09 Iyun 2022 13:51
711
Mədəniyyət
A- A+

Allahşükür Paşazadə: Bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyi insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır  

 

Allah-Taalanın Yer üzərində yaşayan insanlara tövsiyəsi ondan ibarətdir ki, bir-birinə, bütün yaradılmışlara, o cümlədən təbiətə hörmət və ehtiram ruhunda yaşasınlar. Lakin bu gün müasir, qloballaşan dünyada meydana gəlmiş yeni təhlükəli meyllər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış mənəvi meyarların, dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, bioetik problemlər bütün mütərəqqi dünya ictimaiyyətini narahat edir. Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyi ilahi nizamın pozulması, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır. Yaşadığımız humanitar xarakterli böhranlar da bu fəsadların nəticəsidir. Buna görə də əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarının gündəlik həyatımızın bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə bərqərar olması vacibdir. İqtisadi modellər işlənib hazırlanarkən humanitar, mənəvi aspektlər nəzərə alınmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri iyunun 9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən XXV Avrasiya İqtisadi Zirvə toplantısı çərçivəsində təşkil olunan “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda təşkil olunan panel iclasında məruzəsində deyib.

Müqəddəs “Qurani-Kərim”in “Əraf” surəsinin “Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin” ayəsini tədbir iştirakçılarının diqqətinə çatdıran QMİ sədri bildirib: “Bütün səmavi dinlər bəşəriyyətə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin edir, əks təqdirdə yaşanacaq fəlakət, böhran və imtahanlar barədə xəbərdarlıq edir. Torpağın müqəddəsliyi, həyatverici qüvvəsi unudulur, Allahın lütfü-ikramı, mübarək neməti olaraq göydən endirilən su iqlim dəyişiklikləri, habelə israf səbəbindən tükənməkdədir. Çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların yararsız hala salınması səbəbindən yaşanan qıtlıq, qida çatışmamazlığı, ərzaq təhlükəsizliyi bəşəriyyəti təhdid edən problemlərin ön cərgəsindədir. Ukrayna böhranı dünyada ərzaq qıtlığını, əmtəələrin qiymətlərinin kəskin artımını daha da sürətləndirib”.

Çıxışında Azərbaycan xalqının 30 ilə yaxın davam edən erməni işğalına Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə şanlı Vətən müharibəsində son qoyduğunu xatırladan şeyxülislam bununla da tarixi ədalətin bərpa olunduğunu deyib: “Bütün dünya şahiddir ki, Xocalı soyqırımını, çoxsaylı müharibə cinayətləri həyata keçirən erməni işğalçıları Azərbaycan torpaqlarında vandalizm aktları törədib, dini-mədəni irsə qarşı barbar hərəkətlər ediblər. Beynəlxalq müşahidəçilər zamanında abad, çiçəklənən Qarabağ şəhərlərinin ruhlar məkanına çevrilməsinin — urbisid cinayətlərinin şahididirlər. Ekoloji fəlakətin miqyası insanı dəhşətə gətirir. Ərazilərimizi onilliklər boyu davamlı şəkildə məhv edən, əkinə yararsız hala gətirən, sərvətlərini talan edən ermənilər bu yerləri tərk etmək məcburiyyətində qalanda isə meşələrə, evlərə od vurmaqdan belə çəkinməyiblər. Su hövzələrimizə qarşı mütəmadi ekoloji cinayətlər törədilib. Ermənistan sivil dünyanın gözü qarşısında qeyri-insani davranışlarını davam etdirərək işğal dövründə basdırdıqları və bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edən minaların xəritələrini qaytarmır”.

QMİ sədri vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində azad olunan Qarabağda şəhər və kəndlərimizi bərpa edir, torpaqlarımız gülüstana çevrilir, dağıdılmış məscid və digər dinlərə məxsus məbədlər yenidən qurulur. Azərbaycan dövləti işğaldan azad olunan ərazilərində müasir dövrün tələblərinə cavab verən ağıllı şəhər və kəndlərin salınması, yeni, müasir infrastrukturun qurulması, ekoloji tarazlığın bərpası istiqamətində genişmiqyaslı nümunəvi layihələr həyata keçirir.

“Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın milli bayramı olan 28 May - Müstəqillik Günündə ölkəmizə tarixi səfərini bir millət-iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin yüksək inkişafında mühüm mərhələ kimi dəyərləndiririk. Heç şübhəsiz, elmi-texniki, müdafiə sənayesi sahələrində uğurlarımızı dünyaya nümayiş etdirən “TEKNOFEST Azərbaycan” festivalı kimi tədbirlər xalqlarımızın, dövlətlərimizin gələcəyi üçün bölgədə yeni səhifə açır”, - deyən QMİ sədri qardaş ölkələrimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarına Allahdan rəhmət diləyib.

Zirvə toplantısının dünyanın iqtisadi tərəqqisinə və xalqların rifahına xidmət edən səylərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyən şeyxülislam toplantının tədbirin işinə uğurlar diləyib.

Tədbir işini müxtəlif mövzularda panel iclasları ilə davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video