18 Iyun 2022 02:06
1215
SİYASƏT
A- A+

Zəfər yolunun başlanğıcını Heydər Əliyev qoyub

 

Çox da uzaq olmayan yaxın keçmişimizdə vətənimiz ərazi bütövlüyü ilə təhdid olunub parçalanmaq təhlükəsi yarandığı bir vaxtda sanki Tanrı xalqımızın böyük oğlu, müdrik şəxsiyyət Heydər Əliyevi xilaskar kimi millətinin köməyinə, nicatına yetirdi. Əslində, o zaman dövlət adına ciddi heç nə yox idi. Dağılmış sovet hökumətinin qalıqları üzərində nəyinsə qurulmasına naşı, qeyri-peşəkar insanların nəticəsiz cəhdləri var idi.

Ölkənin iqtisadiyyatı tamamilə çökmüş, pərakəndəlik, xaos baş alıb getmişdi. Əldə olan nə vardısa kor-koranə dağıdılmış, yerində heç nə yaradılmamışdı. Çünki qurub-yaratmaq üçün nə fərasət, nə də istək vardı.

Bir tərəfdən də fürsət gözləyən namərd qonşularımızın başladığı ədalətsiz müharibə... Əhalinin ciddi ərzaq problem ilə üzləşdiyi, sözün həqiqi mənasında, çörəklə imtahana çəkildiyi bir vaxtda ordu quruculuğundan söhbət belə gedə bilməzdi. Milli Ordu adı ilə ayrı-ayrı siyasi qruplara, ambisiyalı, hətta müstəqilliyimizi gözü götürməyib bizi təhdid edən dövlətlərin məkrli niyyətlərini həyata keçirmək istəyən adamlara, separatçı dəstələrə xidmət edən silahlı dəstələr "fəaliyyət" göstərirdi. Nəticədə düşmənlə qeyri-bərabər döyüşlərdə vətənpərvər gənclərimizin göstərdikləri şücaətlərə baxmayaraq, işğal edilmiş ərazilərimizin coğrafiyası genişlənirdi. İnsanlar min illər öncə dədə-babalarının məskən saldıqları doğma yurdlarından didərgin düşürdülər. Ölkədə dövlətə inam azalır, müstəqilliyimizin əldən getməsi təhlükəsi hər an real görünürdü.

O üzdən 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ilk işi ordu quruculuğu oldu. Silahlı hərbi birləşmələr ayrı-ayrı adamların təsir dairəsindən çıxarıldı. Çox sürətlə və ciddi şəkildə nizami ordu quruculuğu prosesi başladı. Amma bu, az idi. Nəfəs dərmək lazım idi. Odur ki, 1994-cü ildə atəşkəs haqqında Bişkek sazişi imzalandı. Məqsəd hərbi əməliyyatlarda yaranan fasilə zamanı iqtisadiyyatda təxirəsalınmaz problemlərin həllinə və ordu quruculuğuna başlamaq idi. Hadisələrin sonrakı inkişafı göstərdi ki, Heydər Əliyev bu dəfə də qərarında yanılmamışdı.

Ümumiyyətlə, Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərini saymaqla tükənən deyil. Nə xoş ki, artıq ölkəmizdə böyük şəxsiyyətin müasir Azərbaycan dövlətinin xilaskarı, qurucusu və əbədiliyinin təminatçısı olduğunu dərk etməyən yoxdur. Xalqımız onun dahi, xalqının və dövlətinin yolunda ömrünü fəda edən fenomen şəxsiyyət, böyük vətənpərvər olduğunu birmənalı olaraq qəbul edir. Qəbul edir ki, Ümummilli Liderin xalq, Vətən və dövlət qarşısında gördükləri işlər misilsizdir.

Ulu Öndəri səciyyələndirən başlıca xüsusiyyətlərdən biri onun uzaqgörən, praqmatik siyasətçi olmasıdır. Bu baxımdan böyük rəhbərin xalqımız qarşısında gördüyü ən mühüm tarixi xidmətlərdən biri də Azərbaycanın gələcək taleyini cənab İlham Əliyevə etibar etmək qərarına gəlməsidir. Bu, təkcə siyasi hakimiyyətin varisliyi deyildi. Ulu Öndərin ürəyində Qarabağ nisgili vardı. Şuşa həsrəti, Kəlbəcər acısı, Ağdam yarası var idi. Heydər Əliyev yaxşı bilirdi ki, vacib olan problemlər, hər gün gözlənilən müharibə təhdidləri qoyub gedir. Amma İlham Əliyevin onun yarımçıq qalmış işlərini uğurla davam etdirəcəyinə, ölkənin problemlərini köklü həll edəcəyinə əmin idi.

Cənab İlham Əliyev Ulu Öndərin yürütdüyü siyasi kursun, strateji xəttin davamçısı kimi hakimiyyətə gəldi və qısa vaxtda Azərbaycanın inkişafını təmin edən, qüdrətini artıran, Ulu Öndərin inamına, etimadına layiq işlər gördü, bütün sahələrdə köklü islahatlar apardı. Nəticədə ölkə iqtisadiyyatı yenidən quruldu. Əhalinin sosial rifahının yaxşılaşması istiqamətində, Vətənimizin hərbi qüdrətinin artırılması, ordu quruculuğu sahəsində inqilabi dəyişikliklər edildi. Əsgər və zabitlərimizin sosial-məişət şəraiti yaxşılaşdı, ordunun təchizatı, maddi-texniki bazasının daha da güclənməsi istiqamətində böyük işlər görüldü. Ölkənin hərbi sənaye kompleksi yenidən quruldu. Bütün qoşun növləri müasir tələblərə uyğun komplektləşdirildi. Bu illər ərzində ölkə təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda hərbi qüdrəti baxımından regionun lider dövlətinə çevrildi.

Təməli Ulu Öndər tərəfindən qoyulub uğurla davam etdirilən bu siyasət bizi 2020-ci ilin möhtəşəm qələbəsinə aparırdı. Prezidentin səbir və təmkini, vaxtında düzgün və qətiyyətli qərarlar qəbul etmə bacarığı, siyasətdə ardıcıllıq və dözümlülük nəhayət ki, xalqımızın illərdən bəri gözlədiyi böyük Qələbə ilə başa çatdı. Qazanılan bu zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, son 200 ildə ermənilərin mübtəla olduqları sərsəm "böyük Ermənistan" ideyasına da birdəfəlik nöqtə qoyuldu.

Şuşanın düşmən işğalından azad olunması haqqında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qürurverici hesabatını dinləyən hər bir Azərbaycan vətəndaşı bu zaman Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əyməyə bilməzdi.

Bu gün işğaldan azad olunmuş torpaqlarda sürətlə abadlıq, quruculuq işləri aparılır. Düşmənin viran qoyub xarabazara çevirdiyi yurd yerlərimizdə həyat yenidən canlanır. Qarabağda və Şərqi Zəngəzurda görülən işlər hamımızı, daha çox isə ömrünü xalqa bağışlayıb onun tərəqqisi naminə daim çalışan Ulu Öndər Heydər Əliyevin ruhunu sevindirir.

 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video