13 Yanvar 2023 01:55
1170
SİYASƏT
A- A+

134 milyardlıq ÜDM, 60 milyard strateji valyuta ehtiyatı

 

2022-ci ildə iqtisadi artım davam edib

 

Dünyanın tədricən pandemiyadan çıxmasına rəğmən qlobal miqyasda 2022-ci il bir sıra risklərin iqtisadi sferaya təsirlərinin hələ də davam etməsi ilə yadda qaldı. 
Geosiyasi gərginliklərin yüksəlməsi, inflyasiya kimi amillər ötən il özünü iqtisadi inteqrasiya zəncirində büruzə verdi. Buna görə də ümumilikdə götürdükdə dünyada iqtisadi aktivlik 2022-ci ildə azalmaya meyilli olub. Hətta son meyilləri nəzərə alaraq il ərzində beynəlxalq təşkilatlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişiblər.

 

Tarixi nailiyyət

 

Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəraitdə inkişaf edir. Beynəlxalq miqyasdakı vəziyyətə baxmayaraq, respublikamızda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2022-ci ildə milli iqtisadiyyatımızda makroiqtisadi sabitlik ümumilikdə qorunub və iqtisadi artım davam edib. Belə ki, ötən il ölkədə iqtisadi fəallıq yüksək olmuş, onun perspektivləri ilə bağlı gözləntilər nikbinlik doğurmuşdu. 
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ötən ilin iqtisadi göstəricilərinə nəzər salaraq iqtisadi nailiyyətlərimizin sıradan olan məsələ olmadığını bildirib. "Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə, 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu nə deməkdir və eyni zamanda bizim xarici borcumuz azalıb. Həm mütləq rəqəmlərlə - 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə, təbii ki, kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir", - deyə dövlət başçısı bildirib. 
Onu da qeyd edək ki, ötən il iqtisadiyyatımız təxminən 5 faiz artıb, qeyri-neft sektoru isə 9 faizdən çox artıb. 

 

Artımın təməlində iqtisadi islahatlar siyasəti dayanır

 

Bütün bunlarla bərabər 2022-ci ildə respublikamızın strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə artaraq 60 milyard ABŞ dollarına çatması, xarici ticarət dövriyyəsindəki müsbət göstəricilər ötən ilin Azərbaycan üçün uğurlu olduğunu təsdiq edən mühüm iqtisadi faktorlardır.  
Göründüyü kimi, Azərbaycan pandemiyanın yaratdığı çətinlikləri də sürətlə geridə qoyur. Bu nailiyyətlərin təməlində isə Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti dayanır. Bunun nəticəsində ölkənin sosial-iqtisadi potensialının artmına nail olunması ilə yanaşı, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü də əhəmiyyətli dərəcədə yüksəlib. Müsbət iqtisadi göstəricilərin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi isə bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının  dövlətimizin qarşısında dayanan iqtisadi məqsədləri layiqincə təmin etdiyini göstərir. 

 

Son 5 ildə minimum əməkhaqqı 2,7, minimum pensiya 2,5 dəfə artırılıb

 

Əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsini hər zaman prioritet məsələ kimi müəyyən edən Azərbaycan pandemiya şəraitinin hələ tam səngiməməsinə və müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, sosial siyasətini dinamik şəkildə həyata keçirməkdədir. Sosial tədbirlərin reallaşdırılması üçün böyük maliyyə vəsaiti tələb olunsa da, dövlət vətəndaşların rifahı, həssas əhali qruplarının sosial müdafiəsinin daha da gücləndirilməsi  naminə bu istiqamətdə də davamlı şəkildə proqramlar icra edir. 
Xatırladaq ki, ümumilikdə son 5 ildə sosial sahədə ardıcıl xarakter alan inqilabi sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. 
Həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52 faiz, orta aylıq pensiya 80 faiz, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz artıb. Bu dövrdə  əmək müqavilələrinin sayı 33 faiz (431 min) artaraq 
1 milyon 741 minə çatıb, əməkhaqqı fondunda 2,3 dəfə artıma nail olunub. 

 

Dördüncü sosial islahat paketi

 

Prezident İlham Əliyevin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən isə  minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların tarif (vəzifə) maaşları da bir ay ərzində bu sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqları da artacaq. Minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 700 min işçini əhatə edəcək. 
Sərəncama əsasən minimum pensiyanın 280 manata çatdırılması, müavinət və təqaüdlərin məbləğlərinin  artırılması barədə də Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Nəticədə minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, əlbəttə ki, gələcəkdə də buna oxşar addımlar atılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu sərəncamı ilə ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanılıb. Ümumilikdə 2023-cü ildə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub və bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video