11 Avqust 2022 15:04
544
Səhiyyə
A- A+

Zərərli qidalanma uşaqlarda ciddi sağlamlıq problemləri yaradır  

 

Uşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün və səmərəli qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar. Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, uşaqlarda piylənmə hazırda geniş yayılan, ciddi sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq çəki və piylənməni sağlamlıq üçün risk yaradan anormal və ya həddindən artıq yağ yığılması hesab edir. Artıq çəkili uşaqlarda yetkinlik yaşlarında diabet və ürək-damar xəstəlikləri müşahidə edilir. Hətta çəkisi yüksək olan uşaqlarda astma tezliyinin daha yüksək olduğu da müəyyən edilib.

Piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Ona görə də uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, xüsusən də onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.

Uşaqlarda piylənməyə yol açan səbəblərdən biri də yemək vərdişlərindəki dəyişikliklərdir. Nizamsız yemək fasilələri, eləcə də yüksək enerjili, yağ, şəkər, duz tərkibli qəlyanaltılar, unlu qənnadı məmulatları, fastfud və digər ayaqüstü yeməklər uşaqların sağlamlıq səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Çünki yüksək kalori tərkibinə baxmayaraq, ayaqüstü qidalar orqanizmin sağlamlığını dəstəkləmək və tələbatını ödəmək üçün faydalı deyil. Bu tip qidalar qeyri-sağlam qidalar hesab edilir və bilavasitə piylənmənin yaranma səbəblərindəndir. Uşaqları “asılı vəziyyətə” salan bu tip qidalar soyuq qazlı sularla birlikdə istehlak edilən zaman sağlamlıq üçün daha ciddi fəsadlara yol açır. Qida qəbulu ilə bağlı vərdişlərin dəyişməsi meyvə-tərəvəz istehlakının da azalmasına səbəb olur. Ayaqüstü yeməklərə meyillilik uşaqların fiziki və əqli sağlamlığı üçün olduqca vacib olan səhər yeməyini tədricən əvəz etməyə başlayır. Mütəxəssislərin fikrincə isə səhər yeməyi günün ən vacib qidasıdır. Çünki sağlam səhər yeməyi gün boyu uşaqların sərf edəcəyi enerjini artırır. Eyni zamanda balanslı səhər yeməyi beyinin işini gücləndirir, yaddaş və düşünmə qabiliyyətini yaxşılaşdırır, biliyin qavranılmasına da kömək edir. Qeyd edək ki, qeyri-sağlam qidalanma, həyat tərzindən başqa genetik faktorlar və hormonlar da uşaqlarda piylənməyə yol aça bilər.

Səmərəli qidalanmanın ən vacib şərtlərindən biri də qida qəbulları arasındakı fasilənin gözlənməsidir. Qidanın yaxşı çeynənməsi də şərtdir. Bu tələblərə riayət olunmayanda uşaqlarda həzm prosesi pozulur, orqanizmdə bir çox patoloji dəyişikliklərin yaranması üçün zəmin yaranır. Uşaqların qidalanması ilə bağlı vacib amillərdən biri də maye qəbuludur. Onların suya olan tələbatı daha çoxdur. Buna görə də uşaqlar gün ərzində kifayət qədər su və maye qəbul etməlidir. Piylənmə riskindən qorumaq üçün uşaqların gündəlik qida rasionunda isti duru yeməklərin, meyvə-tərəvəzin olması da şərtdir. Uşaqların qidalanmasında yaşı, fiziki yüklənməsi, əqli gərginliyi və digər amillər mütləq nəzərə alınmalıdır.

Piylənmənin inkişafına yol açan mühüm amillərdən biri də körpələrin həyatının ilk illərindəki qidalanmasıdır. Araşdırmalara əsasən, ana südü ilə qidalanan uşaqlarda piylənmə nisbətinin ana südü ilə qidalanmayan uşaqlara nisbətən daha az olduğu müəyyən edilib. ÜST və Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) tərəfindən nəşr olunan müxtəlif sənədlərdə qeyd olunur ki, körpələrin ilk 6 ay ana südü ilə qidalandırılması, 6 aydan sonra isə ana südü ilə birlikdə etibarlı, uyğun keyfiyyətli və tamamlayıcı qidaların verilməsi, eləcə də azı 2 il ana südü ilə qidalandırılması gələcəkdə piylənmə və xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Qeyri-düzgün qidalanma və onun fəsadları uşaqlarda yuxu problemlərinə də səbəb olur. Hətta araşdırmalar yuxu zamanı nəfəsin kəsilməsi və həddindən artıq xoruldama kimi problemlərin piylənmədən əziyyət çəkən uşaqlarda daha çox rast gəlindiyini göstərir. Bu da ürək-damar və sinir sistemində sağlamlıq problemlərinə səbəb olur. Eyni zamanda belə uşaqlarda daim yorğunluq və konsentrasiyanın pozulması da müşahidə olunur. Uşaqların bir çoxu artıq çəkili olması səbəbindən ciddi psixoloji və sosial təzyiqə də məruz qalırlar. Bu da onlarda özünəinama mühüm təsir göstərir.

Sadalanan bu və ya digər xəstəliklərin qarşısını almaq üçün erkən yaşlardan uşaqların qidalanması düzgün təşkil olunmalıdır. Çünki balanslı və səmərəli qidalanma uşağın gələcəkdə sağlam həyat tərzinin təminatıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video