20 Noyabr 2022 01:44
959
SİYASƏT
A- A+

Yeni Azərbaycanın şanlı partiyası

 

Yeni Azərbaycan Partiyasının yaradılmasından otuz il keçir. Bu partiyanın yaradılmasını şərtləndirən şəraitin öyrənilməsi müasir Azərbaycanın tarixinin ən vacib tərkib hissəsidir. Hadisələrin mərkəzində dünyaşöhrətli siyasətçi Heydər Əliyevin siyasi fəaliyyətdən süni şəkildə uzaqlaşdırılması və Azərbaycanda Milli Azadlıq hərəkatının başlanması fonunda dahi siyasətçinin xalqın tələbi ilə hakimiyyətə gəlməsi dayanırdı. Hadisələrin xronologiyasına diqqət edək. Mixail Qorbaçovun 1985-ci ilin mart ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi ilə Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevə qarşı qərəzli münasibət başladı. M.Qorbaçov özünə rəqib gördüyü üçün Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaq yolu tutdu. Nəticədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

 

Moskvadakı yeganə və ən böyük qalamız!

 

Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə bu xəbəri eşidəndə təəssüflənərək demişdi: "Moskvadakı yeganə və ən böyük qalamız yıxıldı". Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, hər şeydən öncə, ermənipərəst M.S.Qorbaçovun Azərbaycana qarşı mənfur siyasətini reallaşdırmaq üçün əvvəlcədən düşünülmüş planlarını həyata keçirmək kimi çirkin məqsədindən irəli gəlirdi. 
Heydər Əliyevin istefaya göndərilməsinin səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Təsadüfi deyildir ki, Heydər Əliyev şəxsiyyətini tanıyıb, onun gücünü bilənlər, daxili qruplaşmalar arasında, eyni zamanda xarici mətbuatda onu "Sovetlərin dəmir müsəlman rəhbəri", "Kremldəki türk" kimi dəyərləndirirdilər. Ona görə də yaramazların bu işdə məqsədləri və çoxdan hazırlanmış niyyətləri var idi. Təəssüf ki, bu işə bizim milli bədxahlarımız və manqurtlarımız da qoşulmuşdular. Moskvanın yanında özlərinə "hörmət" qazanmaq istəyən milli hisslərdən uzaq adamlar da bu işdə fəallıq göstərirdilər. Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasının əsl səbəbləri tezliklə aşkara çıxdı. Heydər Əliyev bu haqda bildirmişdir: "Siyasi bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadi məsələlər üzrə müşaviri, milliyyətcə erməni olan professor Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" - demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın "Qarabağ əməliyyatı" mənim Siyasi bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm".

 

Vətənə bağlılıq

 

Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunduğu, Moskvada yaşadığı vaxtlarda qəlbi həmişə vətən eşqi ilə döyünüb. 
Məlum olduğu kimi, sovet rəhbərliyi 20 yanvar 1990-cı il tarixində Bakıya qoşun yeridərək xalqın azadlıq hərəkatını boğmağa çalışdı. Heydər Əliyevin siyasi fəaliyyətdən faktiki təcrid edilmiş vəziyyətdə olmasına baxmayaraq, o, törədilmiş bu ağır faciəyə laqeyd qala bilməzdi. Belə də oldu, Heydər Əliyev 20 yanvar 1990-cı il tarixdə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün həyatını riskə ataraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. 
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyevin Bakıda qalmasına həmin dövrün siyasi hakimiyyəti bütün cidd-cəhdlə mane oldu. Hətta Heydər Əliyev Bakıda hava limanında düşərkən onun həyatına sui-qəsd cəhdi oldu. Heydər Əliyev Bakını tərk etmək məcburiyyətində qalaraq Naxçıvana getməli oldu. Bir müddətdən sonra yerli əhali Heydər Əliyevin Naxçıvan Ali Məclisinə alternativsiz olaraq namizədliyini irəli sürdü və o, deputat seçildi. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi. Hakimiyyət iddiasında olan bütün qüvvələr, o cümlədən Ayaz Mütəllibov, Yaqub Məmmədov, Əbülfəz Elçibəy Heydər Əliyevin böyük siyasətə qayıdışını istəmirdilər. Artıq Heydər Əliyev Naxçıvan Ali Məclisindəki fəaliyyəti ilə özünün müstəqillik ideyalarını gerçəkləşdirməyə başlamışdı. 
Müstəqil yaşaya bilməyəcəyimizlə bağlı fikirləri dəstəkləyən Ayaz Mütəllibov Azərbaycanın formal olaraq prezidenti seçilməklə ittifaqın bərpa olunmasına çalışırdı. AXC üzvləri isə cidd-cəhdlə hakimiyyətə gəlmək istəyirdilər. Yeni ittifaq müqaviləsinin Azərbaycanın Ali Sovetində müzakirəsi aparılırdı. Bu ərəfədə Ali Sovet o dövrdəki hakimiyyəti və Moskvanı müdafiə etmək məqsədilə bir çox qeyri-demokratik qərarlar qəbul etdi. Bunlardan biri də Heydər Əliyevin siyasi fəaliyyətinə imkan verməmək üçün Naxçıvan MR parlamenti sədrinin Azərbaycan parlamenti sədrinin müavini olması qaydasının ləğv edilməsi oldu. Sonrakı addım prezident seçkisi üçün yaş senzinin müəyyənləşdirilməsi oldu və s. Təəssüf ki, bu dövrdə "dembloku" təmsil edənlər sonradan hakimiyyətləri dövründə də öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilmədi və əvvəlki hakimiyyətin yolunu davam etdirdi. 

