26 Yanvar 2023 16:39
390
İQTİSADİYYAT
A- A+

Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir

 

Ağdam-Füzuli avtomobil yolunun inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

Hazırda birinci texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.

Yolun km 0-32,4 kilometrlik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa, bitki qatının çıxarılması 35,8 faiz, qazma işləri 9,5 faiz, torpaq yatağının tikintisi isə 21,9 faiz yerinə yetirilib. Hazırda bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 kilometrlik hissəsi üzrə fiziki tərəqqi 8,64 faiz təşkil edir.

Yolun 32,4-64,8 kilometr hissəsində torpaq işləri tamamlanıb, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib. Bu hissədə körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 faiz, süni qurğular 50 faiz, yol geyimi 11,2 faiz olmaqla, ümumilikdə tikinti işləri 22 faiz icra olunub. Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 37 və 63-cü kilometrlik hissələrində 4 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video