24 May 2024 09:25
1106
SİYASƏT
A- A+
17 köç, 445 ailə, 1699 nəfər... 

17 köç, 445 ailə, 1699 nəfər... 

 

100 günün qayıdışı

 

"Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim".
Düz 32 illik yurd həsrətindən sonra Şuşaya qovuşan ilk sakinlərlə mayın 10-da - Ulu Öndər Heydər Əliyevin 101-ci doğum günündə görüşü zamanı qalib lider İlham Əliyevin milli qürur, fəxr və xoşbəxtlik hissləri ilə dilə gətirdiyi kimi, ötən 20 illik Prezidentliyi dövründə siyasətinin prioritetini torpaqlarımızın işğaldan azad edilməsi və keçmiş məcburi köçkünlərimizin dədə-baba torpaqlarına qayıdışı təşkil edib. 
Azərbaycan xalqı İlham Əliyevin bir dövlət başçısı, vətənpərvər şəxsiyyət kimi qarşısına qoyduğu bu milli hədəfə doğru əzm, iradə, qətiyyət, ən əsası inamla addımlayaraq zirvəyə yetirməsinə 2020-ci ilin Şuşa, 2023-cü ilin Xankəndi qələbələri ilə şahid oldu. 
İndi xalqımız Prezident İlham Əliyevin şəxsi diqqəti ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq zəfərinə, qayıdış köçləri ilə öz yurdlarına qovuşdurulan keçmiş məcburi köçkünlərin sevinclərinə şahidlik edir. 

 

Müjdə 

 

Əslində, tarixi torpaqlarımızın azadlığından cəmi ilyarım sonra Zəngilanın Ağalı kəndinin sakinlərinin vətənlərinə qayıdışlarına start verilməsi ilə bütün keçmiş məcburi köçkünlərimizin tezliklə yurdlarına qovuşdurulacağının müjdəsi verilmişdi. 
2022-ci il iyulun 19-da gerçəkləşən həmin tarixi köçdən sonra isə Qarabağa və Şərqi Zəngəzura üz tutan qayıdış karvanlarının, doğma sakinlərinə qovuşan ərazilərimizin sayı gündən-günə artmağa başladı. Bu gün həmin cərgədə Füzuli, Şuşa, Laçın şəhərlərinin, Zabux, Sus, Talış kəndlərinin adlarını görməyimiz ürəklərimizdə təsvirəgəlməz sevinc hissi yaradır. Hər birimizin könlü şadlanır ki, tezliklə Kəlbəcər də, Ağdam da, Cəbrayıl da, Qubadlı da, Xocalı, da Xankəndi də... qayıdış karvanlarına "xoş gəldin" deyən bəxtəvər diyarlara çevriləcəklər.  
Azərbaycan dövlətinin cəmi 4-5 il əvvələ qədər bir həyat nişanəsi belə tapılmayan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi dünyada misli bərabərinə rastlanmayan tikinti və quruculuq işləri isə o günlərin çox da uzaqda olmadığının xoş sorağını yetirir. 
Məhz sadalanan bu tarixi hadisələrin nəticəsidir ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində xalqımızın əksər üzvü kimi,  keçmiş məcburi köçkünlər də Qarabağ və Şərqi Zəngəzuru azad edən, ölkəmizin suverenliyini bərpa edən, Vətəni bütövləşdirən layiqli Prezidentinə səs vermək üçün seçki məntəqələrinə axın etdi. Bir nəfər kimi onları vətəndə qəribçilikdən qurtararaq yurdlarına qovuşduran qalib liderə səs verdi, bununla xilaskarı saydığı insana minnətdarlığını bildirdi, mənəvi borcunu ödədi. 
Çünki bütün keçmiş məcburi köçkünlər də bilirdi ki, İlham Əliyev onların yurd həsrətinin sona yetməsi üçün gecə-gündüz necə çalışır, təkcə torpaqlarımızı işğal edən düşmənlə deyil, ona dəstək verən böyük güclərlə çarpışır.  
Hətta Vətən müharibəsindən sonrakı müsahibələrinin birində  "...Hər zaman mənim gözlərimin önündə onlar idi, nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı!" deyən Prezident İlham Əliyevin ötən müddətdə gündəliyində duran ilk məsələ yurdundan didərgin salınmış vətəndaşlarımızın torpaqlarına qovuşdurulması idi.  
Eyni zamanda 2024-cü il mayın 10-da Laçının Sus kəndinin doğma sakinləri ilə görüşü zamanı da İlham Əliyev ürək ağrısı ilə bu insanlarımızın illər boyu çəkdikləri əzab-əziyyətləri bir daha yada salmışdı: "Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur".