 

Müstəqillik akkordları

 

Bütün bu təzyiqlərə baxmayaraq, Heydər Əliyev 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış etməklə uzun illərdən sonra ilk dəfə bütövlükdə Azərbaycan auditoriyasına müraciət etdi. Heydər Əliyev dedi: "Yeni ittifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm.
1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz.
Biz hamımız bu ittifaqın mövcud olduğu dövrdə dünyaya gəlmişik, təhsil-tərbiyə almışıq, formalaşmışıq. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu ittifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım ittifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik.
Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların ittifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri ittifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır".
Heydər Əliyev bu tarixi çıxışında SSRİ rəhbərliyində olmuş bir şəxs kimi sovetlər birliyinin siyasi anatomiyasını açaraq onun imperialist bir dövlət olduğunu ifşa etdi. SSRİ-nin rəhbəri M.Qorbaçovun əsl niyyətini ifşa edən Heydər Əliyev dedi: "Ölkənin rəhbərliyi yetmiş il mövcud olan ittifaqın yarasız olduğunu bəyan edərək, respublikaları yeni ittifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi ittifaq olmayıb, respublikalar heç də ittifaqda yaşamayıb, əsl ittifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni ittifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır".
SSRİ dönəmini imtahan adlandıran Heydər Əliyev deyir: "İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirəm".
Heydər Əliyev ittifaq müqaviləsinin rədd edilməsini təkidlə tələb edərək Azərbaycanın yolunun yalnız müstəqillik olduğunu bildirir. 

 

Tarixi varislik və müstəqilliyə çağırış 

 

Heydər Əliyev sözügedən tarixi çıxışında Azərbaycanın gələcəyinin yalnız müstəqillikdən keçdiyini bildirir. Lakin sessiyada bu fikrin əleyhdarları ciddi şəkildə Azərbaycanın müstəqil ola bilməyəcəyini, buna iqtisadi və siyasi potensialının olmadığını çatdırmağa çalışırdılar. Heydər Əliyev isə əks qütbdə dayanır və cəsarətlə öz mövqeyini müdafiə edirdi. 
Heydər Əliyev: "Bəziləri respublikamızın müstəqil, ittifaqdan ayrı yaşamağa imkanı olmadığını sübut etməyə çalışır. İttifaqda olan respublikalar bir-biri ilə sıx iqtisadi, texniki əlaqələrlə bağlı olduğuna görə, onların ittifaqdan ayrı yaşamasının mümkün olmadığı fikri də ölkədə geniş yayılmışdır.
Bu təbliğatlar əsassızdır. Əvvəla, Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdir. Bu barədə deputat Səmədzadənin çıxışındakı bir çox müddəalarla mən razı deyiləm. Əgər reqlamentdən əlavə vaxt verilsə, onların əsassız olduğunu sübut edərəm.
İkincisi, dünyanın hər bir dövləti digər başqa dövlətlərlə istədikləri sahələrdə qarşılıqlı iqtisadi, ticarət, texniki əlaqələr yaradır, ümumdünya inteqrasiya prosesində iştirak edir və bunların heç biri bu dövlətləri müstəqillikdən məhrum etmir. Ona görə də ittifaqda olan respublikaların iqtisadi əlaqələri onların müstəqilliyə nail olmasına mane ola bilməz. Fikrimcə, əgər Azərbaycan tam müstəqil dövlət olarsa (o, indi ittifaqda olan respublikaların hər biri ilə, hətta ittifaq qalarsa, onunla da qarşılıqlı, bərabərhüquqlu, iki tərəfə də faydalı iqtisadi əlaqələr yarada bilər), bu, müstəqil Azərbaycanın gələcək inkişafı üçün daha səmərəli olar. Azərbaycan xalqının başqa xalqlarla dostluq əlaqələri müstəqil xarakter daşıyar, daha səmimi, daha möhkəm olar.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının başqa xalqlara nisbətən yeni ittifaq müqaviləsindən imtina etməsinə daha çox əsası var. Üç ildir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulub. Lakin ittifaq dövləti bu vəziyyətin aradan qaldırılması üçün səmərəli tədbirlər görməyib".
Heydər Əliyev yüz illərlə aktual olan və tarixi şüura söykənən bir məsələyə birmənalı qiymət verirdi. Azərbaycan müstəqil olmağa qadir bir xalqdır. Müqayisəli tarixi metodla yanaşsaq, əsrin əvvəllərində qul təfəkkürlü insanlarda mövcud olmuş Azərbaycan müstəqil ola bilməz fikri Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilirdi. 
Heydər Əliyev: "Azərbaycan xalqı birləşməli, öz müqəddəs doğma torpağını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır".
Biz gəncləri Heydər Əliyevin ətrafında birləşdirən, ona inanmağa sövq edən məhz dahi siyasətçinin yüksək tribunalardan müstəqilliklə bağlı apardığı dönməz mübarizəsi idi. 
Hələ 1989-cu ildə BDU-nun həyətində təşkil olunmuş mitinqdə bizi yalnız Heydər Əliyev müstəqilliyə qovuşdura bilər söylədiyimə görə odövrkü universitet rəhbərliyi məni təhsil müəssisəsindən qovmağı qarşılarına məqsəd qoymuşdu. Qiymətlərimin əla və yaxşı olması Heydər Əliyev əleyhdarları bu arzusunu reallaşdıra bilmədiyini görüb BDU-nun hansısa otağının yandırılmasını mənim üstümə atmaqla, bu aktı gerçəkləşdirmək istəmələri həmin şəxslərin nə qədər cılız olduqlarını düşünməyə imkan verir. 

