27 May 2022 03:26
753
Mədəniyyət
A- A+

Zəfərin, qələbənin bədii təcəssümü

 

Hələ tələbəlik illərindən mətbuatda Qarabağ müharibəsi, döyüşlər, əsgər həyatından bəhs edən məqalələri dərc olunurdu. Zabit Vahid Məhərrəmov hərbi jurnalist kimi tez-tez cəbhə bölgələrinə gedir, döyüşlərin canlı şahidi olurdu.

Sonralar da müharibənin gerçək üzü, Azərbaycanın igid döyüşçüləri haqqında yazmaqda davam etdi. İsti-isti qələmə aldığı publisistik və bədii yazıları sonralar kitablara çevrildi.

Hekayələr, publisistik məqalələr, esselər və digər janrlı əsərlərinin toplandığı "Müharibənin bir ili", "Səngərdə yazılmış sətirlər", "Qələbə naminə", "Ölməzlik zirvəsi", "Pulemyotçu Nurəddin", "Erməni əsirliyindən dönənlər", "Qanlı gecə - qanlı tarix", "Hər addım uğrunda", "Kəsilməyən atəş səsləri", "Müharibənin qanlı kölgəsi", "Ölməzlik yolunun yolçusu" kitablarında müəllif gördüyü, müşahidə etdiyi müharibənin dəhşətlərini əks etdirdi. Tənqidçi və ədəbiyyatşünaslar Vahid Məhərrəmovun yüksək bədii dəyərə malik olan əsərlərinin vətənpərvərlik hisslərinin aşılanmasında, gənc nəslin dünyagörüşünün formalaşmasında böyük rol oynadığından söz açırlar.

O, illər boyu yalnız müharibənin ölüm qoxusundan, ağrı-acılarından yazmadı. Vahid Məhərrəmovun publisistik məqalələrindən, bədii əsərlərindən daim bir yurd həsrəti boylandı. Dünyaya gəldiyi, boya-başa çatdığı Zəngilan rayonunun Babaylı kəndinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə başladı bu nisgil. Ancaq onun yazılarından heç vaxt ümidsizlik, inamsızlıq duyulmadı. Yalnız doğma kəndinin deyil, düşmən işğalında qalan bütün Vətən torpaqlarının dərdini, xiffətini, həsrətini qəlbində daşıyan və qələmə alan Vahid Məhərrəmov Azərbaycanın qalib gələcəyi barədə hər zaman inamla yazdı. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında bu inamı, bu arzunu reallaşdırdı. İgid zabit və əsgərlərimiz döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərərək torpaqlarımızı Ermənistan silahlı qüvvələrinin işğalından azad etdilər.

Hərbi jurnalist Vahid Məhərrəmov artıq həsrətə qalib gələn, hər bir azərbaycanlının qəlbini sevindirən, üzünü güldürən qələbə sevincindən yazır. Bu mənada, onun "Elimizə qayıdırıq" adlı kitabı digər kitablarından fərqlənir. Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilən bu kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr, publisistik məqalələr, esselər və "Qismət" povesti yer alıb. Kitabda fərqli janrlarda yazılmış əsərlər toplansa da, Vətənə bağlılıq, yurd sevgisi ana xətt kimi keçir. Vətən müharibəsindən sonra işıq üzü görmüş kitabda zəfər qüruru və böyük qayıdışın sevinci bədii əksini tapıb.

Kitabdakı ilk yazı - "Zəngilanım, görüşünə az qalıb..." qələmə alınanda hələ zəfər günlərimizin sorağındaydıq. Erməni silahlı qüvvələrinin işğalında olan doğma kəndinə uzaqdan baxmaq məcburiyyətində qalan müəllif yazırdı: "Dədə-baba ocaqlarımız gündüzlər fikrimizdən, gecələrsə yuxularımızdan çıxmayıb. Həsrət dolu illər bir-bir doğmalarımızı, əzizlərimizi əlimizdən alıb aparır. Onlar erməni işğalında qalmış ata-baba yurdlarımızın həsrətini çəkə-çəkə dünyadan köçürlər. Demək olar ki, hər gün ağrılarımızın üstünə ağrı, dərdlərimizin üstünə dərd gəlir". O zaman dağıdılmış, yandırılmış, yerləyeksan edilmiş kəndlərimizə baxdıqca ürəyindən qara qanlar axan müəllif əminliklə bildirirdi ki, biz qan çilənmiş yollarımızı ermənilərdən təmizləyəcək, işğala son qoyacağıq. İnanırdı ki, Azərbaycan əsgəri düşmən üzərinə hünərlə, cəsarətlə və qətiyyətlə gedəcək, güllələrimiz hədəfdən yayınmayacaq. 2019-cu ilin iyununda qələmə aldığı bu mövzuya Vahid Məhərrəmov 2020-ci ildə yenidən qayıdıb. Bu dəfə  isə hər sətirdən kədər yox, sevinc duyulur.

İllərin ayrılığının bitməsi, yurda qovuşmağa az qalması "Elimizə qayıdırıq" adlı yazıda kövrək duyğularla qələmə alınıb. "Qayıdırıq... Bu sözdə nə qədər həsrət yükündən azad olmaq var, nə qədər nisgildən qurtuluş var, nə qədər sevincə bürünmüş göz yaşı var". Müəllif igid zabit və əsgərlərimizin əks-hücum əməliyyatları zamanı erməni qəsbkarlarına havadan, yerdən sarsıdıcı zərbələr endirə-endirə torpaqlarımızı azad etdiklərinin, yaşayış məntəqələrimizin bir-birinin ardınca Ermənistan silahlı qüvvələrindən təmizləndiyinin iftixarı ilə yazıb: "İşğaldan azad olunduğuna görə doğma ocaqlarımızın da üzü gülür. İntizarla əsl sahiblərinin gəlişini gözləyir. İndi kəklikli, qırqovullu dərələrimizin, xınalı qayalarımızın, ot basmış cığırlarımızın gözləri yollarda qalıb. Ey doğma ocaqlar, ey doğma ellər, gözünüz yollarda çox qalmasın, ürəyimizdəki həsrət yükünü sevinclə yuya-yuya, yaxın vaxtlarda qoynuna qayıdacağıq. Bundan sonra heç vaxt səndən ayrılmayacaq, baş-başa verib birlikdə yaşayacağıq".

Düşmən işğal illərində o yerlərdəki evlərimizi uçurub dağıtdı, ağaclarımızı kəsdi, sərvətlərimizi taladı. Ancaq Vahid Məhərrəmovun da yazdığı kimi, torpağımızı, dağ-dərələrimizi, çaylarımızı, göllərimizi özü ilə apara bilmədi.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video