Lənkəran
Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) yerli fermerlərlə müşavirə keçirilib. Tədbir Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika müşavirəsində qaldırılan məsələlərdən irəli gələn vəzifələrin, qarşıya qoyulan strateji hədəflərin icrasına həsr olunmuşdur.
Müşavirədə çıxış edən ŞİH başçısı Taleh Qaraşov bildirib ki, dövlət başçısının çıxışı bütün dövlət qurumları, o cümlədən yerli icra hakimiyyətləri qarşısında aqrar sahənin inkişafı ilə bağlı mühüm vəzifələr qoyub. O, Azərbaycanda müxtəlif illəri əhatə edən çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafına dair dövlət proqramlarının icrasının təmin edilməsi, həmin sənədlərdə qarşıya qoyulan hədəflərə nail olunması üçün mütərəqqi texnologiyaların tətbiqinin, iri çəltik, çay və sitrus təsərrüfatlarının yaradılmasının, isifadəsiz qalan əkinəyararlı torpaq sahələrinin əkinə cəlb edilməsinin, habelə sudan səmərəli istifadə olunmasının, yeni suvarma mənbələrinin yaradılmasının vacibliyini qeyd edib.
ŞİH-in başçısı fermerlərin qaldırdığı məsələləri, irəli sürdüyü təklifləri dinləyib, aidiyyəti dövlət qurumları qaşısında irəli sürdükləri məsələrin həll ediləcəyini vurğulayıb.
Yerli fermerlər dövlət başçısının kənd təsərrüfatı ilə bağlı ölkə səviyyəsində qoyulan hədəflərə çatmaq üçün bütün potensial imkanlarını səfərbər edəcəklərini, Prezidentin çağırışına lənkəranlıların hər zaman olduğu kimi, səs verəcəklərini bildiriblər.
Salyan
Salyanda keçirilən iclasda çıxış edən RİH-in başçısı R.Xəlilov yeni qəbul olunmuş dövlət proqramının növbəti illərdə aqrar sektorun dayanıqlı inkişafının təmin edilməsində, regionların iqtisadi potensialının gücləndirilməsində və ərzaq təhlükəsizliyinin effektiv şəkildə formalaşdırılmasında, şəhərdən kəndə qayıdışın güclənməsində mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edilib ki, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı ölkəmizin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, gələcək nəsillərin ərzaq təminatının etibarlı şəkildə qorunmasına da xidmət edir.
Sonra fermer və sahibkarların dövlət proqramı ilə bağlı təklifləri dinlənilib, rayonun aqrar sektor üzrə inkişaf perspektivləri, mövcud potensialı və gələcək hədəflərin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin proqramın yerli səviyyədə səmərəli icrasının təmin edilməsi üçün görüləcək tədbirlər barədə müzakirələr keçirilib.
Sonda rayon rəhbərliyi Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatı ilə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrasının təmin edilməsi istiqamətində rayonda aqrar inkişafın sürətləndirilməsi, innovativ metodların yerli təsərrüfatlara inteqrasiyası və qarşıya qoyulmuş hədəflərə vaxtında nail olunması məqsədilə konkret tapşırıqlar verib.
Biləsuvar
Biləsuvarda keçirilən tədbirdə də rayon rəhbərliyi çıxış edib. RİH-in başçısı F.Qürbətov Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş son müşavirədən irəli gələn tapşırıqları diqqətə çatdıraraq, aqrar sahənin ərzaq təhlükəsizliyindəki strateji rolunu vurğulayıb.
Bildirilib ki, yeni dövlət proqramı çərçivəsində innovativ texnologiyaların tətbiqi, suvarma infrastrukturunun modernləşdirilməsi və fermerlərə dövlət dəstəyinin gücləndirilməsi əsas hədəflərdir. İclasda həmçinin məlumat verilib ki, son 5 il ərzində rayon iqtisadiyyatına 427,3 milyon manat investisiya yatırılıb. Bunun 179,2 milyon manatı dövlət, 248,1 milyon manatı özəl sektorun payına düşüb. Uğurlu islahatlar nəticəsində 2025-ci ildə rayon üzrə 516 milyon 887,1 min manatlıq ümumi məhsul istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4 faiz artım deməkdir. Bu istehsalın 45,8 faizinin məhz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşməsi aqrar sektorun rayondakı aparıcı mövqeyini bir daha təsdiqləyir.
İclasda yeni emal müəssisələrinin yaradılması, logistika imkanlarının genişləndirilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən tam istifadə və fermerlərin maarifləndirilməsi məsələləri müzakirə edilib. RİH başçısı tərəfindən pambıqçılıq, taxılçılıq və heyvandarlıq sahələrində səmərəliliyin artırılması, su ehtiyatlarından qənaətlə istifadə və növbəlilik prinsipinə əməl olunması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
Hacıqabul
Hacıqabulda keçirilən tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının nümayəndələri, aqrar sahədə fəaliyyət göstərən müəssisələrin rəhbərləri, fermerlər və digər şəxslər iştirak ediblər.
İclası giriş sözü ilə açan RİH başçısının birinci müavini Saleh Ələskərov Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafının ölkənin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində aqrar sahədə mühüm nailiyyətlər əldə olunub, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vurğulanıb ki, son illər ölkədə meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, su təminatının yaxşılaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və güzəştli kreditlərin verilməsi kənd təsərrüfatının inkişafına ciddi təkan verib, həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatında məhsuldarlıq yüksəlib, müasir texnologiyaların tətbiqi genişləndirilib və kənd əhalisinin məşğulluq imkanları artıb.
Çıxışda Hacıqabul rayonunda kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, son illər rayonda əkinçilik və heyvandarlıq sahələrinin inkişafına xüsusi diqqət yetirilib, fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsi təşviq edilib, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr uğurla icra olunub. Eyni zamanda vurğulanıb ki, yeni dövlət proqramının məqsədlərinə uyğun olaraq rayon ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, investisiyaların cəlb olunması və aqrar infrastrukturun daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bildirilib ki, dövlət proqramının uğurlu icrası aqrar sektorun davamlı inkişafına, regionların sosial-iqtisadi tərəqqisinə və ölkənin ərzaq təminatının daha da gücləndirilməsinə mühüm töhfə verəcək.
Müşavirədə Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Quliyev, "Agro Dairy" MMC-nin əməliyyatlar üzrə rəhbəri Nahiq Ağayev və "Kənd Kimya" ASC-nin direktoru Xəzri İsgəndərov çıxış edərək dövlət proqramının icrası, aqrar sahənin inkişaf perspektivləri, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Sonda qeyd olunub ki, dövlət proqramının uğurla icrası kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin davamlı inkişafına, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, kənd əhalisinin rifahının yüksəldilməsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.
Seyran CAVADOV,
"Azərbaycan"