26 Dekabr 2021 01:29
1948
SİYASƏT
A- A+

Yubileyin Şuşa zirvəsi

 

İlham Əliyev doğum gününü Cıdır düzündə, Hadrutda qeyd edərək düşmənə bir daha gözdağı verdi

 

Göründüyü kimi, o tarixdən düz 10 il keçir. Ötən müddətdə çox şey dəyişib. Azərbaycanın da, İlham Əliyevin də, hər zaman görüşdüyü məcburi köçkünlərin də statusu dəyişib. İndi İlham Əliyev ərazi bütövlüyünü bərpa etmiş qalib ölkənin Prezidentidir, onunla görüşən Laçın sakinləri isə məcburi köçkün deyillər.

 

Komando Briqadasından revanşistlərə sərt xəbərdarlıq

 

Dekabrın 24-də Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, orada yaradılan Komando Briqadasının açılışında iştirak ediblər.

Hərbçilər qarşısında çıxış edən İlham Əliyev yaratdığı qüdrətli, müzəffər ordunun gücündən və Vətən müharibəsində ortaya qoyulan qətiyyətdən söş açaraq bildirib ki, Azərbaycan get-gedə daha da güclənir və bu proses davam etdikcə silahlı qüvvələrimiz də modernləşir. Yeni açılan hərbi hissə isə torpaqlarımızın müdafiə və mühafizəsində çox mühüm tapşırıqları yerinə yetirəcək. 

Qalib komandan hər zamankı kimi bir daha işğalçı Ermənistana mesajlar ünvanlayıb və bu dəfə sərt xəbərdarlıq edib:

“44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, heç kim bizi dayandıra bilmədi.”

Qalib Komandan bir daha müharibənin gedişatını xatırladaraq bildirdi ki, 44 gün ərzində heç bir qüvvə Azərbaycana təsir edə bilmədi, qarşıya qoyulan məqsədlərə nail olundu. Amma bu gün Ermənistanda bəzi qüvvələr revanş haqqında düşünürlər. İlham Əliyev həmin qüvvələrə sözünü çatdırdı: “İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək və yenidən onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər, biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandıra bilməz, heç nəyə baxmadan lazımi addımları atacağıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdir”.

Prezident həmçinin yeni yaradılan Komando Briqadası haqqında da fikirlərini bölüşərək bildirdi ki, müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda yeni silahlı birləşmələr yaradılır. Hadrutda bu hərbi hissədə isə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşəcək: “Komando Briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq”.

 

Qarabağ və Zəngəzurun yüksəlişi

 

İşğaldan azad edildikdən sonra 7-ci dəfə Şuşaya səfər edən Prezident Cıdır düzündə ürək sözlərini söylədi və bir daha bəyan etdi ki, xalqın mütləq əksəriyyətindən aldığı etimad mandatı 2003-cü ildən bəri ona güc verir, iradəsini daha da möhkəmləndirir.

Məhz bu dəstək nəticəsində xalq Prezidentinin ətrafında “dəmir yumruq” kimi birləşərək böyük tarixi uğurlara imza atıb. İlham Əliyev bir daha həqiqətləri açıqladı: “Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu”.

Qalib Komandanın Şuşaya növbəti səfəri, həyata keçirilən tikinti-quruculuq işlıəri ilə tanışlıq, həqiqətən də, düşmənə bir daha gözdağı verdi. Hadrutda Komando Briqadasının açılması isə Ermənistana xəbərdarlıq olmaqla yanaşı, onun havadarlarına da subliminal mesaj idi ki, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxıb və bundan sonra Qarabağı cənnətməkana çevirib əsrlərboyu əbədi olaraq burada yaşayacaq.

İlham Əliyevin Qarabağa növbəti səfəri tarixə yazıldı. Baş Sərkərdə ənənəsinə və verdiyi sözə sadiqliyini bir daha göstərdi. Ailə üzvləri ilə birlikdə Şuşaya gələn Prezidentin səmimi fikirləri, səsləndirdiyi xoş sözlər Azərbaycanı dünyaya günəş kimi parlayan ölkə kimi görmək istəyən Ulu Öndər Heydər Əliyevin və Şuşanın alınmasında böyük şücaət, rəşadət göstərərək qəhrəmancasına şəhid olan hərbçilərimizin ruhlarını şad etdi.  Prezident çıxışında bu məqama da toxundu: “Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik”.

Sonda isə qətiyyətli, vədinə sadiq lider bir daha ona inanan, güvənən Azərbaycan xalqını əmin ertdi ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq və heç vaxt indiki qədər güclü olmayan qüdrətli Azərbaycan daha böyük uğurlara, zəfərlərə imza atacaq.

 

R.BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video