01 Dekabr 2022 01:26
696
Mədəniyyət
A- A+

Ana dilimizi qorumaq vətəndaşlıq borcumuzdur

 

Ana dili ulularımızın bizə əmanətidir, xalqımızın mənəvi pasportu, milli kimliyidir. Bir milləti daha yaxşı tanımaq üçün onun dilini bilib, tarixini, mədəniyyətini öyrənmək kifayət edər. 
Ölkənin təəssübünü necə çəkiriksə, igid oğullarımız vətəndən ötrü canlarını necə fəda etməyi bacarırlarsa, dilimizi də o prinsipiallıqla qorumaq hər bir insanın vətəndaşlıq borcudur. Cəmiyyət təkamül yolu keçdikcə dil də inkişaf edir, mükəmməlləşir. 
Elmi-texniki tərəqqi baş verdikcə dilimizə yeni sözlər, texnoloji terminlər əlavə olunur. Dil yeni sözlərlə zənginləşir. Bu məsələ özü də ehtiyatlı olmağı tələb edir. Bəzən dilimizə daha işlək, daha tez anlaşılan, gözəl sözlər əvəzinə məzmununu, mənasını başa düşmədiyimiz, anlaşılmayan, yeli-yersiz işlədilmiş ifadələr də daxil  olur. Çox təəssüf ki, bəzən bu sahəyə cavabdeh, terminoloji lüğət hazırlamalı olan qurumlar iş görmək əvəzinə hadisələrin arxasınca sürünür, təftişçiliklə məşğul olurlar.
Milli adət-ənənələrimizin və tariximizin ən böyük təəssübkeşi olan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin inkişafı qayğısına qalaraq demişdir: "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Çox təəssüf ki, bəzən bunun əksini görürük. Nəinki sıravi vətəndaşlarımız, dilimizi qorumağa borclu olan şəxslər dilin imkanlarından tam istifadə etmirlər. Əksinə, dilə yerli-yersiz əcnəbi sözlər gətirirlər. 
Dilimizi qorumaq, zənginləşdirmək ədəbiyyatçıların, dilçi alimlərin, mütəxəssislərin işi olsa da, onu təbliğ etmək, geniş yayılıb inkişaf etməsinə töhfə vermək yazılı və elektron mətbuatda, televiziya və radioda çalışanların da borcudur. Ürək ağrıdan haldır ki, bu sahədə fəaliyyət göstərənlərin bəziləri ya işlədikləri sahələrin mütəxəssisləri deyil, ya da dilin qanunlarını bilmirlər. Eyni zamanda bu sahədə çalışan təsadüfi, naşı, az oxuyub, çox danışanlar daha çox ziyan vurmaqla məşğuldurlar. 
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva bizimlə söhbətində dedi:
- Kütləvi informasiya vasitələri həm Azərbaycan dilinin təbliğində, həm də cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayır. Azərbaycan dilinin qorunması və inkişafında mətbuatın xidmətləri danılmazdır. Çox təəssüf ki, bəzən mətbuatda ədəbi dil normalarından sapma halları da müşahidə olunur.
Azərbaycan ədəbi dil normalarının pozulmasının qarşısının alınmasına və ana dilimizin saflığının qorunmasına nəzarət edən Monitorinq Mərkəzi mütəmadi olaraq yazılı və elektron mətbuatda monitorinqlər aparır. Bu zaman aşkar edilmiş nöqsanlar özünü daha çox müəllif yazılarında və xarici KİV-dən tərcümə edilən mətnlərdə göstərir. Qəzetlərdə bəzən müsahibin nitqi olduğu kimi, yəni korrektə olunmadan verilir. Dilin qrammatik və leksik normalarına əməl olunmur. Elektron mətbuatda, xüsusilə televiziyalarda çalışan bəzi "mütəxəssis"lər sanki dil yaradıcılığı ilə məşğul olurlar. Mənşəyi məlum olmayan, eyni zamanda "jarqon" ifadələr işlətməkdən belə çəkinmirlər.
Başqa bir məsələ: hər bir yazı həcmindən asılı olmayaraq sərlövhədən başlayır. Sərlövhə hər hansı bir məqalənin təqdimatıdır. Oxucu sərlövhəyə nəzər yetirdikdən sonra məqaləni oxuyur. Etiraf edək ki, oxucular daha çox səs-küylü, sensasiya doğuran xəbər başlıqlarına diqqət yetirirlər. 
Sərlövhə mətnin məzmununa uyğun, lakonik və dəqiq olmalı, onun mahiyyətini düzgün əks etdirməli və dil normalarının tələblərinə cavab verməlidir. Lakin bəzən buna əməl edilmir. Burada bir məqamı da qeyd etmək lazımdır ki, belə xəbər başlıqları daha çox internet resurslarında özünü göstərir. Bununla belə, çap mətbuatında da bu tipli səhvlər, az da olsa, müşahidə olunur.
