27 Sentyabr 2022 01:57
528
SİYASƏT
A- A+

Zəfərdən quruculuğa

 

Azərbaycan torpaqları işğal olunduğu gündən xalqımız bu hərbi təcavüzlə barışmayacağını ən müxtəlif səviyyələrdə bildirsə də, vaxtın uzanması ermənilərdə arxayınçılıq yaradaraq ərazilərin qaytarılmaması illüziyasına olan inamlarını artırırdı.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli çağırışı ilə hakimiyyətə gəldiyi ilk günlərdən dəfələrlə bir qarış da Azərbaycan torpağının düşmənə verilməyəcəyini ən yüksək tribunalardan səsləndirmişdir. Bu prinsipial mövqe Prezident İlham Əliyev tərəfindən də davamlı olaraq vurğulanmışdır. Lakin heç bir reallığı qəbul etməyən erməni siyasi liderləri bu "qırmızı xətti" anlamaq istəmirdilər. 
Uzun müddət davam edən diplomatik danışıqlar artıq dalana dirənirdi. Otuz ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk qrupu həmsədr ölkələrin diplomatları karyeralarında yüksəlsələr də, münaqişənin həllində heç bir nailiyyətə imza ata bilmirdilər. Ermənistanda isə Qarabağ klanını devirməyə nail olmuş "demokrat" hakimiyyət eyforiyada idi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 3 oktyabr 2019-cu ildə Rusiya Federasiyasının Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun 15-ci illik iclasında plenar sessiyada "Qarabağ Azərbaycandır və nida" kəlmələri ilə Azərbaycan torpaqlarının bir qarışını belə güzəştə getməyəcəyini bəyan etmişdi. Bu ifadə qələbə əzmimizin, doğma yurdlarımız uğrunda haqq mübarizəsinin simvoluna çevrildi. Hər kəs haqq savaşına köklənmişdi. Hamı bilirdi ki, Azərbaycan Ordusu hücuma keçsə, mütləq qələbə qazanacaq.

 

Məqam ustalığı və düşmənə verilən dərs 

 

Uzun müddət idi ki, danışıqlar  prosesi öz durğunluq dövrünü yaşayırdı. 2019-cu ilin may ayında Şuşanın işğalını bayram kimi qeyd etmək məqsədilə Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündə yallı getməsi Azərbaycan xalqının qəzəbinə düçar oldu. "Qarabağ Ermənistandır və nöqtə" deyərək xalqımızın səbir kasasını dolduran Paşinyan bununla diplomatik yolun tükəndiyini də göstərdi. Sonralar erməni siyasətçiləri bu addımın nə qədər yanlış olduğunu qeyd etsələr də, artıq gec idi.
12 iyul 2020-ci ildə Ermənistan-Azərbaycan sərhədinin Tovuz bölgəsində general Polad Həşimov başda olmaqla 12 nəfər hərbçimiz şəhid oldu. Ermənistanın bu təxribatının qarşısı alınsa da, çirkin əməlləri hələ də davam edirdi. Düşmən tərəfin siyasi hərbi rəhbərliyi "yeni müharibə, yeni ərazilər" deyərək revanşist şüarlarla gerçəklikdən nə qədər uzaq düşdüklərini göstərirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  24 sentyabr 2020-ci ildə pandemiya səbəbindən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarına videoformat şəklində qatıldı. Dövlət rəhbərimiz yüksək kürsüdən dünyanın diqqətini bu münaqişəyə yönəldərək dedi: "2020-ci il iyulun 12-də Ermənistan dövlət sərhədi istiqamətində növbəti təxribata əl atmışdır. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə tutulması nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak olmuş, mülki infrastruktura isə ciddi zərər dəymişdir.
Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Bununla yanaşı, onlar Ermənistanda artmaqda olan iqtisadi-sosial problemlərdən xalqın diqqətini yayındırmağa çalışdılar. Lakin Azərbaycanın cavabı qətiyyətli oldu və Ermənistan heç bir məqsədinə nail ola bilmədi. Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməklə məğlubiyyətini etiraf etmiş oldu.
Bu yaxınlarda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etmişdir. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı azərbaycanlı hərbçilər tərəfindən yaxalanmışdır. O, dəstənin azərbaycanlı hərbçi və mülki vətəndaşlara qarşı terror aktlarının planlaşdırdığını etiraf etmişdir".
Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri "yeni ərazilər uğrunda yeni müharibəyə" çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna - Mingəçevir Su Anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarca dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir.
Prezident öz çıxışında Azərbaycan tərəfinin işğalla barışmayacağına, həmçinin münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olunmasına çağırışlar etdi. Lakin eyforiyada olan Ermənistan rəhbərliyi öz revanşist və təxribatçı hərəkətlərini davam etdirdi. 26 sentyabr 2020-ci ildən başlayaraq bütün sərhəd boyunca Azərbaycana qarşı təxribatlar daha da geniş vüsət aldı.
Azərbaycan tərəfi öz müdafiə haqqını rəhbər tutaraq cəbhəboyu əks-həmlə əməliyyatına başlayaraq ölkə ərazisində qismən səfərbərlik elan etdi. Döyüş meydanında ordumuzla vuruşa bilməyən Ermənistan mülki əhalimizə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə onların kütləvi şəkildə ölümünə səbəb oldu.
Müharibənin başlanması Azərbaycan dövlətinin hərbi gücünü və potensialını ortaya qoydu.  
  

