25 Iyun 2022 02:47
519
DÜNYA
A- A+

ABŞ-da silah gəzdirmək qadağası sərtləşdirildi

 

Birləşmiş Ştatlar Senatı 30 il ərzində ilk dəfə yeni qanun qəbul etdi

 

ABŞ Senatı təxminən 30 ilin ən mühüm qanunu olan silaha nəzarət üzrə qanun layihəsini qəbul edib. 15 respublikaçı qanun layihəsini dəstəkləmək üçün Konqresin yuxarı palatasındakı demokratlara qoşulub. Ümumilikdə 65 senator onun lehinə, 33-ü əleyhinə səs verib.

Qanun layihəsi Buffaloda supermarketdə və Uvaldda ibtidai məktəbdə 31 nəfərin ölümünə səbəb olan son kütləvi qətllərdən sonra qəbul edilib.

İndi qanun Prezident Bayden tərəfindən imzalanmadan əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir.

 

Prezidentdən çağırış

 

Səsvermədən sonra yaydığı bəyanatda Prezident Nümayəndələr Palatasının üzvlərini, özünün dediyi kimi, "qanun layihəsinə dərhal səs verməyə və sənədi iş masasına göndərməyə" çağırıb: "Bu gecə, 28 illik fəaliyyətsizlikdən sonra hər iki partiyanın Konqresdəki üzvləri ölkə daxilində ailələrin çağırışını nəzərə alaraq cəmiyyətimizdə silahlı zorakılıqla mübarizə üçün qanun qəbul etmək məqsədilə bir araya gəldilər. Uvaldda və Buffaloda ailələr və çoxsaylı keçmiş faciəli atışmalar bizdən tədbirlər görməyi tələb edirdi. Bu gün biz hərəkət edirik."

Spiker Nensi Pelosi, respublikaçıların müqavimətinə baxmayaraq, qanun layihəsini Nümayəndələr Palatasından qısa zamanda keçirməyə söz verib. Qeyd edək ki, respublikaçıların Konqresin aşağı palatasındakı lideri Kevin Makkarti partiya üzvlərini qanun layihəsinin əleyhinə səs verməyə çağırıb.

 

Qanun nəyi dəyişəcək?

 

İslahatlara yaşı 21-dən aşağı olan alıcıların bioqrafik məlumatlarının daha sərt yoxlamaları, həmçinin psixi sağlamlıq proqramları və məktəb təhlükəsizliyinin təkmilləşdirilməsi üçün federal büdcədən ayrılan 15 milyard dollar maliyyə daxildir.

Ayrı-ayrı ştatları öz qanunlarında islahatlar keçirməyə təşviq etmək və təhlükə yaradan insanlardan odlu silahları müsadirə etməyə başlamaq üçün vəsait ayrılması nəzərdə tutulur.

Layihə həm də mövcud boşluqlardan birini bağlayır və nikahda olmayan tərəfdaşları ilə sərt davranışa görə mühakimə olunmuş şəxslərə silah satışını qadağan edir.

 

"Bu, dərdin əlacı deyil"

 

Təklif olunan islahatlar onilliklər ərzində ilk dəfə həm demokratlar, həm də respublikaçılar tərəfindən bu qədər yüksək səviyyədə dəstək alıb. Partiyanın ən mühafizəkar senatorları Co Mançin və Kirsten Sinema da daxil olmaqla Senatdakı bütün 50 demokrata bəzi respublikaçılar, o cümlədən partiyanın Senatdakı lideri Mitç Makkonnell və sabiq prezident Donald Trampın yaxın müttəfiqi Lindsi Qrem də qoşulublar.

Bir sıra ənənəvi mühafizəkar hüquq müdafiə təşkilatları, o cümlədən "Polisin Qardaşlıq Ordeni" və Beynəlxalq Polis Rəisləri Assosiasiyası da qanun layihəsini dəstəkləyiblər.

Senatda demokratik çoxluğun lideri Çak Şumerin dediyinə görə, bu, silah zorakılığının ölkəmizə necə təsir etdiyinə qarşı əlac deyil, lakin düzgün istiqamətdə çoxdan gecikmiş bir addımdır.

2024-cü ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyi güman edilən Texas senatoru Ted Kruz qanun layihəsini "uşaqlarımızı qorumaq üçün ciddi addımlar atmaq əvəzinə qanuna tabe olan vətəndaşları tərk-silah etməyə cəhd" kimi qiymətləndirib.

Milli Atıcılıq Assosiasiyası proqnozlaşdırılan şəkildə qanun layihəsinə qarşı çıxıb və onun zorakılığı dayandırmayacağını bildirib.

ABŞ Prezidenti Co Bayden Uvaldda və Buffaloda baş verən atışmalardan sonra silaha nəzarətlə bağlı sərt addımlar atmağa çağırıb.

Bundan əvvəl Prezident bildirib ki, yeni təkliflər düzgün istiqamətdə atılan addımdır, lakin bu kifayət deyil. O, Texasda və Buffaloda kütləvi atışmalarda istifadə edilən avtomat tüfənglərə qadağa qoyulmasını və ya ən azı minimal yaş həddinin artırılması da daxil olmaqla daha geniş islahatların həyata keçirilməsini təkid edir. Texaslı atıcının 18 yaşı tamam olduqdan bir neçə gün sonra iki yarıavtomatik tüfəng aldığı güman edilir.

 

ABŞ-da silah hüququnda fikir ayrılığı var

 

ABŞ dünyanın zəngin ölkələri arasında odlu silahdan ən yüksək ölüm nisbətinə malikdir. "Gun Violence Archive" (Silah Zorakılığı Arxivi) qeyri-kommersiya tədqiqat qrupunun məlumatına görə, bu il ölkədə 20900-dən çox insan silahlı zorakılıq nəticəsində həlak olub. Buraya qətllər və intiharlar da daxildir.

Bununla belə, ABŞ-da çoxları Konstitusiyaya İkinci Düzəlişlə qorunan silah hüququnu yüksək qiymətləndirirlər.

Silahlara nəzarət haqqında son əhəmiyyətli federal qanun 1994-cü ildə qəbul edilib. O, mülki istifadə üçün avtomat tüfənglər və böyük tutumlu maqazinlərin istehsalını qadağan edib, lakin 10 ildən sonra müddəti başa çatıb.

2012-ci ildə Konnektikutda Sendi Huk məktəbində 20 uşaq və 6 böyüyün ölümü ilə nəticələnən atışmadan sonra konqresmenlər qanunvericiliyi sərtləşdirməyə çalışsalar da, lazımi sayda səs toplaya bilmədilər.

Yeni qanun layihəsi üzrə səsvermə Nyu York ştatında qanuni olaraq silah gəzdirmək hüququnu məhdudlaşdıran qanunun Ali Məhkəmə tərəfindən ləğv edildikdən bir neçə saat sonra keçirilib. Bu, ölkədə silaha sahib olmaq məsələsində dərin fikir ayrılığının bariz nümunəsidir.

Məhkəmə qərara alıb ki, Nyu York hakimiyyəti sakinlərdən odlu silahların ictimai yerlərdə gizlədilməsi üçün üzürlü səbəb göstərmələrini tələb etməklə Konstitusiyanı pozur.

Bununla əlaqədar Mitç Makkonnell bildirib ki, məhkəmənin qərarı və qəbul olunmuş qanun layihəsi əlamətdar hadisədir.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video