 

Möhtəşəm qayıdışın rəqəmlərdə əksi

 

Məhz keçmiş məcburi köçkün vətəndaşlarımıza olan həssas münasibətin təzahürüdür ki, İlham Əliyev 2024-cü ildə prezident səlahiyyətlərinin icrasına başladığı müddətdən ötən yüz gün ərzində də Qarabağ və Şərqi Zəngəzura dəfələrlə qayıdış köçü həyata keçirilib, yüzlərlə ailə öz isti od-ocağında xoşbəxt yaşamağa başlayıb.  
Ötən 100 günün qayıdış statistikasına nəzər salanda da bunu aydın görmək mümkündür. 
Qeyd edək ki, bu tarixlər arasındakı dövrdə Laçın şəhərinə 62 ailə - 211 nəfər, Laçın rayonunun Zabux kəndinə 10 ailə - 26 nəfər, Sus kəndinə 20 ailə - 75 nəfər, Füzuli şəhərinə 295 ailə - 1163 nəfər, Şuşa şəhərinə 58 ailə - 224 nəfər qayıdıb. 
Sözügedən tarixlərdə bu şəhər və kəndlərimizə 17 köç, 445 ailə, 1699 nəfər qayıdıb. 
Ümumiyyətlə, Böyük qayıdış proqramının uğurlu icrasının sayəsində keçmiş məcburi köçkünlər mərhələ-mərhələ dədə-baba torpaqlarına qovuşurlar. 2022-ci il iyulun 19-da Zəngilanın Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qaytarılması ilə start verilən Böyük qayıdış ötən il də davam etdirilib. Belə ki, 2023-cü ilin mart ayında Tərtərin Talış kəndinin, may ayında Laçın şəhərinin, avqust ayında Füzuli şəhərinin və Laçın rayonunun yenidən salınan Zabux kəndinin sakinləri yurdlarına qovuşublar. Ötən il ərzində fərqli tarixlərdə sadalanan ərazilərə xeyli qayıdış həyata keçirilib. 
2024-cü ilin ilk ayında da işğaldan azad edilən yurdlarımıza dəfələrlə qayıdış köçü olub. Yanvarın 18-dən etibarən müxtəlif tarixlərdə beş köç karvanı Füzuli, biri isə Laçın şəhərinə yola salınıb. Ümumiyyətlə, bu ilin fevral ayına  qədər təxminən 5400 keçmiş məcburi köçkün öz doğma yurd-yuvasında  xoşbəxt yaşama başlayıb. 
Bu möhtəşəm statistikanın özü də göstərir ki, Prezident İlham Əliyevin qarşıdakı mühüm hədəflərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi və qayıdışın həyata keçirilməsidir. 

 

Əbədi qayıdış

 

2024-cü il fevralın 14-də andiçmə mərasimində İlham Əliyev bildirdi ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq: "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır". 
Qeyd edək ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib. Hazırda bu proqram müvəffəqiyyətlə icra olunur və azad edilmiş torpaqlarda vüsət alan genişmiqyaslı quruculuq işləri dövlətimizin öz hesabına həyata keçirilir. Buna görədir ki,  dövlət büdcəmizin əsas prioritetlərindən biri milli hədəfimizə - Böyük qayıdışa nail olunması istiqamətindədir.
2020-2022-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən bərpa-quruculuq işləri ilə əlaqədar dövlət büdcəsindən təqribən 6,6 milyard manat məbləğində vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində Böyük qayıdış proqramının icrası üçün 5,3 milyard manat yönəldilib. Bu ilin büdcəsində isə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub.
Azad olunan ərazilərdə sosial infrastruktur qurulur, xəstəxanalar, məktəblər, idman obyektləri tikilir, yollar, tunel və körpülər inşa edilir, dəmir yolları çəkilir. Müasir "ağıllı kənd və şəhərlər" salınır. Çox qısa zaman ərzində Qarabağ və Şərqi Zəngəzurda iki beynəlxalq hava limanı - Füzuli və Zəngilan hava limanları tikilərək istifadəyə verilib. Üçüncü beynəlxalq hava limanı isə Laçında sürətlə inşa edilir. 
Qarabağ və Şərqi Zəngəzura səfər etməyi ənənəyə çevirən Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez o ərazilərə yollanaraq hər dəfəsində yeni yaşayış məntəqələrinin təməlini qoyur, açılışlar edir, əzəli yurdlarına qayıdan sakinlərə evlərinin açarlarını təqdim edir, onları öz mənzillərində ziyarət edir, qayıdış sevinclərini onlarla birgə yaşayır. 
Bu il mayın 18-də qurucu lider İlham Əliyev yolunu yenidən Şərqi Zəngəzurdan salaraq Zəngilan və Cəbrayıl rayonlarında yeni təməllər atdı, bünövrələr qoydu, açılışlar etdi.
Həmin tarixdə birinci xanım Mehriban Əliyevanın "İnstaqram" sosial şəbəkəsindəki hesabında Zəngilan səfəri ilə bağlı etdiyi paylaşım isə Prezident İlham Əliyevin quruculuq missiyasının xoş mənzərəsini özündə əks etdirdi. Xilaskar İlham Əliyevin yamyaşıl meşənin, zümzüməli çayın fonundakı səmimi fotoları xalqımızın böyük maraq və rəğbətinə səbəb olmaqla yanaşı, bu torpaqların əzəli sahiblərinin öz yurdlarına əbədi qayıdışına rəmzi işarə oldu. 
Onilliklər boyu erməni vandallığına tuş gələn tarixi, dini, mədəni abidələrimiz Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın  rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən yüksək zövqlə bərpa olunur. 
Belə müqəddəs məkanlarımızdan biri Şərqi Zəngəzura sözügedən səfəri zamanı Prezident İlham Əliyev tərəfindən açılışı həyata keçirilən Zəngilan məscidi oldu. Düşmənin dağıtdığı və təhqir etdiyi müqəddəs məscidimizin yenidən inşa edilərək xalqımıza təqdim olunması, buradan ucalan azan sədası ilə bu torpaqların milli ruhunun dirçəlişi  duyulurdu. 