Azərbaycanın hərbi qüdrətinin artırılması dövlət siyasətinin əsas prioritetidir 

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsi Prezident İlham Əliyevin siyasətinin strateji istiqamətlərindəndir. Xüsusilə qeyd edək ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik olan Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə nəinki MDB məkanında, hətta dünya ölkələri arasında ön sıralardadır. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizin keyfiyyət və kəmiyyət dəyişikliklərinə ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da şahid olmuşdular. 
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Silahlı Qüvvələri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. İldən-ilə artırılan büdcə vəsaitləri Silahlı Qüvvələrimizin hərbi imkanlarını da genişləndirir. Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən daim xüsusi diqqət yetirilir. Qürurverici haldır ki, Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bundan əlavə, hazırkı dövrdə silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri də genişləndirilmişdir.
Ordu quruculuğu sahəsində aparılan bu siyasət 44 günlük savaşda özünü parlaq şəkildə göstərdi.  
 

Güclü ordu - Müzəffər Ali Baş Komandan

 
Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq böyük zəfərə imza atdı. Dağlıq Qarabağ kimi çox çətin problemi həll etdi, Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz çökdürərək reallığı qəbul etməyə məcbur etdi - işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. 
Bu müharibə Azərbaycan-Türkiyə qardaşlığının da təntənəsinə çevrildi.   
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Şuşa və bir gün sonra 70-dən çox kənd, daha sonra isə Kəlbəcər, Ağdam və Laçın azad edildi. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizləndi. Düşmən ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan böyük təzyiqlərin, təhdidlərin olmasına rəğmən, Azərbaycan zəfər çaldı. Xalqımız, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi.
Qalib xalqın hər bir fərdi qəhrəmandır. Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, "bizi tezliklə sağaldın,  qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq". Bu haqq savaşında Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruhu ifadə edərək tarixi missiyamızı yerinə yetirdik.
"Dəmir yumruq" birliyimizin rəmzidir. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qazanılan bu tarixi qələbə bizə yeni imkanlar yaradır. Son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz ərazilərini azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistan məğlub oldu. Bu məğlubiyyət nəticəsində düşmən məcburən kapitulyasiya aktına imza atıb, təslim oldu.
Ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanılmış Zəfərlə müstəqil Azərbaycan dövləti özünün itirilmiş qədim torpaqlarını işğalçılardan təmizləmiş, ərazi bütövlüyünü təmin etmiş, qəhrəman ordumuz hərbi bacarıqlarını və imkanlarını dünyaya göstərmişdir, ölkədə möhtəşəm milli birliyə nail olunmuş və Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını təkbaşına təmin etmişdir. Ölkəmiz dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etmişdir.
 

Qələbədən sonra quruculuq

 

2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq işləri üçün 2,2 mliyard manat pul ayrılmışdır. Qısa müddət ərzində quruculuqla bağlı intensiv işlər aparılmışdır. İşğaldan azad olunmuş ərazilərdə 3 hava limanının tikilməsi nəzərdə tutulur. Bunlardan birinin - Füzuli Beynəlxalq Hava Limanının  artıq istifadəyə verilməsini bütün dünya  bilir.
Füzuli Beynəlxalq Hava Limanı nəzərdə tutulduğu kimi qısa müddətdə inşa edilərək istifadəyə verildi və 5 sentyabr 2021-ci ildə aerodroma ilk böyük sınaq uçuşu təşkil edildi. 
2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Bildirək ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyə dövlətinin rəsmilərinin olduğu həmin ölkənin bir nömrəli təyyarəsi, elə Ankara-Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.
Prezident İlham Əliyevin iştirakı ilə 16 avqust 2021-ci ildə Laçın hava limanının təməlqoyma mərasimi keçirildi. Hava limanının 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev 26 aprel 2021-ci il tarixdə Zəngilan rayonunda beynəlxalq hava limanının təməlini qoydu. Təməlqoyma mərasimində dövlət başçısı bildirdi ki, Zəngilan Beynəlxalq Hava Limanı ağır yük təyyarələrini də qəbul edə biləcək. Prezident bunun işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanı olduğunu dedi.
İşğaldan azad olunan ərazilərimizdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq. Füzuli beynəlxalq hava limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün də əlverişli olacaq.
Zəngilan hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də "Şərq-Qərb" nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yükdaşımalar baxımından Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan və Füzuli hava limanlarının iqtisadi göstəriciləri eynilik təşkil edir. Hər iki hava limanının uzunluğu 3 km, eni 60 metr olan uçuş-enmə zolağı, 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərən terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək.
Ən vacib məsələlərdən biri də Zəngilan ərazisində "ağıllı kənd" layihəsi olan Ağalı kəndinin infrastrukturunun yenidən yaradılması və əhalinin ora köçürülməsi olmuşdur.
Bir məsələ xüsusilə qeyd edilmişdir ki, işğal nəticəsində məcburi köçkün düşmüş vətəndaşlarımız arasında aparılan sorğular Azərbaycan xalqının nə qədər öz vətəninə bağlı olduğunu göstərir, demək olar ki, əksər əhali öz doğma yurduna qayıdıb yaşamaq fikrindədir.
12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində Silahlı Qüvvələrimiz atəş nöqtələrini susdurmaqla təxribatın qarşısını alaraq ordumuzun necə ayıq-sayıq olduğunu bir daha nümayiş etdirdilər.
Azərbaycanın bütövlüyü uğrunda şəhid olan bütün vətəndaşlarımız bizim üçün əzizdir. Ruhları şad olsun!  Şəhidlər ölməz, Vətən bölünməz!
 
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video