15 Iyun 2022 04:13
1818
SİYASƏT
A- A+

Zəfərin təməli

 

Xalqımızın gözəl deyimi var:

Bir-biri üçün yaranmışlar!

Geniş mənada bu ifadəni Ulu Öndər Heydər Əliyevlə Azərbaycana da şamil etmək olar.

Bəli, Heydər Əliyev üçün Azərbaycan hər şeydən qiymətli və əziz idi, onu bütün varlığı ilə sevirdi!

Azərbaycan isə daim Heydər Əliyevlə ucaldı, tikilib-quruldu, şöhrət zirvəsinə çatdı!

Heydər Əliyevin müdrikliyi, böyüklüyü və uzaqgörənliyi həm də onda idi ki, özündən sonrakı Azərbaycanın gələcəyini, yüksəlişini, qüdrətini və firavanlığını da düşünürdü.

Həm də təkcə düşünmürdü, görüləsi vacib işlərin təməlini, əsasını yaradırdı.

***

"Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan".

Ulu Öndərimizin kövrələrək söylədiyi bu məşhur misralar hər birimizi də duyğulandırır, riqqətə gətirir.

Şüurlu həyatının bütün dövrlərində Heydər Əliyev Azərbaycana xidmət edib, bütün varlığı ilə onun yüksəlməsinə, qüdrətlənməsinə, Azərbaycan xalqının daha azad, daha firavan, daha əmin-amanlıq içərisində yaşamasına səy göstərib!

Və istədiyinə də nail olub!

 Həm ölkəyə birinci rəhbərliyi dövründə, həm də xalqın arzu və tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövründə.

Çox maraqlı bir məqam da var:

Ulu Öndər Heydər Əliyev artıq illərdir ki, Azərbaycanın uğur və inkişafının simvoluna çevrilib!

Belə ki, Heydər Əliyev Azərbaycana rəhbərlik edəndə ölkə tərəqqi yolu ilə sürətlə irəliləyir, bütün məqsədlərinə nail olurdu!

Əgər Ulu Öndərimiz Azərbaycandan ayrılıbsa, onda Azərbaycan da fəlakətli sınaqlara məruz qalır, böhrana yuvarlanır, insanlar ümidsiz vəziyyətə düşürdülər!

Sonuncusu, Ümummilli Liderimizin bizi cismən tərk etməsi istisna olmaqla!

Bu halda isə özünün yetişdirdiyi, müəyyən etdiyi siyasi kursun ən layiqli davamçısı cənab İlham Əliyev Ulu Öndərin yoxluğunu bizə hiss etdirmədi!

Nəinki hiss etdirmədi, hətta onun qoyduğu yarımçıq işləri böyük müvəffəqiyyətlə başa çatdıraraq müqəddəs vəsiyyətini də şərəflə yerinə yetirdi!

Keçilən yola nəzər salaq.

***

1941-1945-ci illər müharibəsindən Azərbaycan böyük çətinliklərlə çıxmışdı.

SSRİ adlanan superdövlət darmadağın olmuş, iqtisadiyyat pozulmuş, kənd təsərrüfatı çökmüşdü.

Cəbhəyə göndərilən 600 mindən çox azərbaycanlının 300 mini geri qayıtmamışdı.

Faşizmlə qələbəyə böyük töhfələr verən ölkəmizin neft sənayesi də ağır dövrünü yaşayırdı.

Hasilat aşağı düşmüş, texnika köhnəlmiş, yeni yataqlar kəşf olunmamışdı.

Stalin repressiyasının fəsadları da digər tərəfdən.

Dəfələrlə respublika rəhbərliyi dəyişdirilsə də, irəliləyiş müşahidə olunmamışdı...

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi əslində ölkənin yeni intibahının başlanğıcı oldu!

***

Heydər Əliyev qeyri-adi zəka, tükənməz enerji sahibi, məharətli təşkilatçı idi.

O, insanları inandırmağı, səfərbər etməyi, arxasınca aparmağı, qarşıya qoyduğu hədəflərə ən qısa yolla çatmağı bacarırdı!

Həm də bütün sahələr üzrə sürətlə irəliləməyin, cari vəzifələri uzaq perspektivlərlə üzvi surətdə əlaqələndirməyin də ustası idi.

Biz deyilənlərin Azərbaycana rəhbərliyi dövründə dəfələrlə şahidi olduq.

Heydər Əliyev həm də mənəviyyat təəssübkeşi idi və mənəvi sferanın bütün sahələrinə - elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyəyə böyük diqqət və qayğı göstərirdi.

Ulu Öndərimiz inkişafa hərtərəfli baxır, kompleks yanaşırdı.

