27 Sentyabr 2022 01:44
557
CƏMİYYƏT
A- A+

Zəfərin Narin övladı

 

Mən Narinəm...
İncəyəm, zərifəm, kövrəyəm...
Yaşımı soracaq olsanız, hələ çox körpəyəm...
Amma həm də çox böyüyəm...
Mən Zəfərin övladıyam... 
Qələbəmizlə birgə boy atıram, hər il yaşımın üzərinə qürurlu bir yaş da gəlir...
Vətənin 10 aylıq şəhid balasıyam... 
Bu müqəddəs adı körpə çiyinlərimdə əbədiyyətədək qürurla daşıyacam... 

 

Hələ körpə dünyasının təkrəngli axarındaydı

 

Nə yaşamışdı ki, bu fani dünyada!?
Cəmi 10 aylıq körpəydi...
Hələ körpə dünyasının təkrəngli axarındaydı, hələ bu dünyanın rənglərini doğru-düzgün ayırd edə bilmirdi, çəhrayı görünürdü hər şey gözünə...  
Təzəcə dili söz tutur, səhərdən axşama qədər hıçqırıqlı körpə gülüşləri içərisində "ana", "ana" deyərək dünyada ən sevdiyi kəlməni səsləndirirdi... 
Həyatdakı ilk kövrək addımlarını yenicə atırdı... 
Hələ boy atacaqdı, böyüyəcəkdi, ümidləri, diləkləri olacaqdı...
Bağçaya, məktəbə yollanacaqdı, arzularının arxasınca gedəcəkdi, sevəcəkdi, seviləcəkdi...
Bir gün əllərinə qırmızı xına qoyulacaqdı, telli duvaqlı gəlin, ana, nənə olacaqdı...
Amma bütün bunları yaşamağa taleyi yetmədi, həyat payı qısa oldu...  
Ömrünün baharında şaxtaya, sazağa, borana düşdü...   
Tanrıya sarı pərvazlandı, mələk oldu... 
Şəhid oldu Narin...

 

Anası ilə əl-ələ şəhadətə doğru yolçuluğa çıxdı 

 

İlahi, yarımçıq bir ömür, körpə ikən kökündən qoparılan fidan haqqında nə deyəsən, nə yazasan?!
Bu qızcığazın fotolardan həyata gülümsəyən gözlərinə necə gözyaşı axıtmadan baxasan?!
Balaca Narinin qısa ömrünün qüssəli hekayəsinə, körpə ikən qəlbinin pardaqlanmasına, vaxtsız dayanmasına ürəyin parçalanmadan necə qulaq verəsən?! 
2019-cu ilin 17 dekabrından 2020-ci ilin 17 oktyabrına qədər, cəmi 10 aylıq bir zaman dilimini əhatə edən qısa bioqrafiyası var Narinin. 
Neçə illər Xalıqovlar ailəsi həsrətlə onun yolunu gözləmişdilər, Allaha yalvarmışdılar, qurbanlar demişdilər. Nəhayət, duaları çin olmuşdu, Tanrı onlara bir qız övladı bəxş etmişdi. İncə, zərif olduğu üçün adını Narin qoymuşdular. Valideynləri gecə-gündüz pərvanə kimi körpələrinin başına dolanmaqdan, saatlarla beşiyinin yanında durub onun nurlu üzünü seyr etməkdən doymamışdılar. Narinin ayrılığı ilə sınağa çəkiləcəkləri əvvəlcədən ürəklərinə dammış kimi... 
2020-ci ilin 17 oktyabrı idi...
Həmişəki kimi Narin onu bağrına basaraq laylay çalan anasının məlahətli səsinin ahəngində şirin, qızılgül ətirli röyalar aləminə baş vurmuşdu. Elə körpəsinin zərif simasını izləyə-izləyə ananın da gözlərini yuxu aparmışdı... 
Amma zalım fələk o gecə nə balaya, nə də anaya daldıqları yuxudan bir daha oyanmağı nəsib etmədi. Narinin də, anası Sevilin də həyatlarını yuxulardakı kimi dərin qaranlığa, gecə kimi zülmətə qərq etdi... 
O gecə anasının qoynunda, anası ilə birlikdə haqqın dərgahına, şəhadətə doğru yolçuluğa çıxdı Narin. 

 

Xatirəsi sonsuzadək qəlblərdə əbədiyaşarlıq qazandı 

 

2020-ci ilin 17 oktyabrında Gəncəni növbəti dəfə raket atəşinə tutan erməni faşistlərinin törətdiyi terrorun qurbanlarına çevrilənlərdən biri də Naringilin ailəsi oldu. Bu xain hücum nəticəsində Narin Teymur qızı Xalıqova anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak oldu. 
İlahi, nə qədər ağrılı, acılı yazmışdın bu tifilin taleyini!?. 
Heç o gün Narinin körpə nəşi üzərində saçlarını yolacaq, balasını son dəfə oxşayacaq, yanıqlı bayatılar çəkəcək, gülüzlü övladını son dəfə haraylayacaq, onun cansız bədənini qucaqlayaraq hönkür-hönkür ağlayacaq anası da yanında yox idi. 
O gün anası əvəzi xalqımız körpə Narinin vaxtsız ölümünə yandı, əl boyda məzarını gözyaşlarıyla yudu... 
O gün heç 1 yaşı belə tamam olmayan bu günahsız körpə də Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin cərgəsinə qoşuldu.
Haqq səsimizin dünyadakı körpə carçısına çevrildi Narin, bir daha terrorçu düşmənin qatil əməllərini aləmə hayqırdı.
2021-ci ilin 27 sentyabrında - Vətən müharibəsinin başlanması münasibətilə Anım gününə həsr olunmuş yürüşdə Birinci vitse-prezident Mehriban Əliyeva 10 aylıq şəhid Narin Xalıqovanın rəsmini əlinə alaraq yürüşdə iştirak etdi. 
Bəli, özü bu dünyada yaşamağa macal tapmasa da, ömrü yarımçıq qırılsa da, körpə Narinin xatirəsi sonsuzadək Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazandı. 
Ruhun şad olsun, körpə Narin!

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video