16 Sentyabr 2022 01:32
741
Təhsil
A- A+

Ağalıda 29 ildən sonra ilk zəng çalındı

 

İşğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri uğurla reallaşdırılmaqdadır.  Bu layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. 
O cümlədən təhsil infrastrukturu da müvəffəqiyyətlə qurulur, yeni məktəblərin təməli qoyulur. Ərazilərimizi işğal altında saxladığı 30 il müddətində vandal düşmən təhsil müəssisələrini də tamamilə dağıdıb. Statistikaya əsasən, bu torpaqlarımızda işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 müəssisə fəaliyyət göstərib. 
Azərbaycan güclü iqtisadiyyatının hesabına Böyük qayıdış prosesinə start verib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın Ağalı kəndində Bilik günündə yeni məktəb binası istifadəyə verilib. Məktəbdə 29 ildən sonra ilk zəng çalınıb. Düşmən təxribatı nəticəsində şəhidlərimizin  olmasını nəzərə alaraq ölkəmizin bütün ümumi təhsil müəssisələrində olduğu kimi, Ağalı kənd məktəbində də Bilik günü təntənəli qeyd edilməyib. İlk olaraq Azərbaycanın Dövlət himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Məktəbdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub. 

 

Sinif otaqlarında "ağıllı lövhə"lər quraşdırılıb

 

Ağalı məktəbi yeni və müasir texnologiyalarla təchiz edilib. Dövlət tərəfindən gənclərimizin savadlı, vətənpərvər ruhda yetişdirilməsi üçün bütün şərait yaradılıb. 360 şagird yerlik ikimərtəbəli məktəbdə təhsil almaq üçün 65 şagird qeydiyyatdan keçib. 2022-2023-cü tədris ilində şagirdlərin təlim-tərbiyəsi ilə 14 müəllim məşğul olacaq. 
İnnovativ tikinti materiallarından istifadə olunmaqla tikilən məktəb geniş ərazini əhatə edir. Məktəbin birinci mərtəbəsinin sahəsi 1619,5 kvadratmetr, ikinci mərtəbəsinin sahəsi isə 1044,1 kvadratmetr, texniki döşəməaltı mərtəbənin sahəsi 1017,4 kvadratmetr olmaqla, ümumi sahəsi 3681 kvadratmetr  təşkil edir. Məktəbin birinci mərtəbəsində direktor, müəllimlər, müavin otaqları, tibb məntəqəsi, 2 texniki, 2 texnologiya, ibtidai siniflər üçün 4 sinif otağı, geniş, təmiz və işıqlı yemək zalı və bufet, qapalı idman zalı, oğlanlar və qızlar üçün ayrı olmaqla soyunub-geyinmə və duş otaqları, məşqçi otağı, hərbi hazırlıq otağı düzəldilib. İkinci mərtəbədə isə 9 sinif otağı, informatika otağı, biologiya, kimya laboratoriyaları, kitabxana və oxu zalı, geniş və işıqlı akt zalı və digər otaqlar yerləşir. Məktəbin həyətində geniş və müasir tələblərə cavab verən idman meydançası yaradılıb. Bütün sinif otaqları və akt zalı "ağıllı lövhə"lər və akustik səs sistemi ilə təchiz olunub. Siniflərdə, akt zalında və dəhlizdə kameralar quraşdırılıb. 

 

İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər tikilir 

 

"Ağıllı kənd"də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır. İşğaldan azad olunmuş digər ərazilərdə də mərhələli şəkildə belə təhsil müəssisələrinin açılması nəzərdə tutulur. 
Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə canlı bağlantıda Prezident İlham Əliyev deyib: "Əminəm ki, Ağalı məktəbi ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin arasında əlaqələr bundan sonra da davam edəcək. Burada oxuyan uşaqlar gələcəklər Bakıya, sizin şagirdlərinizlə, eyni zamanda müəllim heyəti ilə görüşəcəklər. Yəni bu təmaslar davamlı olmalıdır, həm distant təhsillə bağlı, eyni zamanda canlı təmaslara da böyük ehtiyac var. Yaxın günlərdə ilk vətəndaşlar burada məskunlaşacaqlar. Ondan sonra yaxşı olardı ki, siz müəllimlər və eyni zamanda uşaqlar buraya gələsiniz, bu gözəlliyi görəsiniz, necə deyərlər, bu videobağlantı artıq canlı bağlantıya keçsin".

