15 May 2022 02:26
1186
SİYASƏT

Zəfər qardaşları

 

26 oktyabr 2021-ci il... 

Zəfərin Komandanı İlham Əliyev qardaşı Rəcəb Tayyib Ərdoğanla Qarabağın Hava Qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışını edirlər...

14 may 2022-ci il...

Türkiyənin qüdrətli lideri Rəcəb Tayyib Ərdoğan qardaşı İlham Əliyevlə dəniz üzərində tikilmiş dünyanın beşinci hava limanının- Rizə-Artvin Aeroportunu istifadəyə verirlər...

Onlar daim birlikdədirlər...

Onların rəhbərlik etdikləri xalqlar və dövlətlər də daim birlikdədirlər...

Zəfərdə də, quruculuqda da, dünyanı heyran edən layihələri gerçəkləşdirməkdə də...

 

Əbədi və əzəli birlik nümunəsi

Dünən dünya Azərbaycan və  Türkiyə qardaşlığının daha bir təntənəsinə şahidlik etdi. İki qardaş lider - İlham Əliyevlə  Rəcəb  Tayyib Ərdoğan Türkiyənin reallaşdırdığı möhtəşəm layihənin - dəniz üzərində inşa edilən nəhəng Rizə-Artvin Hava Limanının açılışını edərək növbəti tarixi missiyanı gerçəkliyə çevirdilər. Dünya bir daha iki ölkənin sarsılmaz, əbədi və əzəli birliyinə şahid oldu.

Ümumiyyətlə, dünyada bu iki dövlət qədər bir-birinə yaxın olan ölkə tapmaq mümkün deyil. Çünki tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq, qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz. Yalnız son 2 ildə baş verən bir neçə faktı göstərmək yetərlidir.

Vətən müharibəsi zamanı Türkiyənin tutduğu qətiyyətli mövqe, 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş ölkənin Azərbaycana siyasi-mənəvi dəstəyi gücümüzə güc qatdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bəyan etdi. Bu isə təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Şanlı Qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da iki qardaşın iştirakı ilə Bakının ən böyük meydanı olan "Azadlıq meydanı"nda möhtəşəm Zəfər Paradı keçirildi. Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə çiyin-çiyinə dayanması xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə daha bir tarixi hadisə yaşandı. İki qardaş ölkənin liderləri Şuşa Bəyannaməsini imzaladılar. Bu tarixi sənəd müstəsna tarixi, mənəvi, siyasi və hərbi-strateji əhəmiyyət daşımaqla iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik platforması, yeni milli və regional təhlükəsizlik mexanizmi oldu.

Böyük Zəfərdən sonra Müzəffər Komandan İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı ilk möhtəşəm layihə olan Füzuli Beynəlxalq Hava Limanının açılışını da iki qardaş Prezident reallaşdırdı. Ötən il oktyabr ayının 26-da Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfərində "Qarabağın Hava Qapısı" açıldı.  

Mayın 14-də iki qardaşın Rizə-Artvin Hava Limanının açılışını birlikdə etmələri də uğur və birliyin bariz təcəssümü oldu. Həyata keçirdiyi qətiyyətli siyasətlə, reallaşdırdığı dünyamiqyaslı qlobal layihələrlə Türkiyənin gücünə güc qatan, ölkəni qüdrətli dövlətə çevirən Rəcəb Tayyib Ərdoğanın bu möhtəşəm layihəsi əlbəttə ki, ilk növbədə qardaş ölkənin adına çox böyük tarixi uğurdur. Elə mərasimdə çıxış edən

İlham Əliyevin söylədiyi kimi, hava limanının açılışı Türkiyədə gedən uğurlu prosesin təzahürüdür. Gündən-günə sürətlə inkişaf edən qardaş ölkənin qazandığı uğurların, aparılan siyasətin təməlində Rəcəb Tayyib Ərdoğanın böyük əməyi var.

