20 Yanvar 2022 16:31
218
CƏMİYYƏT

20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub

 

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın şimal rayonlarında da böyük ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət olunub.

Anım mərasiminin iştirakçıları 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

20 Yanvar şəhidi Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev də zavoddakı iş yoldaşları ilə birlikdə meydanda xalqımızın etiraz səsini ucaldanlar arasında yer alıb. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib.

İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.

Xaçmaz rayonu ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə ümumilikdə 300-ə yaxın şəhid verib.

x x x

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Quba rayonunda da anım mərasimləri keçirilib.

Mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət ediblər. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar Bakıya gedib. O, avtomobildə hərəkət edərkən güllə yağışına tuş gəlib. Aldığı ağır yaralardan dünyasını dəyişən R.Hüseynov Quba şəhər qəbiristanlığında dəfn edilib.

Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarı ziyarət edilib. Şəhid Elçin Qeybullayev 1968-ci ildə doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakıda işləməyə başlayıb. Qanlı faciə gecəsi yoldaşları ilə birlikdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonunun Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

20 Yanvar hadisələri zamanı Quba rayonundan iki sakin şəhid olub, üç nəfər isə yaralanıb.

x x x

Qusar rayon ictimaiyyəti də 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Şəhər Mədəniyyət Evində Qusar Dövlət Ləzgi Dram Teatrı tamaşaçılara 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar xüsusi kompozisiya təqdim edib. Səhnə əsərində yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaşadığı faciə əksini tapıb.

Siyəzən, Şabran və Xızı rayonlarında da 20 Yanvar faciəsinin 32-ci ildönümü silsilə tədbirlərlə qeyd olunub.

Bakı vaxtı ilə saat 12:00-da bütün rayonlarda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video