 

"Uşaqlıq arzum reallaşdı"

 

Məktəbdə quraşdırılan zəng də Bilik gününün iştirakçılarının diqqətini çəkib. Bu zəng Ağalı kənd məktəbinin dağılmış binasından çıxarılıb. 29 il susan zəng yenidən Şərqi Zəngəzurda səslənib.
Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova bildirdi ki, məktəb innovativ texnologiya ilə tam təmin edilib: "Kəndə insanların köçmə prosesi davam edir, eyni zamanda ətrafda bəzi qurumlarda işləyən əməkdaşların övladlarının da burada təhsilə cəlb olunmasını nəzərdə tutmuşuq. Məktəbimizdə ilk zəngin çalınması biz müəllimləri, şagirdləri çox sevindirdi. Müəllimlərimiz xoşbəxtdirlər ki, çoxdan həsrətini çəkdiyimiz kəndimizdə dərs deyəcəklər. Bu hissləri sözlə ifadə etmək çətindir. Məktəbimiz müasir texnologiya ilə təmin edilib. Məktəbimizdə hər fənn üzrə bir müəllim təyin edilib. Onlar həm test, həm də müsahibə mərhələsindən uğurla keçiblər. Bütün şagirdlərimizə çanta, planşet, kitablar paylanılıb. Bu şəraiti bizə yaradan Prezidentimizə minnətdarlığımızı bildirirəm". 
Məktəbin ibtidai sinif müəllimi Şəmsiyə Şəmsəddinova deyir ki, Vətən müharibəsində əldə etdiyimiz qələbə onu uşaqlıq arzusuna çatdırıb: "2020-ci ildə Vətən müharibəsi başlayan zaman 4-cü kursda təhsil alırdım və növbəti il üçün imtahanlara hazırlaşırdım. Müəllim olmaq və Qarabağ torpaqlarında öz fənnimi tədris etmək uşaqlıq arzum idi. Ali Baş Komandanımızın qətiyyəti, igid oğullarımızın şücaəti və xalqımızın birliyi nəticəsində biz zəfər çaldıq. Əldə etdiyimiz qələbədən sonra uşaqlıq arzum, Qarabağda müəllim olmaq istəyim gerçəkləşdi. Əslində, ailəm daha yaxın məsafədə işləməyimi istəyirdi. Amma mənim bir fikrim var idi - yalnız Qarabağ! Ağalı kəndinə qeydiyyatı görəndə çox sevindim. Heç kimə demədən qeydiyyatdan keçdim. Bu gün Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin müəllimiyəm. Bununla qürur duyuram. Mən bu torpaqlara bağlıyam. İnamım vardı ki, gün gələcək bu torpaqlarda müəllim kimi fəaliyət göstərəcəm. Bu yolda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, əsgər və zabitlərimizə cansağlığı diləyirəm".
Məktəbin şagirdləri də sevinc içərisində idilər. Çünki artıq onlar məcburi köçkün deyillər, sıxıntılarla yaşamırlar. Şagirdlərin bu sevincli günlərində hansı hissləri keçirdiklərini öyrəndik. Hüseyn Zeynalov müasir üslubda tikilən məktəbdə təhsil almağın fərəhini bizimlə bölüşüb: "Bu il Ağalı kənd tam orta məktəbində 7-ci sinfə başladım. Bunun üçün çox sevincliyəm. Bizim yaxşı təhsil almağımız üçün hər cür şərait yaradılıb. Söz verirəm ki, dərslərimi yaxşı qiymətlərlə oxuyacam".
Bundan öncə Sumqayıt şəhər 1 nömrəli məktəbdə oxuyan Ayla Rəfiyeva da sevinc dolu hisslərini bölüşdü: "Kəndimizdə oxuduğum üçün çox sevinirəm. Evimiz də yaxındır. Artıq yeni dostlarım da var. Yaxşı oxuyacağıma söz verirəm".

 

Şagirdlər nağdsız ödəniş edə biləcək

 

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdlərinə "Smart təhsil kartları" təqdim edilib. "Smart təhsil kartı" layihəsi Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə tətbiq edilib.  Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları 47 şagirdə təqdim edilib. Təqdim olunan smart kartlar şagirdlərə məktəbə giriş, eyni zamanda məktəbin yeməkxanasında nağdsız ödəniş formasından istifadə etmək imkanı verəcək. Qeyd edək ki, sözügedən kartlar ölkənin bir sıra peşə və ali təhsil müəssisələrində tətbiq olunur. "Smart təhsil kartı" müəllim və tələbələrə universitet, kitabxana və oxu zallarına giriş imkanı verməklə yanaşı, eyni zamanda təqaüdlərin alınması, ölkə daxili və xaricində istənilən ödənişlərin həyata keçirilməsi funksionallıqlarını özündə ehtiva edir.  
Qeyd edək ki, 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edən birinci "ağıllı kənd" layihəsinin təməli qoyulub. Bu il mayın 27-də "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Prezidenti 
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Elşən YƏHYAYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video