 

Yaş senzi 

 

Yeni Azərbaycan Partiyasının yaradılması zərurətindən danışarkən Heydər Əliyevin yaş senzinə qarşı mübarizədə fəallıq edən azsaylı vətənsevər, cəsarət sahibi olan şəxslərin fəaliyyətindən danışmamaq mümkün deyil. Konstitusiyada 121-ci maddə ilə "yaş senzi" maneəsi yaradan bəzi qüvvələr xalqın Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbinin gerçəkləşməsinin qarşısını almağa cəhd edirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Yaddaqalan əsas məqamlardan biri də bu oldu ki, mübariz insanlar etiraz aksiyaları təşkil etməklə heç kimdən qorxmadan, hətta repressiya təhlükəsinin olmasına baxmayaraq, öz mübarizələrini sona qədər davam etdirdilər. Mən o vaxtlar BDU-nun Mexanika-riyaziyyat fakültəsində oxuyurdum. Bir yerə topladığımız Azərbaycanın vətənpərvər gəncliyi Heydər Əliyev dühasının xalqımızı bu fəlakətli vəziyyətdən qurtara biləcəyini düşünürdü. Yaxşı xatırlayıram, müxtəlif ali məktəblərdə təhsil alan gənclərimiz var idi ki, onların siyasi fəaliyyət göstərmək üçün yaşları çatmasa belə, bizim ətrafımızda birləşərək yaş senzinə qarşı mitinqlərdə iştirak edirdilər. Mən başda olmaqla, o dövrün gənclərini ali məktəb rəhbərlikləri təhdid edərək Heydər Əliyev siyasi dühasının işığına yığışdıqları təqdirdə ali məktəblərdən qovulacaqlarını bildirirdilər. Azərbaycanın yetkin düşüncəli gəncliyi isə bu təhdidlərə sinə gərərək öz işıqlı gələcəyinin dalınca gedirdilər. Lakin bir tərəfdən Moskvaya müti qul kimi xidmət edən Ayaz Mütəllibov, digər tərəfdən hakimiyyətə can atan AXC-Müsavat cütlüyü Heydər Əliyev fenomenini görməzdən gəlməyə çalışır, onun heç cür siyasət səhnəsinə qayıtmasını istəmirdilər. Lakin hadisələrin gedişi xalqın həqiqi liderinin gəlişinə zəmin yaradırdı. 
16 oktyabr 1992-ci il tarixdə Azərbaycanın 91 nəfər ziyalısı Heydər Əliyevə mətbuatda müraciət etdi. Sözügedən müraciətdə deyilirdi: "Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Təbii ki, Ulu Öndər Heydər Əliyevin xalq tərəfindən sevilərək təkidlə hakimiyyətə dəvət edilməsinin  çox səbəbləri var idi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri, ən ağır məqamlarda daim xalqla birlikdə olması, cəsarət göstərərək 20 Yanvar hadisələrinə qiymət verməsi, Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə bu bölgəmizin düşməndən qorunması, 3 sentyabr 1991-ci il sessiyasında Naxçıvan Ali Sovetində "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək, Kommunist Partiyasının fəaliyyətinin dayandırılması haqqındakı qərar, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi və "Sovet Sosialist" sözlərinin adından çıxarılması və sair kimi bir-birindən mühüm addımlarla onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirməsi xalqın inamını daha artırırdı. Vəziyyət o qədər gərgin və idarəolunmaz idi ki, hətta o zaman ölkəyə "rəhbərlik" edən "kor" qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Heydər Əliyev o illərdə siyasətə qayıtmaq istəyində olmasa da, respublikanın ictimai həyatında ağlasığmaz ədalətsizliklər onun vicdanını həddindən artıq narahat edirdi. Odur ki, real vəziyyəti bir daha dərindən və hərtərəfli təhlil edən Naxçıvan Ali Məclisinin sədrinin qəlbi xalqın taleyi üçün narahat olan ziyalıların bir qrupunun - müstəqillik tarixinə "91"-lər kimi daxil olmuş ziyalıların müraciətini cavabsız qoymadı. Beləliklə, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və sədrlik etməsinə müsbət cavab verdi. Onun respublika ziyalılarının müraciətinə cavabı Heydər Əliyev şəxsiyyətinin əqidə manifestidir.
Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılığını belə ifadə etdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər".
Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya sədr seçilməsi respublikanın siyasi həyatında canlanma yaratdı. Lakin yenə də maneələr davam edirdi. Amma YAP-ı siyasi sferada məhdudlaşdırmaq cəhdləri uğursuzluğa düçar oldu. Artıq geniş xalq kütlələri böyük siyasət adamının meydanda olmasını sevinclə qarşılayır və ümidləri artırdı. Xalq Yeni Azərbaycan Partiyasını geniş şəkildə dəstəkləməyə başladı. Həmin tarixi hadisələri dəyərləndirən Ulu Öndər Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır".
Xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası yarandığı müddətdən xalqın Heydər Əliyev fenomeninə olan sevgisi nəticəsində o, 7 ay sonra siyasi hakimiyyətə gəldi. Belə bir tarixi gerçəklik şəraitində YAP özünü xalqa identifikasiya etməyi bacardı. Xalqını və dövlətini hər şeydən üstün tutan dahi liderin iyunun 9-da Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Onun bu seçimi çox siyasətçilərə müyəssər olmayan mənəviyyat seçimi idi, milli reallıqları fəlsəfi idrak səviyyəsində düzgün və analitik qiymətləndirməyin bariz nümunəsi idi.
Bununla da YAP-ın sədri, Ümummilli Lider Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu.
Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra cəmiyyətimizin bütün sahələrində - siyasi, iqtisadi və mədəni sferalarda baş verən cahanşümul transformasiya prosesləri Azərbaycan Respublikasının dünya birliyində tanınmasına və özünə layiq yer tutmasına güclü impuls verdi. 
Şübhəsiz ki, YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi prioritetləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəyliyi, sosialyönümlü iqtisadiyyatı partiyamız üçün əsas fəaliyyət istiqaməti olmuşdur. 
Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev partiyanın VII Qurultayında çıxış edərək bildirmişdir: "Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi".
Səkkiz yüz minə yaxın üzvü olan YAP bu dövrlərdə ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanaraq ölkənin siyasi həyatında çox mühüm rol oynamışdır. 
2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın sədri seçilməsi partiyanın həyatında çox mühüm rol oynadı. Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsindən sonra gənclər daha çox partiyaya maraq göstərməyə başladılar. Bundan sonra partiyada gənclərin çəkisi xüsusi olaraq artmağa başladı. Təsadüfi deyil ki, partiya üzvlərinin üç yüz minə yaxın hissəsini gənclər təşkil edir. Hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşdə Ulu Öndər bildirirdi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".
YAP-ın siyasi həyatında Birinci vitse-prezident Mehriban Əliyevanın rolu da danılmazdır. Mehriban Əliyevanın partiya sıralarında yüksək səviyyədə təmsil olunması Azərbaycanda humanizm prinsiplərinin daha da genişlənməsinə böyük bir töhfədir. 
Fikirlərimi Prezident İlham Əliyevin 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda müstəqillik haqqındakı sözləri ilə bitirmək istəyirəm: "Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir".

Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video