Düzgün yazı təliminin yeganə istinad mənbəyi orfoqrafiya qaydalarıdır. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" 2019-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Qeyd etmək istərdik ki, Azərbaycan dilinin sabit qayda-qanunları mövcuddur. Məhz bu sabit qayda-qanunlar sayəsində dilimiz öz varlığını bu günə kimi qoruyub saxlamışdır. Unutmayaq ki, Azərbaycan dili yalnız ünsiyyət və qarşılıqlı anlaşma vasitəsi deyil, həm də Azərbaycan mədəniyyətinin başlıca tərkib hissəsi və qoruyucusudur. Hər bir azərbaycanlı dilimizin təəssübünü çəkməli, onun saflığı naminə vicdanla çalışmalı və qayğısına qalmalıdır. Bu məsələ ilə bağlı AMEA-nın Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin münasibətini öyrəndik. O dedi:
- AMEA-nın Dilçilik İnstitutunda yeni orfoqrafiya lüğətinin təzə variantı hazırlanır. Bildiyiniz kimi, nitq yazılı və şifahi olmaqla iki hissəyə bölünür. Biz çalışırıq ki, şifahi nitqimizdə yaranan qüsurları aradan qaldıraq. Məqsədimiz budur ki, Azərbaycan dilinin korpusu yaradılsın. Azərbaycan dilinin bankı yaradılsın. Dil yaratmaq xalqın işidir. Bu gün dilimiz yeni texnoloji terminlərlə zənginləşir. Amma hər kəs öz istədiyini dilimizə gətirə bilməz. Vətəndaşlıq statusu almayan sözlərdən istifadə etmək doğru deyil. Hesab edirəm ki, bu sahəyə mütəxəssislərlə yanaşı, mətbuat işçiləri, jurnalistlər, televiziya aparıcıları daha çox diqqət yetirməli, onlar da ana dilimizin qayğısına qalmalıdırlar.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri, akademik Möhsün Nağısoylu isə bu məsələyə belə münasibətini bildirdi:
- Hər bir xalqın ən böyük milli-mənəvi sərvətlərindən birinin ana dili olması hamıya bəllidir. Bunu Ulu Öndər müdrikcəsinə belə ifadə etmişdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir". Deməli, xalqın dili birbaşa millilik və vətənsevərliklə, daxili zənginlik və mənəviyyatla bağlıdır.
Respublikamızın dövlət dili 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasının 21-ci maddəsində göstərildiyi kimi, Azərbaycan dilidir. İstər Ulu Öndər, istərsə də ölkə Prezidenti dövlət dilinin hərtərəfli inkişafı və tətbiqi, saflığının qorunması məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə bir sıra fərman və sərəncamlara imza atmışdır. Bununla belə, təəssüflə qeyd etmək lazımdır ki, çoxsaylı reklam və elanda, ayrı-ayrı saytlarda və qəzetlərdə, bəzi televiziya kanallarında dövlət dilinin saflığının pozulması, ədəbi dilin normalarının gözlənilməməsi adi hal almışdır. Bu cür xoşagəlməz halları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dilimizin saflığının qorunması və dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır. Mərkəzdə qısa müddət ərzində reklam və elanların, ayrı-ayrı sayt və televiziya kanallarının monitorinqi həyata keçirilmişdir. Monitorinq Mərkəzi eyni zamanda Bakıda nəşr olunan yeddi qəzetdə də monitorinq keçirmişdir. Monitorinqin nəticəsi olaraq "Qəzetlərin dili monitorinq aynasında" adlı kitab da nəşr edilmişdir. Qəzetlərdə monitorinq apararkən bir sıra nöqsanların olduğu aşkar edilmişdir. Belə ki, çoxlu sayda orfoqrafik səhvlər, eləcə də leksik və qrammatik normanın pozulması halları və üslübi ifadə yanlışlıqları özünü göstərir. Bu cür xoşagəlməz hallar, əlbəttə ki, yolverilməzdir və onların qarşısı qətiyyətlə alınmalıdır. 
Məlum olduğu kimi, çox da uzaq olmayan keçmişdə ölkəmizdə cəmi bir televiziya kanalı və bir neçə dövlət qəzeti fəaliyyət göstərirdi. Həmin qurumlarda yalnız yüksəkixtisaslı, peşəkar mütəxəssislər çalışırdılar. Məhz buna görə də həm televiziya verilişlərində, həm də qəzetlərdə səhv tutmaq mümkün deyildi. İndi isə təkcə ölkəmizin paytaxtı Bakıda bir neçə televiziya kanalı və çox sayda qəzet fəaliyyət göstərir. İstər televiziya kanalları, istərsə də qəzetlər başlıca informasiya mənbəyi kimi hər cəhətdən, hər baxımdan, xüsusilə də dil-üslub baxımından hamı üçün nümunəvi olmalıdır. Bununla belə, təəssüf ki, ayrı-ayrı televiziya kanallarında yerli-yersiz əcnəbi sözlər işlədilir. Əyləncə proqramlarında "davay", "uje", "vsyo" və sair. kimi varvarizmlər tez-tez səslənir. Bu da dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun birbaşa pozulması faktıdır. Unutmayaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dilimizlə bağlı demişdir: "Bizim dilimiz o qədər zəngindir ki, əcnəbi sözlərə ehtiyac yoxdur". 

Elşən QƏNİYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video