26 Sentyabr 2022 17:33
386
SİYASƏT
A- A+

Adil Əliyev: Anım Günü şəhidlərimizin xatirəsini tarixi yaddaşımıza həkk edir

 

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan Respublikasının Azərbaycanın o zaman işğal altında olan torpaqlarında bizə qarşı törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Ordumuz əks-hücum əməliyyatlarına başladı.

Nəticədə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, qəhrəman əsgərlərimizin fədakarlığı və şücaəti, Prezident-Ordu-Xalq birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu və düşmənə “dəmir yumruq”la sarsılmaz zərbə endirildi. Bununla da Azərbaycan tarixinin ən qəhrəman və ən fəxarətli səhifəsi yazıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

O deyib: “Qəhrəmanlıq həm də acılar, itkilər, qazilər və şəhidlər deməkdir. Vətənimizin azadlığı uğrunda şəhidlər verdik, qazilərimiz oldu. Onların əziz xatirəsini əbədiləşdirmək və yüksək ümummilli ehtiramımızı ifadə etmək üçün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması haqqında 2020-ci il dekabrın 2-də Sərəncam vermişdir. Orada qeyd olunur ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Sərəncamda deyilir ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin.

Bundan əlavə, Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq, İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Bundan başqa, Vətən müharibəsində böyük Zəfər münasibətilə 17 yeni orden və medal təsis edilib, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif olunublar. Bu tədbirlər bütün şəhidlərimizin xatirəsini əbədiləşdirməyə, eləcə də qazilərimizə və Vətən uğrunda döyüşmüş qəhrəman əsgər və zabitlərimizə olan yüksək hörmət və ehtiramı ifadə etməyə xidmət edir”.

Adil Əliyev qeyd edib ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, əsgərlərimizin qəhrəmanlıqlarının tarixi yaddaşımıza həkk olunmasına xidmət edən tədbir və işlərdən əlavə, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının rifahının və sosial vəziyyətinin yüksəldilməsi, təhsil, səhiyyə və məişət problemlərinin həll edilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Bu sahə prioritet istiqamət kimi müəyyən edilmiş və bu sahədə kompleks yanaşma tətbiq olunur. Bu yanaşma təkcə Vətən müharibəsi deyil, eləcə də Birinci Qarabağ müharibəsi iştirakçılarına və ümumiyyətlə, bütün şəhidlərimizə, qazi və müharibə iştirakçılarına şamil edilir. Müharibədə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər təmin edilir, yaralanmış müharibə iştirakçılarının tibbi reabilitasiyası üçün işlər görülür. On mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Bu günədək müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib. “YAŞAT” Fondu tərəfindən indiyədək 75 milyona yaxın vəsait toplanıb və müvafiq istiqamətlər üzrə həmin vəsaitin xərclənməsi davam etdirilir.

“Bu gün ictimaiyyət nümayəndələrimiz və sıravi vətəndaşlarımız da qəhrəmanlarımızdan öz diqqət və qayğısını əsirgəmir, müntəzəm olaraq onlarla bağlı silsilə tədbirlər keçirilir. Anım Gününün təsis edilməsi qəhrəmanlarımıza qarşı bu həssaslığımızı daha da möhkəmləndirir, şəhidlərimizin əziz xatirəsini tarixi yaddaşımıza əbədi həkk edir”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video