27 May 2022 03:36
620
SİYASƏT

9 müəssisə, 50 milyon manat investisiya

 

İlham Əliyevin bir il öncə təməlini qoyduğu AğdamSənayeParkı xaricivə yerliinvestorlarüçünəlverişliməkanaçevrilib

 

"Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun..."

Bir il öncə, 2021-ci il mayın 28-i, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi bu fikir düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan bu məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu.

Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər Ağdam oldu. Bir il öncə Prezident şəhərin baş planına uyğun çox mühüm sosial-iqtisadi infrastrukturların təməlini qoydu. Onlardan biri də rayonun sənaye potensialının üzə çıxarılması üçün yaradılan Ağdam Sənaye Parkı idi.

Artıq sənaye parkının təməlinin qoyulmasından bir il ötür. Maraqlıdır, görəsən, bu müddət ərzində parkın ərazisində hansı yeniliklər, burada fəaliyyət göstərəcək müəssisələr üçün nə kimi imkanlar yaradılıb. Elə bu suallara aydınlıq gətirmək üçün Ağdam Sənaye Parkına baş çəkib görülən işlərlə maraqlandıq.

 

Ərazi minalardan təmizlənib, yeni mobil şəhərcik yaradılıb

 

Ağdam Sənaye Parkı 190 hektar sahəni əhatə edir və ərazisi tam olaraq minalardan təmizlənib. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq sənaye parkında mobil tipli şəhərcik salınıb.

Mobil şəhərcikdə konteyner tipli 8 ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, 2 ədəd ofis, ərzaq və təsərrüfat marketləri, aptek, yeməkxana, camaşırxana, idman meydançası və 2 ədəd sanitar qovşaq inşa olunub. Konteynerlərin ətrafında 480 metr uzunluğunda hasar inşa edilib.

Şəhərciyə asfalt yol çəkilib, abadlıq işləri tamamlanıb. Sənaye parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. İşdən sonra istirahət məqsədilə söhbətgahlar yaradılıb. Sənaye parkının ərazisində iki bankın ödəniş terminalları da quraşdırılıb.

Ərazidə tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və ərazidə 630 kV-lıq komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.

 

Müəssisələr 10 il müddətinə vergilərdən, 7 il isə gömrük rüsumundan azaddırlar

 

Sənaye parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır.

İndiyədək Ağdam Sənaye Parkında 9 sahibkarlıq subyektinə ("Dadaş-N", "Veliev", "Smartpoint", "Ram Beynəlxalq Nəqliyyat və Ticarət", "Ağ Tekstil", "Prof-Dam", "Metkons", "Agah Group" və"Expert Services FZE" Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsi) rezidentlik statusu verilib.

"Dadaş-N" MMC Ağdam Sənaye Parkının 2 hektar ərazisində müxtəlif çeşiddə sintetik xalçaların istehsalı ilə məşğul olacaq. "Veliev" MMC parkın 7 hektar ərazisində "Prefabrik dəmir-beton məmulatları istehsalı" layihəsini həyata keçirəcək. "Smartpoint" MMC alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların istehsalını təşkil edəcək. "Ram Beynəlxalq Nəqliyyat və Ticarət" MMC "Polimer məhsulların istehsalı", "Ağ Tekstil" 1 hektar ərazidə "Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı" layihəsini, "Prof-Dam" MMC dam örtüklərinin istehsalı layihəsini həyata keçirəcəklər. "Metkons" MMC havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalını, "Agah Group" MMC isə müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının istehsalını nəzərdə tutan zavodlar inşa edəcəklər. Birləşmiş Ərəb Əmirlikləri kapitallı "Expert Services FZE" Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsi isə sənaye parkının 1,2 hektar ərazisində ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsini həyata keçirəcək.

Prezident İlham Əliyev bu il fevralın 13-də Ağdama növbəti səfəri çərçivəsində sənaye parkında "Smartpoint" və "Dadaş-N" MMC-nin təməlini qoyaraq öz xeyir-duasını verib. Onu da bildirək ki, ümumilikdə 9 müəssisə tərəfindən sənaye parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.

Hazırda ölkədə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri Ağdam Sənaye Parkında da tətbiq ediləcək. Belə ki, parkın rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Eyni zamanda rezidentlər dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin ediləcəklər və yaxın günlərdə bu istiqamətdə işlərin görülməsinə başlanılacaq.

Ərazidə yaşıllıq sahələri də salınıb, lakin... Sənaye parkına nəzarət edən İqtisadiyyat Nazirliyindən bir xahişimiz var: lütfən, bu yaşıllıqların məhv olmasına imkan verməyin. Çünki əkilən ağaclar baxımsızlıq səbəbindən artıq quruyub. Əsas ağac əkmək deyil, onu yaşatmaqdır...

 

Ağdam həm də Qarabağın sənaye mərkəzinə çevriləcək

 

İşğaldan azad edilmiş ərazilər, o cümlədən Ağdam şəhəri də geniş tikinti meydançasını xatırladır, tarixi zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir.

İlham Əliyev Ağdama hər səfərində Qarabağın gələcək inkişafında həlledici rol oynayacaq infrastruktur obyektlərinin, iqtisadi və sosial tipli layihələrin təməlini qoymaqla bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan 27 il müddətində xarabalığa çevrilən yurd yerlərini tezliklə yalnız öz qüdrətinə ən abad, nümunə göstəriləcək məkana çevirəcək. Ağdamda şahidi olduğumuz mənzərə isə onu deməyə əsas verdi ki, yerli və xarici investorların sənaye parkına marağı getdikcə artır. Tezliklə rezidentlərin sayı və investisiyanın həcmi, miqdarı da artacaq və bu vəsaitlər də İlham Əliyevin yenidən yaratdığı müasir Ağdamın tikinti-quruculuq prosesinə yatırılacaq.

Xüsusilə də Ağdamın strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını daha da genişləndirir.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video