Azərbaycana birinci rəhbərliyi dövründə respublikanı gerilikdən, durğunluq bataqlığından çıxarmaq üçün böyük və əhatəli işlər gördü:

* Şəxsi nüfuzundan və inandırmaq bacarığından istifadə etməklə hər il ittifaq büdcəsindən respublikaya kifayət qədər vəsait ayrılmasına nail oldu;

* Neft hasilatını artırmaq üçün yeni yataqlar kəşf edildi, texniki yeniliklərin tətbiqinə diqqət artırıldı;

* Dənizdən neft çıxarılmasını yaxşılaşdırmaq üçün ciddi addımlar atıldı, dünyada ilklərdən sayılan "Möcüzələr adası"nın şöhrəti yüksəldildi;

* Neft maşınqayırma və neft-kimya maşınqayırma sahələri güclü şəkildə inkişaf etdirildi;

* İttifaq əhəmiyyətli məişət kondisionerləri, dərin dəniz qazma qurğuları, elektronika, hərbi təmayüllü və digər zavodların Azərbaycanda inşasına nail oldu.

Ölkəmiz həm də sənaye respublikası kimi tanınmağa başladı.

Kənd təsərrüfatında əsaslı dönüş yaradıldı:

* Əkin sahələri genişləndirildi, gəlirli sahə sayılan pambıqçılığın inkişafı üçün təsirli tədbirlər görüldü;

* Bu sahədə əl əməyinin yüngülləşdirilməsi üçün yeni texnikanın tətbiqinə üstünlük verildi;

* Yeni heyvandarlıq kompleksləri tikildi, ət və süd istehsalı artırıldı;

* Üzümçülüyün və şərabçılığın inkişafı ilə bağlı Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarı verildi, beləliklə, respublikaya külli miqdarda əlavə vəsait ayrıldı;

* Yeni qəsəbələr salındı, Azərbaycan kəndinin siması əsaslı şəkildə dəyişdi, kəndlinin rifahı və mədəni-məişət səviyyəsi xeyli yüksəldi.

Təhsil və mədəniyyət sahəsində də mühüm dəyişikliklər baş Verdi:

* Respublikanın hər bir guşəsində yeni məktəblər, uşaq bağçaları tikildi;

* Təhsil ocaqlarının sayı artırıldı, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu çoxaldıldı;

* Hər il SSRİ-nin ali məktəblərinə ittifaq büdcəsi hesabına yüzlərlə gənc göndərilərək ən nadir ixtisaslar üzrə mütəxəssislər hazırlandı;

* Bakıdakı hərbi məktəbə azərbaycanlı gənclərin qəbulunu asanlaşdırmaq üçün xüsusi kvota ayrıldı;

* SSRİ-nin hər yerindəki ali hərbi məktəblərə xeyli gənc göndərilərək hərbi kadrlar hazırlandı;

* Çoxsaylı xəstəxanalar, poliklinikalar tikildi, sanatoriyalar şəbəkəsi genişləndirildi.

Bütün bunların nəticəsində Azərbaycan yeniləndi, xalqın rifahı və erdi vəziyyəti yüksəldi, ölkəmiz SSRİ miqyasında qabaqcıl mövqelərə çıxdı.

Bundan erdi Ulu Öndər vəzifə pilləsi ilə irəli çəkilərək SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olundu.

Heydər Əliyevlə Azərbaycanın müvəqqəti ayrılığı baş verdi.

Bu ayrılıq fəlakətli və ağrılı oldu, xalqın müsibətli günləri ilə müşayiət edildi.

***

Ümummilli Lider Heydər Əliyevin Azərbaycana yenidən qayıdışı müstəqil dövlətin və dövlətçiliyin xilası, ölkənin yeni intibahının başlanğıcı kimi də xarakterizə oluna bilər.

Yenidən öz sevimli rəhbərinə qovuşan Azərbaycan artıq əvvəlki ölkə deyildi!

Xain əməllər, məkrli planlar nəticəsində ərazilərinin 20 faizi işğala məruz qalmış, iqtisadiyyatı dağılmış, ölkədə xaos yaranmış, idarəetmə iflic vəziyyətinə düşmüşdü!

Dövlətin büdcəsi isə boş qalmışdı...

Belə çətin və mürəkkəb vəziyyətdən yalnız Heydər Əliyev kimi nəhəng siyasi xadimlər çıxış yolu tapa bilərdilər.

Həm də gələcəyi görməklə, ölkənin əvvəlki qüdrətini qaytararaq ərazi bütövlüyünü hədəfləməklə!

Ən əvvəl düşmənlə atəşkəs barədə razılığa gəlindi.

Beləliklə, ordusuz və silahsız Azərbaycanın yeni ərazilərinin işğalının qarşısı alındı!

