17 May 2026 20:48
636
CƏMİYYƏT
A- A+
Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  


Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, yerli müəssisə, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı və biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, əməkdaşlığın dövlət başçılarının güclü siyasi iradəsi və dialoqu əsasında dinamik şəkildə inkişaf etdiyini bildirib. Nazir qeyd edib ki, 2024-cü ilin yanvar ayından etibarən Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və Niş şəhərində birgə qazla işləyən elektrik stansiyası layihəsinin icrası enerji əməkdaşlığının artıq real nəticələr mərhələsinə keçdiyini nümayiş etdirir. Maliyyə naziri qeyd edib ki, Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığı təkcə enerji sahəsi ilə məhdudlaşmır, ölkələr arasında yaranmış qarşılıqlı etimad və yüksəksəviyyəli siyasi dialoq nəticəsində infrastruktur, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm və investisiya kimi sahələrdə geniş və real əməkdaşlıq imkanları formalaşıb. Eyni zamanda, Azərbaycanın əlverişli investisiya mühiti, makroiqtisadi sabitliyi, strateji coğrafi mövqeyi və müasir nəqliyyat-enerji infrastrukturu sayəsində regionda mühüm ticarət və investisiya mərkəzi kimi mövqeyini daha da gücləndirdiyi diqqətə çatdırılıb.

S.Babayev bildirib ki, "AzVirt" şirkətinin Serbiyada həyata keçirdiyi iri infrastruktur layihələri Azərbaycan şirkətlərinin beynəlxalq bazarlarda artan iştirakını nümayiş etdirən mühüm nümunələrdəndir. O cümlədən SOCAR ilə birgə layihələr, yaşıl enerji, infrastrukturun inkişafı və sənaye sahələrində əməkdaşlıq imkanlarının hazırda müzakirə olunduğu qeyd olunub. Nazir əlavə edib ki, turizm sahəsi tərəflər arasında yeni əməkdaşlıq istiqaməti kimi formalaşır və bu sahədə Serbiya tərəfinin Azərbaycan şirkətləri ilə birgə layihələrə maraq göstərməsi praktiki imkanları daha da genişləndirir.


Azərbaycanın maliyyə naziri, həmçinin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyasının təşkili və yeni layihə imkanlarının müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

İclasda çıxış edən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Prezident iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.

Serbiya Prezidenti Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsi vacibdir.

Serbiya Prezidenti, həmçinin enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə “Serbiagas” arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Serbiya Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali isə ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb. O, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Serbiyanın İnkişaf Agentliyinin strateji investisiyalar departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətləri üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları təqdim edir.

Tədbir çərçivəsində şirkət və assosiasiyaların təqdimatları keçirilib, onların fəaliyyət istiqamətləri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə mümkün əməkdaşlıq sahələri barədə məlumat verilib. Görüş Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, biznes dairələri arasında praktiki əməkdaşlığın təşviqi və qarşılıqlı faydalı layihələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

22:06
13 İyun

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

21:17
13 İyun

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

20:34
13 İyun

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

20:24
13 İyun

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

20:09
13 İyun

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb  

19:51
13 İyun

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

19:15
13 İyun

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub 

18:36
13 İyun

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

17:56
13 İyun

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”  

17:39
13 İyun

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

17:26
13 İyun

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

17:03
13 İyun

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

16:58
13 İyun

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır  

16:47
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

16:36
13 İyun

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO  

15:59
13 İyun

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib

15:48
13 İyun

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!