14 May 2022 01:03
1400
SİYASƏT
A- A+

ABŞ-dan İlham Əliyevə tam dəstək

 

Azərbaycan Prezidentinin mövqeyini Birləşmiş Ştatlar da təqdir edir

 

Postmüharibə dövrünün siyasi prioriteti Ermənistanla sülh sazişinin imzalanmasına dair aparılan danışıqlar prosesidir. Avropa İttifaqının təşəbbüsü ilə start verilən prosesin başlanğıc mərhələsi hələ ki normal məcrada, yəni Azərbaycanın irəli sürdüyü təkliflərin Ermənistan tərəfindən qəbul edilməsi fonunda davam edir.

Elə mühüm məqam da ondan ibarətdir ki, sülh danışıqları prosesi yeni başlayanda məğlub ölkə müxtəlif bəhanələr gətirib sazişin imzalanmasından boyun qaçırırdısa, indi həm Ermənistan, həm də Avropa İttifaqı daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar bu prosesə müsbət reaksiya verir və Azərbaycanın mövqeyini dəstəkləyirlər. Təkcə dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Şuşada beynəlxalq toplantı keçirməsi bunu təsdiqləyən reallıqdır.

 

Azərbaycan öhdəliklərinə sadiqliyini əyani şəkildə sübut edir

 

Cənubi Qafqazda sülhün bərqərar olması, kommunikasiyaların açılması və bu istiqamətdə yeni əməkdaşlıq platformalarının yaradılmasını təşviq edən İlham Əliyevin yürütdüyü siyasət regionda marağı olan böyük dövlətlər tərəfindən də təqdir edilir.

Hər kəsə bəllidir ki, Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Azərbaycan və Ermənistan rəhbərliyi də bu təşkilata etimad göstərib danışıqlara start veriblər. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ bu məsələdə maraqlı tərəf kimi çıxış etməkdədir.   

Ən mühüm məqam isə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratmasıdır. Çünki bu məsələ həllini taparsa, ilk növbədə sərhəddə gərginlik aradan qalxacaq, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam edəcək. Bundan sonra isə minalanmış ərazilərin təmizlənməsi prosesi daha da sürütlənə bilər və bu işə digər beynəlxalq təşkilatlar tərəfindən dəstək göstərilməsi müsbət nəticə verər.

Həmçinin aktual məsələlərdən biri Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində qalan erməni silahlıları ilə bağlıdır. Əgər saziş imzalanarsa, Ermənistan həmin silahlı birləşmələri ərazilərimizdən tamamilə çıxarmalıdır. Belə olan halda isə Azərbaycan Ordusunun antiterror əməliyyatları keçirməsinə ehtiyac qalmayacaq və münasibətlər sülh sazişinin müddəaları əsasında tənzimlənəcək.

Nəqliyyat və kommunikasiyaların açılışına gəldikdə isə, ilk növbədə Azərbaycanın bu istiqamətdə atdığı addımlara nəzər yetirsək görərik ki, müharibədən sonra İlham Əliyev bu sahədə olduqca əhəmiyyətli layihələr reallaşdırıb.

Füzuli Hava Limanı açılıb, Zəngilanda və Laçında yeniləri inşa edilir. İki iqtisadi rayonda ümumilikdə 15 avtomobil yolu layihəsi icra edilir, körpülər, tunellər inşa olunur. Zəngəzur dəhlizinin açılması istiqamıtində həm dəmir yolu xətti, həm də avtomobil yolu layihələri reallaşdırılmaqdadır. Əgər regionda kommunikasiya xətlərinin bərpası reallaşarsa, bu həm Azərbaycan, həm də Ermənistana iqtisadi dividendlər gətirəcək. Ona görə də ilk növbədə nəqliyyat və kommunikasiya məsələlərinin həlli aktualdır və diqqət mərkəzində saxlanılır.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri birmənalı şəkildə icra edir, özü də heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan.

 

Azərbaycanın sülh danışıqları prosesinə verdiyi töhfə güclü dəstək qazanır

 

Beynəlxalq təşkilatların, xüsusən də Qərb dövlətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sərgilədikləri mövqe başa düşüləndir. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı, qaz ixracatçılarından biridir. Əgər Rusiya-Ukrayna münaqişəsi bir müddət də davam edərsə, Azərbaycan Avropanın ən mühüm qaz ixtacatçısı ola bilər.

Aİ ölkələri 2022-ci ilin son 6 ayında Rusiya qazından imtina etməklə bağlı razılığa da gəliblər. Belə olan halda isə təbii ki, Azərbaycan qazına tələbatın artacağı qaçılmazdır. Ona görə də Aİ hesab edir ki, Azərbaycanın təhlükəsizliyi və rifahı həm bütün regiona, həm də Avropaya fayda gətirə bilər.

Bu həftə isə Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə, ortaya qoyduğu mövqeyə Amerika Birləşmiş Ştatları tərəfindən də dəstək nümayiş olundu. ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi və tərəflər arasında aparılan telefon danışığı bunun bariz təcəssümü oldu. ABŞ Dövlət katibi birmənalı şəkildə Azərbaycanla Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayaraq bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyini söylədi. Antoni Blinken hətta bildirdi ki, Birləşmiş Ştatlar tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazırdır.

İlham Əliyev isə bir daha reallıqları dəyərləndirərək Antoni Blinkenin diqqətinə çatdırıb ki, Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsip məğlub ölkə tərəfindən qəbul edilib. Belə olan halda da Azərbaycan sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibinin müəyyən etdiyini də söyləyən Prezident nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.

Tərəflər eyni zamanda Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar. Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub. Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni formatın irəliləyiş trayektoriyası hələlik müsbət istiqamətdə davam edir. Ən əsası isə odur ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT, Avropa İttifaqı, o cümlədən Rusiya və ABŞ da yeni reallıqları, xüsusən də İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görürlər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video