Təkcə işğalının deyil, dövlətin əvvəlki kimi kiçik xanlıqlara parçalanmasının da!

Ən vacib məsələ ölkədə möhkəm və dönməz sabitliyin yaradılması idi.

Ulu Öndərimiz qətiyyətli addımlarını atdı:

* Qeyri-qanuni silahlı dəstələr ləğv edildi;

* 4 oktyabr 1994-cü ildə və 13-18 mart 1995-ci ildə iki dövlət çevrilişi cəhdinin qarşısı uğurla alındı;

* Sabitlik və əmin-amanlıq bərpa olundu;

* Ümummilli böhrandan çıxmaq üçün təsirli tədbirlər görüldü;

* Baş müəllifi Ulu Öndər Heydər Əliyev olan yeni Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edildi;

* Bazar iqtisadiyyatı prinsiplərinə keçid üçün zəruri hüquqi baza yaradıldı;

* İki özəlləşdirmə proqramı hazırlanaraq reallaşdırıldı;

* Kənddə yeni münasibətlərin formalaşdırılması və sahibkarlığın inkişafı üçün aqrar islahatlar keçirildi, torpaq həqiqi sahiblərinə qaytarıldı;

* Azərbaycanın müstəqil daxili və xarici siyasət yeritməsi praktiki şəkildə təmin olundu!

Tariximizə "Qurtuluş" adı ilə düşən bu qayıdış əslində Azərbaycanın taleyinin dəyişməsi, müstəqilliyinin əbədiliyə və dönməzliyə çevrilməsi ilə nəticələndi!

***

Qarşıda görüləsi işlər, ümdə vəzifələr dururdu!

Ən əsası iqtisadiyyatı yüksəldərək ölkənin imkanlarını artırmaq, güclü ordu qurmaq, dünya miqyasında erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq idi.

Ulu Öndərimiz tərəfindən böyük uzaqgörənliklə hazırlanan və uğurla həyata keçirilən yeni neft strategiyası bütün bu məsələlərdə açar rolunu oynadı!

Azərbaycan tarixinin qara səhifəsinə çevrilən AXC-Müsavat iqtidarı nəinki ölkəni viran qoyaraq qanunsuzluq və özbaşınalıq burulğanına salmışdı, hətta neft danışıqlarını da uğursuzluğa düçar etmişdi.

Ulu Öndər bu çətin və məsuliyyətli işi cənab İlham Əliyevə həvalə etdi.

Beləliklə, gərgin və mürəkkəb şəraitdə keçən neft danışıqları uğurla başa çatdı, tarixə "Əsrin müqaviləsi" adı ilə düşən neft kontraktı imzalandı.

Əslində, Azərbaycan neftinin dünya bazarına qeyri-ənənəvi marşrutla çıxarılması ölkənin gələcək taleyinə gur işıq saldı.

Bakı-Tbilisi-Ceyhan həyat vəsiqəsi qazanan ilk transmilli layihəmiz oldu!

Daha sonra Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələri gerçəkləşdirildi.

Azərbaycan bu layihələri reallaşdırarkən həm də özünə haqq işini dəstəkləyən xeyli dostlar da qazandı.

İlham Əliyevin AŞ PA-da Azərbaycan nümayəndə heyətinə rəhbərliyi dövründə qazandığı uğurlar sonralar beynəlxalq təşkilatlarla iş sahəsində əldə olunan müvəffəqiyyətlərin təməlinə çevrildi!

Tarixi qayıdışından sonra Ulu Öndər Heydər Əliyev ordu quruculuğu məsələlərinə də böyük diqqət yetirirdi.

Onun rəhbərliyi ilə 1994-cü ilin yanvarında Horadiz də daxil 22 kəndin düşməndən qaytarılması artıq hərbi sahədə də vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyindən xəbər verirdi və bu hadisə düşmənin atəşkəs barədə razılığa gəlməsində az rol oynamadı.

İki xüsusi məqama da diqqət çəkmək istəyirik.

Azərbaycan NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına qoşulmaqla bu imkandan da faydalandı və öz ordusunda islahat və dəyişikliklərin aparılmasında, müəyyən silahlarla silahlanmasında mövcud təcrübədən bacarıqla istifadə etdi.

Digər mühüm addım isə Ulu Öndərimiz tərəfindən verilən fərmanla 1999-cu ildə Azərbaycan Ordusunda Xüsusi Təyinatlı Qüvvələrin yaradılması və Türkiyə ilə hərbi sahədə sıx əməkdaşlıq əlaqələrinin qurulması oldu.

Xatırladırıq ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə ordumuzun xüsusi təyinatlılarının böyük şücaəti olmuşdur.

