25 Avqust 2022 01:35
1085
İDMAN
A- A+

Zəfərlərin davamı gələcək

 

Prezident İlham Əliyev qalib ölkənin idmançılarını yeni nailiyyətlərə həvəsləndirdi,  federasiyalara isə ciddi tapşırıq və tövsiyələrini verdi

 

Türkiyənin Konya şəhərində başa çatmış, idmanın birləşdirici gücü ilə həmrəyliyi inkişaf etdirməyi qarşısına məqsəd qoyan V İslam Həmrəyliyi Oyunları bir daha dünyaya müsəlman dövlətlərinin birliyini nümayiş etdirdi. Əminliklə demək olar ki, islam ölkələrini bir-birinə daha da yaxınlaşdıran, birləşdirən, mehribanlaşdıran bu yarışlar həqiqətən əsl bayrama çevrildi.
İdmançılarımızın himayədarı olan Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq oyunlardan öncə də, sonra da Azərbaycan nümayəndə heyəti ilə görüşür və hər iki mərasimdə atletlərimizə stimul verir, növbəti yarışlara ruhlandırır.  
Konyadakı görüş zamanı Prezident əmin olduğunu bildirdi ki, hər zaman olduğu kimi, bu turnirdə də Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Artıq bizim idmançılar bütün beynəlxalq yarışlarda öz güclərini təsdiqləyiblər. Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri həm Olimpiya oyunlarında, həm də dünya, Avropa çempionatlarında artıq adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər. 
Görüşdə İlham Əliyev Vətən müharibəsindəki zəfərimizdən də söz açaraq idmançılarımızı qələbələrə ruhlandırdı. Prezident qeyd etdi ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir: "Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək. Bir sözlə, əziz idmançılar, mən sizi ürəkdən salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, hər zaman olduğu kimi, Azərbaycanın idman bayrağı, idman şöhrətimiz yüksəklərdə olacaq və siz Vətənə qələbələr, müvəffəqiyyətlər, uğurlarla qayıdacaqsınız".
Yarışların gedişatı, Azərbaycan atletlərinin uğurlu çıxışları onu göstərdi ki, Prezidentin qürur dolu çıxışı idmançılarımızda həqiqətən də böyük ruh yaradıb. Oyunlarda inamla çıxış edən atletlərimizin nailiyyətləri idman tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan bu oyunları 99 medalla bitirdi və 56 ölkə arasında 4-cü yeri tutdu. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürüncdür.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə - güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Prezidentin söylədiyi kimi, qalib ölkənin idmançıları qəhrəman kimi mübarizə aparıb bayrağımızı ən yüksək kürsülərdə dalğalandırdılar. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirdi. Azərbaycan idmançıları İslamiadadan Vətənə zəfərlə qayıtdılar.
Avqustun 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşdülər. Konyadan Vətənə böyük qələbə ilə qayıtdıqları və ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırdığını vurğulayan dövlət başçısı, bu münasibətlə atletlərimizi ürəkdən təbrik edib və əldə edilmiş nailiyyətlərlə bağlı onlara öz təşəkkürünü bildirdi: "Əminəm ki, Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki bütün dünyaya bir daha göstərmisiniz ki, Azərbaycan idman ölkəsidir, Azərbaycan idmançıları öz gücü ilə seçilən idmançılardır. V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, - onlardan 29-u qızıl medaldır, - bir daha ölkəmizin gücünü göstərmişlər".
İslamiadanın açılış günündə idmançılarla görüşünü xatırladan İlham Əliyev atletlərimizin etimadı doğrultduqlarını qeyd edərək vurğuladı ki, bu oyunlarda nəinki bütün müsəlman aləmi, dünya bir daha idmançılarımızın gücünü görmüş oldu. Hər dəfə bayrağımız qaldırılanda, himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır: "Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu həm çox qürurverici amildir, eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz. Baxmayaraq ki, əfsuslar olsun, bəzi hallarda hakimlər sizə qarşı ədalətsiz olmuşdular, qərəzli olmuşdular. Mən imkan daxilində yarışları izləyirdim və görürdüm ki, bizim idmançılarımıza qarşı nə qədər böyük ədalətsizlik göstərilir. Amma buna baxmayaraq, siz təmkinlə, həm özünüz, həm də ki, məşqçiləriniz çox düzgün addımlar ataraq öz gücünüzü sübut etməyə çalışmısınız və buna nail olmusunuz".
Oyunların qardaş ölkədə keçirildiyini və bu səbəbdən idmançılarımızın özlərini çox rahat hiss etdiyini vurğulayan Prezidentin dediyinə görə, hər bir idmançı özünü öz evindəki kimi hiss edib. Açılış mərasimində yaşanan olay isə bunu bir daha təsdiqlədi. Azərbaycan komandası stadiona daxil olanda möhtəşəm alqış sədaları hər kəsi duyğulandırdı. Bu əsl qardaş dəstəyi idi. Stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşıladı.
Son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdiyini deyən dövlət başçısı bu prosesin təbii və qaçılmaz olduğunu bildirib və qeyd edib ki, uğurlarımızın əsas şərtlərindən biri birlikdir. Bəzi federasiyalarda durğunluğun hökm sürməsi, nəticələrin əldə edilməməsi, bəzi idmançılarımızın, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilməsi vəziyyətin ürəkaçan olmadığını göstərib və yeni təkana ehtiyac duyulub. Ona görə də federasiyalarda və Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Çünki nəticələr göz qabağındadır. 
Prezident həmçinin tapşırıq və tövsiyələrini də verərək qeyd edib ki, idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Elə uğurlarımızı şərtləndirən də bu birlikdir. 
Dövlət başçısı idmanda seleksiya işlərindən, istedadlı uşaqların həm güclü idmançı, həm də ləyaqətli vətəndaş kimi yetişdirilməsinin vacibliyindən də danışaraq dedi ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil. Çünki məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır: "Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var, - təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir, - biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir".
İlham Əliyev 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək 33-cü Olimpiadaya hazırlıq məsələsinə də diqqət yetirərək qarşıda duran Yay Olimpiya Oyunlarına hazırlıq üçün az vaxt qaldığını söyləyib. Ona görə də idmançılarımıza tövsiyə verərək diqqətə çatdırıb ki, bir qədər dincəldikdən sonra yaxın aylarda artıq hazırlığa başlamaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Yəni indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır: "Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik".
Azərbaycan bayrağının Qarabağda, Zəngəzurda, idman arenalarında dalğalandığını deyən Prezident bunun əbədi olacağına əmindir. İgid oğullarımız savaş meydanında bayrağımızı işğaldan azad edilmiş torpaqlarımızda ucaltdığı kimi, idmançılarımız da beynəlxalq yarışların yüksək kürsülərinə çıxıb himnimizi səsləndirirlər. İlham Əliyev  vurğuladı ki, bu uğurları qazanmaq üçün Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda: "Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq".
Görüşdən sonra Prezident İlham Əliyev "Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında" sərəncam imzalayıb. Qərara əsasən, oyunlarda ən yüksək nəticələr göstərmiş idmançılar, onların məşqçiləri və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə 10 milyon manat vəsait ayrılıb.
Uğurlarınız davamlı olsun, qalib ölkənin qalib idmançıları!

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video