədələnməsin deyə ehtiyatla, səliqə ilə taxta yeşiklərə yığırlar. Yaxınlıqda sovet dövründən qalmış yük maşını dayanıb. Taxta yeşiklər dolduqdan sonra maşına yüklənib Adilin həyətinə aparılacaq. Öyrəndik ki, o, məhsulu həyətində tikdiyi anbar kimi tikilidə saxlayacaq. Bu isə çox da asan iş deyil. Anbarda lazımi temperatur rejiminin tənzimlənməsi, məhsulun gündəlik nəzarətdə saxlanması lazım gəlir. Eyni zamanda yeşiklərdəki meyvələr tez-tez yoxlanılmalı, xarab olanları götürülməlidir ki, qalan meyvələri də korlamasın.

Bağın becərilməsinin də öz qayğıları var. Meyvə yığılıb qurtarandan sonra hər bir ağacın dibini torpaqla 70 santimetr qaldırmalısan. Yoxsa qış aylarında şaxta vurub yandırır. Yazda isə bu torpağı götürmək, hər ağacın dibinə yanmış peyin, mineral gübrələr vermək tələb olunur. Mövsüm ərzində bağlar 5-6 dəfə suvarılmalıdır. Yeri gəlmişkən qeyd edək ki, Kijəbə qəsəbəsində yaşayan 2 min 700 və bu qəsəbə nümayəndəliyinin ərazisindəki Tüləgüvan kəndindəki 416 ailə təsərrüfatında əsasən sutrus meyvələri yetişdirilir.

Astara ryonunda A. Ağayev kimi işgüzar fermerlər çoxdur. Məhz onların yorulmaz zəhməti hesabına burada sitrus meyvəçiliyi inkişaf edir. Keçən ilin sonu və cari ilin əvvəlində rayonda 13,9 hektar naringi, 10 hektardan çox yeni feyxoa bağları salınmışdır. Bağların ümumi sahəsi 4 min 300 hektara çatmışdır. Sitrusçuluğun genişləndirilməsi, bu sahədə yeni və mütərəqqi üsulların tətbiqi faydasız qalmır. Bağların şaxtayadavamlı, daha məhsuldar sortlarla əvəzlənməsi üçün də tədbirlər görülür.

Çayçılığın, çəltikçiliyin inkişafı da diqqət mərkəzindədir. Rayonda 272,5 hektar çay plantasiyası mövcuddur ki, bunun da 137 hektarı məhsuldar, qalan 135,5 hektarı cavan plantasiyalardır. Artıq yaşıl çay yarpağı yığımı başa çatmışdır. 800 tona yaxın məhsul toplanmışdır ki, bu da keçən ildəkindən  çoxdur.

Çəltikçilk Astara əhalisi üçün ənənəvi sahədir. Rayonda bu sahə ilə qədim zamanlardan məşğuldurlar. Son illər isə çəltikçiliyə maraq daha da artmışdır. Cari il rayon üzrə 240,6 hektarda çəltik əkilmişdir. Hər hektardan 41,5 sentner çəltik götürülmüşdür ki, bu da ölkədə ən yüksək göstərici olmuşdur. Bütövlükdə rayon üzrə 150 istehsalçı 998 tondan artıq məhsul əldə etmişdir.

Heyvandarlıq, tərəvəzçilik sahələrindəki göstəricilər də ürəkaçandır. Bütün bunlar onu göstərir ki, astaralılar başa çatmaqda olan 2021-ci ili alnıaçıq, üzüağ yola salırlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video