Hər zaman iki qardaşın birlikdə olduğunu söyləyən İlham Əliyev bəyan etdi ki, bu gün Azərbaycan və Türkiyə Qarabağın inşasında da bərabər, çiyin-çiyinə çalışır. Bu da dünyada tayı-bərabəri olmayan sarsılmaz dostluq və qardaşlığın real təzahürüdür.

 

"Armudu çay stəkanı", 3 milyon kvadratmetr ərazi, 3 milyon sərnişin...

Son illərdə Türkiyədə həyata keçirilən müxtəlif istiqamətli qlobal layihələr dünyanın diqqət mərkəzindədir. Böyük güc mərkəzinə çevrilən qardaş ölkə indiyədək diqqətləri cəlb edən çox mühüm layihələr reallaşdırıb.

İlham Əliyevin Rizə-Artvin Hava Limanının açılışında söylədiyi kimi, bütün bunlar təbii ki, Türkiyənin inkişafını, gücünü göstərən amillərdir.

Rizə-Artvin Hava Limanı Ordu-Giresun Aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanıdır. Dünyada isə onların sayı cəmi 5 ədəddir.

Təməli 2017-ci il aprelin 3-də qoyulan hava limanının tikintisi üçün dəniz sahəsinə ümumilikdə 100 milyon ton daş tökülməsi ilə suyun qurudulması və möhkəmləndirmə işləri aparılıb.

Bu hava limanının nə üçün dənizin üstündə tikilməsi maraq doğuran suallardandır. Məlum olduğu kimi, Rizə-Artvin bölgəsi Anadolu ərazisində ən mürəkkəb coğrafi relyefə malikdir. Türkiyədə həyata keçirilən regionların inkişafı və mövcud potensiallardan daha səmərəli istifadə edilməsi strategiyasına uyğun olaraq, yeni hava və dəniz limanlarının qurulması, eləcə də dəmir yolu və avtomagistralların tikintisi, körpülərin salınması, tunellərin çəkilişi mühüm istiqamətlərdəndir. Məhz bu strategiya sayəsində gerçəkləşən layihələr bütün növ daşımalarda əhəmiyyətli irəliləyişlər yaradıb.

Rizə mərkəzindən 34 və Artvindən 125 kilometr məsafədə yerləşən, müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara tam uyğundur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda uçuş-enmə zolağına malikdir.

Ümumi sahəsi 3 milyon kvadratmetr olan Rizə-Artvin Hava Limanı Türkiyənin iqtisadiyyatına, o cümlədən turizm sahəsindəki yeni layihələrin həyata keçirilməsinə böyük töhfələr verəcək. İlkin hesablamalara görə, bu hava limanı hər il ən azı 3 milyon sərnişin qəbul edəcək.

Bölgənin mədəni elementlərinin izlərini daşıyan hava limanında armudu çay stəkanı formasından ilhamlanaraq 36 metr hündürlüyündə qüllə, eləcə də yerli memarlığın əks olunduğu terminal binası tikilib. Ətrafı işıqlandırılan qüllə bölgənin siluetinə canlılıq qatacaq.

Hazırda Türkiyədə mövcud olan 58 hava limanından 37-də beynəlxalq uçuşlar həyata keçirilir. Rizə-Artvin Hava Limanının bu sıraya daxil olması Qara dəniz sahili ölkələri ilə hava nəqliyyatı və gəmi-bərələrlə turizm daşımaları üçün böyük imkanlar yaradır.

Dünyanın dəniz üzərində inşa olunan sayca 5-ci hava limanının inşası bir daha təsdiq edir ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə dünyanın iqtisadi güclərindən biri olduğunu da isbatlayır. Türkiyənn güclənməsi isə Azərbaycanın gücünün artması deməkdir. İnanırıq ki, iki qardaş lider hələ bundan sonra neçə-neçə möcüzəli, dünyamiqyaslı layihələr reallaşdırıb birlikdə açılışını edəcəklər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video