***

Prezident İlham Əliyev siyasi varislik yolu ilə və Azərbaycan xalqının dəstəyi sayəsində ölkəyə rəhbərliyə başlayanda təkcə Heydər Əliyev siyasi kursunu qoruyub saxlamadı, həm də Qurtuluşun yaratdığı təməl üzərində möhkəm və etibarlı qala da qurdu!

Başqa sözlə, təkcə daxili və xarici siyasət məsələlərində deyil, iqtisadi və hərbi quruculuqda da qazanılan uğurları artırmaqla yeni səviyyəyə yüksəltdi.

Belə ki, büdcəyə daxil olan neft gəlirləri investisiyalara, qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə, xalqın güzəranının yüksəldilməsinə, habelə ordu quruculuğuna və yeni silahların alınmasına da yönəldildi.

Hücum diplomatiyasının tətbiqi, beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın fəallığının yüksəldilməsi erməni yalanlarının və ikili standartların ifşası ilə yanaşı, diplomatik cəbhədə də ölkəmizin mövqelərini xeyli gücləndirdi.

İdmanın inkişafı, bu sahəyə kifayət qədər diqqət və qayğı göstərilməsi, yeni idman qurğuları və arenalarının inşası, idmançılarımızın bütün beynəlxalq yarışlarda iştirakı və yüksək yeri tutmaları, Azərbaycanın nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilməsi gənclərin təkcə fiziki deyil, vətənpərvərlik tərbiyəsinə də müsbət təsir göstərdi.

***

Biz ilk dəfə müharibədən sonra doğulan, Qarabağı görməyən, cənab İlham Əliyevin dövründə böyüyən və vətənpərvərlik tərbiyəsi alan yeni gənclər nəslini 2020-ci ilin iyul ayının 15-də gördük.

Həmin gənclər Bakının küçələrinə çıxaraq torpaqların işğaldan azad edilməsinə hazır olduqlarını və Ali Baş Komandan İlham Əliyevin "İRƏLİ!" əmrini gözlədiklərini bəyan etdilər.

Vətən müharibəsi başlayandan sonra biz həmin gənclərin Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Hadrutun azad edilməsində necə qəhrəmanlıqla döyüşdüklərinin şahidinə çevrildik!

Azərbaycan gənci Xüsusi Təyinatlı Qüvvələrin tərkibində dağ cığırları ilə irəliləməklə, sıldırım qayalara dırmaşmaqla, keçilməz maneələri dəf etməklə, az qala yalın əllə, əlbəyaxa döyüşməklə Şuşanı işğaldan azad etdi!

Qurtuluşun açdığı yolla hünər və qəhrəmanlıqla, sərkərdə məharəti ilə irəliləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğu" ilə düşməni diz çökdürərək ona kapitulyasiya aktını imzalatdırdı!

Onun sayəsində müqəddəs Azərbaycan bayrağı Qarabağın ən uca zirvələrində dalğalandı!

İlham Əliyev bu Zəfəri qazanmaq üçün xalqı öz ətrafında birləşdirdi, indiyədək görmədiyimiz milli birliyə nail oldu!

Müstəqil Azərbaycan dövlətini möhkəmləndirən, alçaq düşməni məğlubiyyətə uğradaraq yerləyeksan edən birliyə!

Bu gün Xalq-Heydər birliyi Xalq-İlham Əliyev birliyi şəklində yenidən təzahür edərək Azərbaycanın qüdrətini daha da artırır.

***

44 günlük Vətən müharibəsində qazanılan Zəfər əslində həm də Heydər Əliyev siyasi kursunun qələbəsidir!

Ermənistan ordusunu 44 gündə darmadağın edən Azərbaycan Ordusunun əsası da Ulu Öndərimiz tərəfindən qoyulmuşdur!

Qarabağın, xüsusən də Şuşanın işğaldan azad edilməsi həm də Ümummilli Liderimizin müqəddəs vəsiyyətlərindən biri idi!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı möhtəşəm Zəfərin əsasını da Ulu Öndərimizin yaratdığı qüdrətli bünövrə üzərində möhtəşəm bina ucaltması, olanları yaradıcılıqla və qətiyyətlə davam etdirərək yeni səviyyəyə qaldırması, hədəfə doğru hünərlə irəliləyərək Heydər Əliyevin müəllifi olduğu və qurduğu müstəqil Azərbaycana bir-birindən dəyərli töhfələr verməsi, ən nəhayət, xalqın müqəddəs arzusunu və ata vəsiyyətini şərəflə yerinə yetirməsi təşkil edir.

ƏHSƏN BU YOLA, BU TƏMƏLƏ, BU ZƏFƏRƏ!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video