20 May 2022 17:52
691
SİYASƏT
A- A+

“YNET” nəşri: Bütövlükdə Azərbaycanda, o cümlədən Qarabağda kənd təsərrüfatının inkişafında İsrail Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq

Azərbaycanda rəsmi səfərdə olan İsrailin kənd təsərrüfatı naziri Oded Forer bir neçə gün bundan əvvəl Zəngilanda, erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində yaradılan unikal “ağıllı kənd” layihəsi və bu layihənin həyata keçirilməsində İsrail texnologiyalarının mənimsənilməsi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, İsrailin nüfuzlu “YNET” nəşrində bu haqda məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, İsrailin məqsədi Azərbaycanın taxıl idxalından asılılığını aradan qaldırmaq və onun taxıl ixrac etməsinə imkan yaratmaqdır. İsrail bu ölkəyə taxıl becərilməsi texnologiyalarını təqdim edəcək ki, iki-üç ildən sonra Azərbaycan yenidən İsrailə məhsul ixrac edə bilsin.

İsrail nümayəndə heyəti taxıl becərilməsi, suvarma və süd məhsulları istehsalı təcrübəsini bölüşəcək. İsrailin kənd təsərrüfatı naziri uzunmüddətli perspektivdə Azərbaycanla əməkdaşlığa ümid edir.

Nəşrdə beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun sözləri sitat gətirilir. Arye Qut vurğulayır ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ilyarım bundan əvvəl erməni işğalından azad edilmiş torpaqlarda bircə bina, bircə uşaq bağçası və ya məktəb, bircə kitabxana və muzey belə salamat qalmayıb. Arye Qut vurğulayır: “Erməni işğalçılar Azərbaycanın bu dilbər guşəsini yerlə-yeksan ediblər. İşğalçı erməni ordusu qarət və vandalizmlə məşğul olub, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yerlə-yeksan edib. Erməni işğalçılar otuz il ərzində Azərbaycanın bu gözəl bölgəsində kütləvi vandalizm, urbisid, ekoloji və mədəni soyqırımı törədiblər”.

Ekspert qeyd edir ki, İsrail dövləti 30 il ərzində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O deyib: “İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən olub. Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycandan daha sıx, daha səmimi dostluq əlaqələrinə malik deyil. İsrail-Azərbaycan tərəfdaşlığı kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və silahlı qüvvələr sahələrində iki ölkənin fəal əməkdaşlığını nəzərdə tutur. İsrail Dövləti Azərbaycanda neftin əsas alıcılarından biridir”.

“YNET” nəşri qeyd edir ki, bütövlükdə Azərbaycanda, o cümlədən Qarabağda kənd təsərrüfatının inkişafında İsrail Azərbaycanın əsas tərəfdaşlarından biri olacaq.

Bu baxımdan, “ağıllı kənd” layihəsi Azərbaycanın flaqman layihəsidir və gözlənildiyinə görə keçmiş məcburi köçkünlər olan Azərbaycan vətəndaşları yaxın həftələr ərzində oraya köçəcəklər. İsrail şirkətləri orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldurlar, o cümlədən İsrail texnologiyalarından istifadə edilməklə fermalar tikirlər.

Nazir Oded Forer müharibədən sonra Qarabağın erməni işğalından azad edilmiş ərazilərinə səfər etmiş ilk İsrail naziridir. İsrailin kənd təsərrüfatı naziri deyib: “Burada olmağıma və tikinti işləri aparılmasına, həyatın bərpasına kömək edəcək İsrail biliklərinin və texnologiyalarının miqdarını görməyə şadam”.

“YNET” nəşri Arye Qutun aşağıdakı sözlərini sitata gətirir: “Mən İsrail vətəndaşı kimi yalnız qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan rəhbərliyi yəhudi icmasına böyük hörmət və ehtiram nümayiş etdirir. Prezident İlham Əliyevin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Yaxın vaxtlarda Azərbaycanda Dağ Yəhudiləri Muzeyinin rəsmi açılışı nəzərdə tutulur. Bu, Cənubi Qafqazda ilk Yəhudi Muzeyi olacaq. İsrail dövləti də yəhudi icmasına münasibətdə Azərbaycan rəhbərliyinin rolunu yüksək qiymətləndirir. Beləliklə, ölkələrimiz arasında, habelə Azərbaycan ilə orada yaşayan yəhudilər arasında münasibətləri adi qarşılıqlı maraq kimi izah etmək olmaz. Bu iki dövlət arasında müasir münasibətlər ümumi dəyərlərə və ortaq tarixə əsaslanır. Hər iki ölkədə möhkəm insani əlaqələr, dini baxımdan bir-birinə dözümlü cəmiyyətlərdə yaşamaq qətiyyəti hökm sürür”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video