05 Noyabr 2022 02:03
1359
SİYASƏT
A- A+

Zəfər günündə Azərbaycan yenidən doğuldu

 

Zahid, demə dünya nə sənindir, nə mənim
Sən sevmədiyin cümlə bu yerlər vətənimdir,
Verməm vətənin bir qarışın yadlara əsla!
Şəfqətli anamdır bu mənim, can verənimdir!..

H.İ.Əlizadə 

Şuşalı şair və dramaturq Həsən İxfa Əlizadədən iqtibas etdiyimiz misralar  Zəfər gününə gedən yolda xalqımızın və onun liderinin qətiyyətinin, işğalla barışmazlığının və heç bir xarici təzyiqə baş əyməyəcək qədər qürurlu və güclü xarakterinin qısa və poetik ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin "Şuşa Azərbaycanın gözüdür" və "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur" sözləri həmin xarakterin siyasi baxımdan bəyan edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  44-günlük Vətən müharibəsinin ən qızğın çağında və xarici təzyiqlərin yüksəldiyi bir vaxtda "Şuşasız bizim işimiz yarımçıq qalar" bəyanatı bu milli xarakterin döyüş meydanından hayqırtısı idi. Məhz bu xarakter sayəsində Azərbaycan xalqı üzləşdiyi böyük çağırışlara ləyaqətlə cavab verə bilmişdir. 
Hər bir xalqın, millətin, dövlətin tarixində çağırışlar olur. Onların gələcək taleyi, uğuru və ya uğursuzluğu, inkişafı və ya geriliyi məhz çağırışlara verdiyi cavablardan asılı olur. Çağırış dedikdə, sadəcə olaraq, hansısa problem, çətinlik və ya təhdid nəzərdə tutulmur. Çağırışlar həm də millətin kimliyini və qürurunu sınağa çəkir. Çağırışlar qarşısında sınmaq, əzilmək və tənəzzülə də düçar olmaq olar, millət kimi yenidən daha qürurlu, daha güclü və daha sarsılmaz doğulmaq da. Azərbaycan xoşbəxtdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi çağırışdan qalib çıxdı, millət və dövlət kimi yenidən doğuldu, "dəmir yumruğ"a dönub daha qürurlu və güclü oldu.
 Azərbaycan keçmiş SSRİ-nin dağılmasından sonra yenidən əldə etdiyi müstəqilliyi dövründə öz tarixinin, demək olar ki, ən ciddi çağırışı ilə üz-üzə qalmışdı. Beynəlxalq hüquqla müəyyən edilmiş və BMT tərəfindən tanınmış ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, suverenliyimiz pozulmuşdu. Bizə qarşı hökm sürmüş 30 illik çağırışa Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ləyaqətli və qəhrəmancasına cavab verilmiş, torpaqlarımız düşmən tapdağından azad edilmiş, milli kimliyimizin və qürurumuzun əsas rəmzlərindən olan Şuşa azad edilmiş, ərazi bütövlüyümüz bərpa edilmiş, müstəqilliyimiz və suverenliyimiz tam bərqərar olmuşdur. 
Böyük Zəfərlə tariximizin ən böyük çağırışını həll etdik. Amma çağırışlar davam edir və edəcək, çünki tarix, əslində, çağırışlardan ibarətdir. Yeni  və təxirəsalınmaz çağırışlar qarşımızda durur: Zəfərimizin nəticələrini beynəlxalq səviyyədə tam surətdə tanıtmaq və təsbit etmək, işğaldan azad edilmiş torpaqlarımıza öz doğma sakinlərini qaytarıb məskunlaşdırmaq məqsədilə Böyük qayıdışı həyata keçirmək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan hər iki istiqamətdə fəal və yorulmadan çalışır, hətta bu fəaliyyət mücadilə səviyyəsində gedir. Vətən müharibəsində döyüşdə və səngərdə başladığımız Zəfər yürüşü indi beynəlxalq diplomatiya sahəsində, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulması işində əzmlə, qətiyyətlə davam edir. 
Prezident İlham Əliyevin sıx və gərgin xarici səfərlər qrafikinə və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərə baxmaqla bunu təsdiq etmək olar. Bu mənada son bir neçə həftə ərzində dövlət başçısının Bolqarıstan, Çexiya, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Əlcəzairə səfərləri, həmin ölkələrdə iştirak etdiyi görüşlər və çıxışları qeyd olunmalıdır. Prezident İlham Əliyevin 14 oktyabrda Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı, 31 oktyabrda Rusiyanın Soçi şəhərində Prezident Vladimir Putin ilə ikitərəfli görüşü, eləcə də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin nəticələrinin tam beynəlxalq tanınmasına və təsbitinə xidmət etmişdir. 
Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyi qeyd edilmişdir. Soçı Bəyanatı 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın ikinci ildönümü ərəfəsinə təsadüf edir. 10 noyabr  Bəyanatı Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənın nəticəsində imzalanmışdır. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Soçi Bəyanatında ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması bir daha əsas prinsip kimi vurğulanır. 
Ərəb Dövlətləri Liqasının zirvə toplantısında çıxışı zamanı da Prezident İlham Əliyev Ermənistanın 30 il davam edən işğalına Azərbaycanın öz gücü ilə son qoyduğunu və zəfər çaldığını xüsusi olaraq qeyd etdi. Dövlət başçısı Fransanın Əlcəzairə qarşı törətdiyi zorakılıq və kütləvi qəddarlığın ona Ermənistanın  Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətləri və vəhşilikləri xatırlatdığını vurğuladı. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması və doğma sakinlərinin qayıtması məqsədilə həyata keçirilən Böyük qayıdış proqramı barədə də məlumat verdi.
2016-ci ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya başlayan qayıdış Böyük qayıdışın qaranquşu idi, anonsu idi. Zəngilan rayonunda inşa edilmiş "ağıllı kəndə" Ağalı kəndinin doğma sakinləri artıq qayıdıblar. Yəni Böyük qayıdış artıq başlayıb. Füzuli və Zəngilanda yeni inşa edilmiş beynəlxalq hava limanları fəaliyyətə başlayıb. Horadiz-Ağbənd dəmir yolunun və Bərdə Ağdam dəmir yolunun inşası tam sürətlə davam edir. Zəfər yolu və digər yollar istifadəyə verilib, yeni-yeni yollar çəkilməkdədir. Bu o deməkdir ki, Böyük qayıdışın eyni zamanda avtomobil yolu, dəmir yolu və hava yolu ilə həyata keçirilməsi çox yaxındadır. Beləliklə, Azərbaycan Vətən müharibəsinin kulminasiya nöqtəsi olan Zəfər günündə yenidən doğuldu.

Adil ƏLİYEV,
Milli Məclis Sədrinin müavini,
Gənclər və idman komitəsinin sədri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video