 

Xoşbəxtliyin özü

 

Bəli, ta 2003-cü ilin oktyabr ayından 2024-cü ilin may ayına qədər olan 20 il yarımlıq zaman kəsiyində fəaliyyətinə nəzər salmaq belə kifayət edir ki, Prezident İlham Əliyevin bu illər ərzində gündəliyindəki əsas məsələ torpaqlarımızın işğaldan azad edilməsi və yüzminlərlə vətəndaşımızın didərgin salındığı yurduna qaytarılması olub. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfərlə bitən Vətən müharibəsindən dərhal sonra məcburi köçkünlərə "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz..." deyə gözaydınlığı verməsi də təsadüfi deyildi. 
Vurğulayaq ki, ötən dövrdə də keçmiş məcburi köçkünlərin mənzil və həyat şəraitlərinin yaxşılaşdırılması daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Bu soydaşlarımız çadırlardan, yataqxanalardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülüb, yaşayış şəraitləri yaxşılaşdırılıb, sosial rifahları yüksəldilib. 
2020-ci il mayın 28-i Müstəqillik Günündə isə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda 1336 məcburi köçkün ailəsi üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı oldu. Bu həm də məcburi köçkünlər üçün salınmış sonuncu müvəqqəti yaşayış kompleksi kimi yaddaşlarda qaldı. Çünki həmin tarixdən cəmi iki il sonra dövlətimiz artıq Zəngilanın Ağalı kəndinin sakinlərinin timsalında Şərqi Zəngəzura əbədi həyatı qaytardı və bu xoşbəxtlik qısa zaman sonra Qarabağa da nəsib oldu, bu ulu diyarımıza da qayıdış köçləri yola salındı. 
Sözü imzası qədər kəsərli olan Prezident İlham Əliyevin siyasi qətiyyəti, gücü, iradəsi, ən əsası vətənpərvərliyi sayəsində keçmiş məcburi köçkünlər yurdlarına dönərək yenidən o doğma torpaqlarda yaşayır, qurub-yaradırlar. İllərdir ev-eşiyindən pərən-pərən düşərək ölkəmizin dörd bir yanına səpələnmiş vətəndaşlarımız indi birgə xoş günlərə pərvazlanıblar. Artıq Şərqi Zəngəzurdan, Qarabağdan top-tüfəng səsi yox, yeni doğulan körpələrin sədası dünyaya yayılır. 
Bütün bünlar ömrünü Azərbaycan xalqının yolunda şam kimi əridən Ulu Öndər Heydər Əliyevin vaxtilə Füzulinin Horadiz qəsəbəsi ilə təməlini qoyduğu Böyük qayıdışın Prezident İlham Əliyev tərəfindən məntiqi sonluğuna yetirilməsinin göstəricisidir. 
Və bütün bunlar həm də Azərbaycan xalqı üçün xoşbəxtliyin özü deməkdir. 
Necə ki bu barədə qalib lider İlham Əliyev 2021-ci il dekabrın 24-də - öz ad günündə zəfər qalamız Şuşadan bəyan edib: "Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi"də baş məşqçi postuna yenidən Samir Abasov gəririlir

14:49
14 Oktyabr

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

14:42
14 Oktyabr

Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri təlim-məşq uçuşları icra edib 

14:37
14 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:27
14 Oktyabr

Azərbaycandan nəql olunan neftin 12,8 faizi SOCAR-ın payına düşüb  

14:06
14 Oktyabr

Ukraynanı çətin qış gözləyir

13:52
14 Oktyabr

ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır

13:33
14 Oktyabr

Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib

13:19
14 Oktyabr

Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb

12:57
14 Oktyabr

Qazax sakini minaya düşüb

12:41
14 Oktyabr

Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb

12:40
14 Oktyabr

Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:37
14 Oktyabr

Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub

12:36
14 Oktyabr

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:34
14 Oktyabr

Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

12:30
14 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

12:09
14 Oktyabr

Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib

12:03
14 Oktyabr

“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır

12:00
14 Oktyabr

İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır  

11:59
14 Oktyabr

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

11:57
14 Oktyabr

İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb

11:47
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!